Xəbər lenti
Dəmir yumruq » Manşet » Ehtiramla xatırlanmaq - Bayram Məmmədov yazır
Manşet / Köşə / 2-05-2024, 21:05

Ehtiramla xatırlanmaq - Bayram Məmmədov yazır

 

Müəllim ömrü zərrə-zərrə ömürlərə paylanır. Hamımızın ömründə müəllim ömrünün işığı var. Bu işıq yolumuzu nurlandırıb, düşüncələrimizi durulaşdırıb, mətləbimizin aydınlığının cəfakeşi olub. Ötənlərdə qalan xatirələrin ən kövrəyini də müəllim adına yaşayırıq. Hansı yaşda olsaq da, müəllimimizi görəndə özümüzü bir qədər "yığışdırardıq", ehtiram kimi, sevgi kimi...

Müəllim ustaddı, öyrədir. Öyrətdiklərinin uğurlarına şükranlıq deyir, öz taleyinə dediyi kimi...

Yaxşı tanıdığım, sevdiyim, ehtiram bəslədiyim müəllimlərim kimi Həsən müəllimi də unutmamışam, unutmaram. Uşaqlığımda onun da söhbətlərini eşidə-eşidə yeniyetmələşmişdim. Cavanlığımda hərdən görüşürdük, onda da məndən öyüdlərini əsirgəmirdi... 

Həsən Əsəd oğlu Məmmədov 1922-ci il iyunun 15-də Zəngəzur qəzasının Şərikan kəndində anadan olub. Bu kəndin havası, suyu, gözəlliyi onun da günlərinin, aylarının, illərinin cəfakeşi olmuşdu. Oxuyub, təhsil alıb. 1934-cü ildə Bürünlü ibtidai məktəbini, 1937-ci ildə Şayıflı kənd 7 illik  məktəbini, sonra Pirçıvan kənd (indiki Zəngilan şəhər 1 saylı) orta məktəbini bitirib. Onun da arzuları vardı, həkim olmaq istəyirdi, tay-tuşlarına "İnsanlara xidmət etmək ruhu rəvanlıqdı, mən ruhu rəvan yaşayacam..." deyirdi. Sonra hansı duyumun təsiriyləsə fikrindən daşındı; o illərdə məktəblərdə müəllim kadrlarına böyük ehtiyac vardı. Müəllimləri ona müəllimliyi də sevdirə bilibmiş. Bu sevgi onun ömür yolunu müəyyənləşdiribmiş; sənədlərini Qaryagin (indiki Füzuli rayonu) Pedaqoji Texnikumunda müəllim hazırlayan qısamüddətli (ikiaylıq) kursa təqdim edib. Oxuyub, oxuduqca niyyətinə yaxınlaşıb. Ona elə gəlirdi ki, bu yol niyyətlərə aparan yoldu və o da bu yolun dönməz yolçularından biridir.

Kursu bitirdikdən sonra onu 1940-cı il noyabrın 23-də Canbar natamam orta məktəbinə sinif müəllimi təyin etdilər. Canbar qonşu kənd idi və bu kənddə işləməkdən də qürurlanırdı. Sinif otaqlarına sevgilərlə gedirdi, şagirdlərini həvəslə öyrədirdi. Ona elə gəlirdi ki, illər sonra bu uşaqlar həkim olacaq, mühəndis olacaq, müəllim olacaq. Onda özü də qürurla deyəcək: Bu ziyalıların müəllimi mən olmuşam!..

Bir il tam olmamış İkinci Dünya müharibəsi başladı. Tənəffüslərdə şagirdlərinə öyüd-nəsihət verirdi, mü-haribə şəraitinə uyğun təhsil almağın, ailəyə gücü çatan qədər kömək etməyin zərurətindən də danışırdı. 1942-ci il yanvarın 9-da Həsən müəllim səfərbərliyə alınaraq Bakı Piyada Qoşunları məktəbinə göndərildi. Müəllim idi, hərbçi olmuşdu. Bundan sonra sinif otaqları döyüşlərdə səngərlər olacaqdı. Bir neçə ay təhsil aldıqdan sonra 20 yaşlı Həsən Məmmədov Krım cəbhəsinə göndərildi. Döyüşlərə, döyüşlərdən çıxıb qələbə qazanacaq döyüşçülərin sırasına. Müharibənin nə olduğunu burda gördü, döyüşlərin nə olduğunu burda yaşadı. Müdafiə də olunurdular, hücuma da keçirdilər. Bir vaxtlar müəllimlərindən eşitdiklərinin özünü görürdü, qəhrəmanlığın nə olduğunu döyüşlərdə dərk edirdi, döyüşlərdə görürdü. Onu da bilirdi ki, döyüşdə qorxaqlıq diriykən ölüm deməkdi...

