

Xankəndi şəhəri daha bir idman tədbirinə ev sahibliyi edib. Noyabrın 22-də Xankəndidə "Prezident kuboku" uğrunda 5 kilometr məsafəyə qaçış yarışı təşkil olunub.
Demiryumruq.az xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb
Bildirilib ki, 300-ə yaxın idmançı və iştirakçının mübarizə apardığı yarışın keçirilməsində əsas məqsəd sağlam həyat tərzinin təbliği, atletikanın inkişafı və bölgədə idmana marağın artırılmasıdır. Tədbirdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin əməkdaşı, Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəisi, Qarabağ Universitetinin Sağlam Həyat Mərkəzinin direktoru və Azərbaycan Atletika Federasiyasının baş katibi iştirak ediblər.
Yarışın sonunda müxtəlif kateqoriyalar üzrə qaliblər müəyyənləşib. Fərqlənən idmançılar medal və kuboklarla mükafatlandırılıblar. Qeyd edək ki, Xankəndidə bu cür idman tədbirlərinin təşkili şəhərin ictimai həyatının canlanmasına, idman ənənələrinin inkişafına və sağlam həyat tərzinin təşviqinə töhfə verir.