Dəmir yumruq » Manşet » Kəlbəcər şəhəri Günü tarixi zəfərimizin şanlı günüdür
Manşet / Siyasət / Bugün, 09:17

Kəlbəcər şəhəri Günü tarixi zəfərimizin şanlı günüdür

 

 

2020-ci il noyabrın 25-i Azərbaycan tarixinə Kəlbəcərin erməni işğalından azad edildiyi gün kimi yazılıb. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, bu şanlı tarix Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.


Uca dağları, zəngin təbiəti, qədim yaşayış izləri, mineral bulaqları və misilsiz mədəni irsi ilə seçilən bu diyar Azərbaycanın tarixi coğrafi məkanında xüsusi yer tutur. Kəlbəcər həm də xalqımızın məcburi köçkünlük ağrısının, doğma yurda qayıtmaq əzminin və nəhayət tarixi Zəfərimizin rəmzlərindən biridir. 25 noyabr Kəlbəcər şəhəri günü bu baxımdan yalnız təqvimdə qeyd olunan əlamətdar tarix deyil. Bu gün milli yaddaşımızın təzələndiyi, şəhidlərimizin müqəddəs xatirəsinin ehtiramla anıldığı, Azərbaycan dövlətinin qüdrətinin və xalqımızın sarsılmaz iradəsinin təntənəsinin yaşandığı gündür.


Kəlbəcərin tarixi minillərin dərinliklərinə gedib çıxır. Tərtər çayının sahilində sıralanmış qədim mağaralar, minillərin səsini daşıyan qayaüstü təsvirlər, 30 minillik yaşayış izləri bu torpağın bəşər sivilizasiyasına bəxş etdiyi mirasın canlı şahidləridir. Burada tapılan qədim türk əlifbası nümunələri, atəşpərəstliyin, xristiyanlığın, islamın izlərini daşıyan abidələr Kəlbəcərin sanki minillər boyu Azərbaycan tarixinin ensklopediyasına çevrildiyini göstərir. Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur – 3724 metr hündürlüyündəki Camışdağ və 3616 metrlik Dəlidağ onun təbiətinin əzəmətini göstərir. Meşələr, bulaqlar, çaylar, isti sular – bunlar Kəlbəcərin ruhudur. 1930-cu ildə inzibati rayon statusunu alan Kəlbəcər XX əsrin sonuna qədər Azərbaycanın ən abad dağ bölgələrindən biri idi. 53 mindən çox əhalisi ilə kəndlərində həyat qaynayırdı. Lakin 1993-cü il 2 aprel bu tarixi torpağın taleyində faciəvi dönüş nöqtəsi oldu – Ermənistan silahlı qüvvələri Kəlbəcəri işğal etdi. İşğal zamanı 511 dinc sakin qətlə yetirildi, yüzlərlə insan əsr  və itkin düşdü, 145 kənd, 97 məktəb, onlarla mədəniyyət evi, yüzlərlə yaşayış evi, abidələr, muzeylər – hər biri viran qoyuldu. Ən ağır zərbə isə insanların yaddaşına, kökə vuruldu. İşğal eyni zamanda beynəlxalq hüququn da kobud şəkildə pozulması ilə müşahidə olundu. BMT Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixli 822 saylı qətnaməsi işğalçı qüvvələrin Kəlbəcərdən və Azərbaycanın digər işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edirdi. Lakin qətnamənin icrası təmin edilmədi. Sonrakı illərdə 1999-cu ildən etibarən Kəlbəcərin ərazisində qeyri-qanuni məskunlaşdırma siyasətinin həyata keçirilməsi də beynəlxalq hüququn prinsiplərinə zidd idi. Azərbaycan uzun illər diplomatik müstəvidə mübarizə aparsa da, ərazi bütövlüyünün bərpası üçün öz siyasi, iqtisadi və hərbi potensialını gücləndirmək yolunu seçdi. 2020-ci ilin Vətən müharibəsində əldə edilən tarixi Zəfər bu siyasətin nəticəsi oldu. İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edildi. Ordumuz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə məhdudlaşdırdı və onlar faktiki olaraq Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədikləri üçün bu istiqamətdə hərəkətləri iflic vəziyyətə düşdü. Bu strateji üstünlük qəlbəyə aparan yolun əsas mərhələlərindən biri oldu. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatla Kəlbəcər döyüşsüz, lakin böyük siyasi hərbi təzyiq nəticəsində azad olundu.


Döyüşlərdə iştirak edən hərbçilərimizin təltif olunması üçün 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə medalı” təsis edildi. Dövlət başçısının sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş Azərbaycan Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə medalı” ilə təltif edildi.


İşğaldan azad edilmiş bütün bölgələrimiz artıq yeni inkişaf dövrünü yaşayır. Bu torpaqlarda həyata keçirilən layihələr həmin ərazilərdə həyatı yenidən canlandırmaq və dayanıqlı inkişafı təmin etmək məqsədini daşıyır. Kəlbəcərdə həyata keçirilən layihələr də məhz həmin strateji yanaşmanın nəticəsidir. Prezident İlham Əliyevin azad edilmiş Kəlbəcərə mütəmadı səfərləri, infrastruktur layihələrin gedişinə nəzarəti və yeni obyektlərin açılışında iştirakı dövlətin bölgənin inkişafına verdiyi əhəmiyyəti göstərir. Kəlbəcərin gələcək inkişafının əsas istiqamətlərindən biri müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulmasıdır. 2024-cü il mayın 1-də təsdiqlənmiş “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Plan”a əsasən şəhərin ərazisinin təxminən 130 hektardan 200 hektara, əhalisinin isə 17 min nəfərə çatdırılması nəzərdə tutulur. Plana uyğun olaraq 4250 mənzil, 4 məktəb, 4 uşaq bağçası, 2 xəstəxana, reablitasiya mərkəzi, mehmanxanalar, idman və ictimai-iaşə obyektləri inşa ediləcək. Böyük Qayıdışın mühüm istiqaməti isə insanların mərhələli şəkildə doğma yurdlarına köçürülməsidir. Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin inşası bu baxımdan əhəmiyyətli layihələrdəndir. Bu layihələrin arxasında daha böyük məqsəd dayanır: doğma yurdlarından didərgin düşmüş insanların öz torpaqlarında təhlükəsiz və layiqli həyatını təmin etmək, bölgənin iqtisadi potensialını reallaşdırmaq və gələcək nəsillər üçün müasir yaşayış mühiti yaratmaqdır.


25 noyabr - Kəlbəcər Şəhəri Günü yalnız tarixi təqvimdə qeyd olunan əlamətdar tarix deyil. Bu gün Azərbaycanın ərazi bütövlüyünün bərpasının, dövlətimizin siyasi iradəsinin, Ordumuzun qəhrəmanlığının və xalqımızın sarsılmaz birliyinin təcəssümüdür. Kəlbəcərin azadlığı ilə başlanan tarixi proses bu gün onun iqtisadi və sosial baxımdan qurulması ilə davam edir. Ən əsası isə bu torpaqlarda həyatın bərpası Azərbaycanın Zəfərdən sonra qarşısına qoyduğu strateji hədəflərə doğru inamla irəlilədiyini təsdiqləyir. Kəlbəcər artıq yalnız keçmişin ağrılarını xatırladan bir məkan deyil. O müasir Azərbaycanın gücünü, quruculuq potensialını, milli iradəsini və gələcəyə baxışını nümayiş etdirən yeni inkişaf modelinin ünvanlarından birinə çevrilir.



DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.