Həsən Məmmədov Şimali Qafqazdan Berlinədək döyüş yolu keçdi...

İlk döyüşü Taman yarımadasında oldu. Şimali Qafqazda gedən döyüşlərdə iki dəfə yaralandı. Müalicədən sonra yenidən döyüşlərə qayıtdı. Partiya sıralarına qəbul edildi. İlk təltifi olan "İgidliyə görə" medalı da elə o vaxt verildi.

Döyüş-döyüş Qələbəyə gedənlərin sırasında Həsən Məmmədov da olub. O da hər döyüşü müharibənin son döyüşü bilib döyüşüb. Qəhrəman olmaq üçün döyüşməyib, qəhrəmanlıqla döyüşüb. Sonra minamyot batareyasında birinci bölüyün komandiri təyin edilib. Düşmənin daldalandığı, bir qədər arxaya çəkdiyi komanda məntəqələrini, mövqelərini bu batareyanın şəxsi heyəti də dağıdırdı, məhv edirdi. Batareya Kerçin, Sevastopolun, Feodesiyanın azad edilməsində fəal iştirak etdi. Batareya 383-cü diviziyanın tərkibindəydi, diviziyanın 24 min alman əsgərini əsir almasında bu batareyanın da böyük xidmətləri olmuşdu. Onda fərqlənən hərbi qulluqçular sırasında Həsən Məmmədova da təşəkkür elan edilmişdi. Az sonra komandanlığın təqdimatı ilə Krım uğrunda gedən döyüşlərdə fərqlənən bir çox əsgərlər kimi, Həsən Məmmədov da 3-cü dərəcəli "Şöhrət" ordeni ilə təltif edildi. Bu təltiflər azərbaycanlı döyüşçünün döyüş əzminə, qələbə ruhuna, şücaətinə, qətiyyətinə, döyüşlərinə verilən təltif idi...

Qazanılan qələbələr ordunun şəxsi heyətinin döyüş ruhunu daha da yüksəldirdi. Döyüşlərarası fasilədə, "nəfəsdərmələrdə" söhbətləşirdilər. Onda Həsən döyüşçü yoldaşlarına Azərbaycandan danışırdı, Azərbaycan xalqının qəhrəmanlarından danışırdı, azərbaycanlıların qəhrəmanlıqlarından danışırdı. Əslən Bakıdan olan gürcü əsilli komissar Həsən Məmmədovun söhbət-lərini döyüşçülərin hamısına nümunə göstərirdi: Öz el-obasını sevməyən ümumi Vətəni sevə bilməz. Kəndinizi Məmmədov kimi sevin...

Həsən Məmmədovun xidmət etdiyi hərbi hissəni marşal Georgi  Jukovun komandanlıq etdiyi Birinci Belorus cəbhəsinin tərkibinə keçirdilər. Hərbi hissə də, Həsən Məmmədovun daxil olduğu batareya da qətiyyətlə döyüşürdü. Belorusiyanın, Polşanın azad edilməsi uğrunda gedən döyüşlərdə də rəşadətlə döyüşdülər. Komandirləri batareyanın fəaliyyətini bəyəndiyini, düşmənə xeyli tələfat vediyini deyəndə Həsən Məmmədovun da adını çəkmişdi.

Müharibənin son döyüşləri Berlin ətrafında gedəcəkdi. Bu döyüşlərə onların hərbi hissəsi də cəlb olunmuşdu. Əvvəlki döyüşlərdə də qətiyyətlə döyüşmüşdülər, Berlin uğrunda gedən dö-yüşlərdə müharibədə qazanılacaq qələbəni tezləşdirmək üçün daha qətiyyətlə döyüşürdülər. O da Reyxstaqın divarlarına imza atanlardan biri olub. "Qafqazın müdafiəsinə görə", "Varşavanın azad edilməsinə görə", "Almaniya üzərində qələbəyə görə" medalları ilə təltif edilib. Komandanlıqdan neçə dəfə təşəkkür məktubları alıb. Böyük Qələbədən sonra göstərdiyi igidlik və qəhrəmanlığa görə "Vətən müharibəsi" ordeni ilə təltif edilib...

Faşizm üzərində qələbədən sonra o da döyüşən ordu sıralarından tərxis edildi. Azərbaycana, Zəngilana qayıtdı. Dörd il ayrı düşdüyü sinif otaqlarına qayıtdı, şagirdlərinin baxışlarını aldığı mükafatların sırasında bildi.

Müharibə səbəbindən təhsil almaq ona nəsib olmamışdı. Hələ ali təhsil almasa da, mükəmməl həyat dərsi almışdı, hər adama nəsib olmayan sınaqlarda bərkə-boşa düşmüşdü. Dünyagörüşü, mətinliyi, insana, insanlığa sevgisi dönməzləşmişdi. 19 yaşlı Həsən 23 yaşlı veteran kimi qayıtmışdı Zəngilana. 1946-cı ildən 1967-ci ilə kimi Canbar kənd 8 illik məktəbində direktor işləyən Həsən müəllim 1954-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) coğrafiya fakültəsinin qiyabi şöbəsini bitirdi. 

