Bakıda qadın dönərxanada döyülüb.
Lent.az-ın məlumatına görə, hadisə Xəzər rayonu Zirə qəsəbəsində qeydə alınıb.
Məlumata görə, qəsəbədə dönərçi işləyən təqsirləndirilən şəxs, 34 yaşlı Məzahir İsmayılovun (ad və soyad şərtidir) övladı oxuduğu məktəbdə sinif yoldaşı tərəfindən döyülüb. Məzahirin sözlərinə görə, hadisə zamanı övladına bədən xəsarəti yetirilib:
“Bu hadisə ilə əlaqədar müəlliməyə şikayət etdim. Dedi ki, həmin şagirdin ata-anası yoxdur. Həmin vaxt gördüm o uşağı bir taksi sürücüsü aparır. Sürücüyə dedim ki, uşağı təhvil verəndə valideyninə desin ki, övladına tərbiyə versin”.
Axşam saatlarında bir qadın Məzahirin işlədiyi dönərxanaya gələrək, onu axtarıb. Sonra isə üstünə hücum çəkərək, köynəyini cırıb. Bu zaman içkili olan Məzahir də qadını itələyərək, onu təhqir edib.
Bu əməlinə görə Məzahir İsmayılov barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsilə protokol tərtib olunub.
Xəzər rayon Məhkəməsinin qərarı ilə o, 50 manat məbləğində inzibati qaydada cərimələnib.