Dəmir yumruq » Manşet » Səbirin Zəfərlə Taclandığı Gün - Zəngilan şəhəri günü
Manşet / Siyasət / 17-10-2025, 16:02

Səbirin Zəfərlə Taclandığı Gün - Zəngilan şəhəri günü

 

 

İkinci Qarabağ müharibəsindəki şanlı Zəfərimizdən sonra böyük qürur hissi ilə qeyd etdiyimiz günlərdən biri də 20 oktyabr tarixidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli şəhər günlərinin qeyd olunması ilə bağlı Sərəncamına əsasən 20 oktyabr Zəngilan Şəhəri Günü kimi tariximizə yazılmışdır.


2020-ci ilin sentyabr ayının 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın öz tarixi torpaqlarının hərbi-siyasi yolla işğaldan azad etməsi ilə nəticələndi. Zəngilan rayonu bu müharibənin həlledici döyüş mərhələlərindən birini təşkil etdi. Cəbrayıl rayonu istiqamətindəki döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələri Zəngilanın inzibati sərhədlərinə çatmağa nail olmuş, əməliyyat zamanı bölgənin 49 kəndi və 4 qəsəbəsi erməni işğalından xilas edilmişdir. Beləliklə oktyabrın 20-si Zəngilan şəhərinin və onun ətrafındakı bir sıra kəndlərin düşmən işğalından azad olunduğu gün hərb tariximizə həkk olunmuşdur. Artıq 5-ci ildir ki, 20 oktyabrı şəhərin qurtuluş günü kimi böyük qürur hissi ilə qeyd edirik.


2020-ci ildə Zəngilan işğaldan azad edildikdən sonra Azərbaycanın İranla olan 132 kilometrlik sərhəddi düşmən nəzarətindən azad olunaraq bərpa edildi. Həm tarixi, həm də strateji baxımından mühüm əhəmiyyət kəsb edən sərhədin bərpa işləri müharibədən dərhal sonra başladı, sərhəd boyunca infrastruktur və təhlükəsizlik tədbirləri həyata keçirildi.


2020-ci il noyabrın 26-da prezident İlham Əliyev Zəngilanın azad olunmasında böyük qəhrəmanlıq və şücaət göstərmiş hərbi qulluqçuların təltif olunması ilə bağlı Sərəncam imzaladı. Sərəncama əsasən döyüşlərdə böyük şücaət göstərən Azərbaycan Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olundu.


Zəngilanın azad edilməsindən sonra bölgədə genişmiqyaslı bərpa və infrastruktur layihələri həyata keçirilməyə başlandı. Zəngilanın Ağalı kəndində 200 evdən ibarət ilk Ağıllı kənd pilot layihəsi icra edildi. Bir sıra infrastruktur layihələri həyata keçirildi. Günəş enerjisi, Arximed tipli su elektrik stansiyaları, yüksək sürətli internet, “yaşıl texnologiyalar” və tam ekoloji mühit – bütün bunlar azad olunmuş torpaqda yeni həyatın başlanğıcını simvolizə edir. 2022-ci ildən bəri yüzlərlə ailə Ağalıya qayıdıb, orada yeni məktəblər, tibb məntəqələri, “ASAN” və “DOST” mərkəzləri, iş yerləri yaradılıb. Bu, təkcə bərpa deyil – milli dirçəlişdir. Hazırda Zəngilanda müxtəlif istiqamətlərdə inşaat və hərtərəfli inkişaf layihələri həyata keçirilir. Zəngilan-Şərqi Zəngəzur-Ağbənd dəmir yolu layihəsi regionda həyata keçirilən logistik bərpa işlərinin ən əhəmiyyətli istiqamətlərindəndir. Bu layihə Azərbaycanın beynəlxalq nəqliyyat şəbəkəsinə birləşdirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Zəngilan Beynəlxalq Hava Limanı, Horadiz-Zəngilan-Ağbənd dəmir yolu, Zəngəzur dəhlizinin hava və quru infrastrukturunu tamamlayan layihələr ölkənin gələcək iqtisadi xəritəsini dəyişir. Yeni magistrallar, körpülər, tunellər, su elektrik stansiyaları – bütün bunlar Zəngilanı gələcəyin region mərkəzinə çevirir. Bu gün Zəngilan həm də mədəni dirçəlişin ünvanıdır. Heydər Əliye Fondunun təşəbbüsü ilə XIX əsrdə inşa edilmiş, işğal dövründə təhqir edilərək tövləyə çevrilmiş Zəngilan məscidi bərpa olunub. Yeni ibadət zalı, iki minarə və kaşıdan işlənmiş mehrabı ilə bu məscid həm inancın, həm də milli ruhun dirçəliş rəmzidir.


İşğaldan azad edildikdən sonra aparılan bərpa və yenidənqurma işləri bu rayonun gələcəkdə regionun əsas mərkəzlərindən birinə çevirməkdədir. Böyük Qayıdış dövlət proqramı çərçivəsində Zəngilan sakinləri öz doğma torpaqlarına geri dönərək, rayonun inkişafında iştirak  edəcək və Azərbaycanın bu gözəl bölgəsinin dirçəlişini yenidən təmin edəcəklər.



DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.