Müəllimlik peşəsini seçmişdi, sevmişdi, Şimali Qafqazdan Berlinəcən döyüşlər, döyüşlərin sərtliyi, yaralanması, yenidən döyüşlərə qayıdıb döyüşməsi onun seçiminin, sevgisinin üstündə yel əsdirə bilməmişdi. 1967-ci il iyulun 1-dən 1974-cü il aprelin 8-dək Bürünlü kənd 8 illik məktəbində  direktor işlədi. Müəllimlər də sevdi Həsən müəllimi, şagirdlər də. Bu sevgi ötəri sevgi deyildi, bu sevgi könül sevgisi idi. Bu sevginin zəmanəti ilə 1979-cu il oktyabrın 18-dək Şayıflı kənd orta məktəbinin direktoru oldu. Ömür-gün yoldaşı Mirvari xanımın vəfatından sonra ərizəsinə əsasən Şayıflı məktəbinin direktoru vəzifəsindən azad edildi, pedaqoji fəaliyyətini Bürünlü kənd 8 illik məktəbində davam etdirdi. 1992-ci il sentyabrın 2-də Şərikan orta məktəbinə müəllim təyin edildi.

Zəngilanın işğalı onun da ruhunu titrədib. O da Zəngilansızlıq ağrıları yaşayıb. O da məcburi qaçqın, köçkün olub. Pedaqoji fəaliyyətini Xətai rayonunda məskunlaşan Zəngilan 13 saylı qaçqın məktəbində direktor müavini və müəllim kimi davam etdirib. Könül sıxıntısı çəkə-çəkə, həsrətin soyuqluğunu şagirdlərinə sevgisi ilə sozalda-sozalda...

Həsən Məmmədov hansı məktəbdə işləyibsə, xətri əziz tutulub, xətirləri əziz tutub. "Müəllimləri də, şagirdləri də sevməyən adam məktəbdə rəhbər ola bilməz, buna haqqı çatmır. Sevgi və tələbkarlıq qoşa yaranıb. Onları qoşa yaşatmayan direktor ilk olaraq özünə yadlaşır, sonra digərlərinə..." - Həsən müəllim könüldaşlarına belə deyərdi.

Direktoru olduğu məktəblər həmişə qabaqcıl pedaqoji kollektiv kimi fərqlənib. Həmkarları həmişə Həsən müəllimi ustad pedaqoq kimi ehtiramla əhatələyiblər, bu ehtiram ötəri ehtiram olmayıb. Ondan öyrəniblər, onun təcrübəsini ümumiləşdiriblər, iş prosesində bundan istifadə ediblər.

Həsən müəllim zaman-zaman gənc müəllimlərin, direktorların məsləhət yeri olub. Onun yetirmələri arasında yüzlərcə müəllim, həkim, mühəndis və digər sahələrin tanınmış mütəxəs-sisləri var, hamısı öz fəal həyat mövqeyi ilə seçilir. El arasında deyildiyi kimi, onların da ünvanına "Ustadına bərəkallah!" deyilir...

Pedaqoji sahədə qazandığı yüksək nəticələri qiymətləndirilərək rəşadətli əməyə görə Lenin yubiley medalı, əmək veteranı medalı ilə təltif edilib. Dəfələrlə sosializm yarışının qalibi olan Həsən müəllim Maarif Nazirliyinin təşəkkürünü, fəxri fərmanını alıb, metodist müəllim adına layiq görülüb.

Zəngilanın işğaldan azad edildiyini görə bilmədi; özü dünyadan Zəngilana görə narahat köçdü, indi ruhu rahatdır...

2002-ci il iyulun 8-də dünyasını dəyişən Həsən müəllim yaddaşlarda ləyaqətli insan, qəhrəman döyüşçü, ustad pedaqoq və azərbaycançılığın yorulmaz təbliğatçısı kimi qalıb.

Həsən müəllimin keçdiyi şərəfli həyat yolu gələcək nəsillər üçün həmişə əsl nümunə olacaq...

Böyük tarixi şəxsiyyət Heydər Əliyev deyirdi: "Mən dünyada müəllimdən yüksək ad tanımıram". Bu yüksək adı ucalarda bu şərəfli peşəyə qəlbən bağlananlar saxlayır. Həsən Əsəd oğlu Məmmədov da onların sırasında olub. Bir vaxtlar özü ehtiramla əhatələnərdi, indi adı ehti-ramla xatırlanır...

Bayram MƏMMƏDOV,
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.