Prezident İlham Əliyevin Vyetnam Sosialist Respublikasına rəsmi səfəri ərəfəsində 19 noyabr tarixində Vyetnam Xəbər Agentliyinə verdiyi geniş müsahibə iki ölkə arasında münasibətlərin keçdiyi uzun tarixi bir yolu, hazırki siyasi dialoqun mahiyyətini və qarşıdakı illər üçün konkret iqtisadi-ticari yol xəritəsini bütün detalları ilə əks etdirir.
Dövlət başçısı bütün bu məqamları geniş şəkildə şərh edərək ikitərəfli əlaqələrin təxminən 70 illik tarixinə nəzər salaraq münasibətlərin başlanğıc nöqtəsinin 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri və 1983-cü ildə Ümummilli Lider Heydər Əliyevin Vyetnama səfəri ilə qoyulduğunu vurğulayıb. Müasir dövrdə bu xəttin davamı olaraq 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnama ilk dövlət səfəri və 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın Azərbaycana səfəri siyasi əlaqələri yeni müstəviyə qaldırıb. İkitərəfli münasibətlərin həlledici nöqtəsi isə 2025-ci ilin may ayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana ilk dövlət səfəri olub. Həmin səfər zamanı qəbul edilmiş “Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” iki ölkə arasındakı münasibəttləri keyfiyyətcə yeni mərhələyə yüksəldib. Bundan əlavə 2026-cı ilin oktyabrında Vyetnamın vitse-prezidenti Vo Thi An Suanın Azərbaycana səfəri və yüksək səviyyəli təmasların intensivliyi siyasi dialoqun bərabərhüquqlu və qarşılıqlı hörmət əsasında davam etdiyini təsdiqləyir.
Müsahibədə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələri xüsusi vurğulanıb. Azərbaycan və Vyetnam BMT, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində sıx koordinasiya şəraitində fəaliyyət göstərir. Prezident İlham Əliyev Vyetnamın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu dövrdə - xüsusilə 44 günlük Vətən müharibəsi zamanı nümayiş etdirdiyi ədalətli və prinsipial mövqeyə, eləcə də Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə verdiyi davamlı dəstəyə görə dərin minnətdarlığını ifadə edib. Dövlət başçısı müsahibədə Azərbaycan və Vyetnam arasında iqtisadi əlaqələrin dinamikasını da konkret rəqəmlərlə şərh edib.
Vurğulanıb ki, 2025-ci ildə Azərbaycanla Vyetnam arasında ikitərəfli ticarət dövriyyəsi 150 milyon ABŞ dollarını ötüb. Bununla belə prezident bu göstəricinin mövcud potensialı tam əks etdirmədiyini və qarşılıqlı ticarətin şaxələndirilməsi üçün geniş imkanların olduğunu bildirib. Həmçinin enerji əməkdaşlığı, investisiyalar, yeni sahələr üzrə əməkdaşlığın istiqamətləri müsahibədə diqqət alan məqamlardan olub. Müsahibədə ən diqqət çəkən məqamlardan biri nəqliyyat-logistika sahəsindəki sıçrayışdır. Prezident İlham Əliyev bildirib ki, 2026-cı ilin yanvar-sentyabr aylarında iki ölkə arasında tranzit yükdaşımaların həcmi 2025-ci ilin eyni dövrü ilə müqayisədə təxminən 6 dəfə artaraq 8 min tonu ötüb. Humanitar, təhsil və mədəni əlaqələr sahəsində də əməkdaşlıq müsahibədə geniş yer alıb. İki xalqı bir-birinə bağlayan mənəvi körpülər sırasında təhsil və humanitar layihələr bir daha xatırlanıb. Həmçinin müasir mərhələdə Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi humanitar-sosial- mədəni layihələr xüsusi vurğulanıb. Eləcə də turist mübadiləsinin artırılması məqsədilə viza rejiminin sadələşdirilməsi istiqamətində atılan addımlar, eyni zamanda Vyetnamın humanitar minatəmizləmə sahəsindəki təcrübəsi də əsas vacib məqamlar kimi müsahibədə vurğulanıb.
Dövlət başçısının müsahibəsi Azərbaycan-Vyetnam münasibətlərinin yeni yol xəritəsini bütün aydınlığı ilə ortaya qoyur. Tarixi köklərə bağlılıq, beynəlxalq hüquqa hörmət, iqtisadi maraqların uzlaşması Bakı ilə Hanoy arasındakı strateji tərəfdaşlığı regionlararası əməkdaşlığın uğurlu nümunəsinə çevirir.