İyulun 3-4-də Xankəndi şəhəri tarixinin yeni səhifəsini yazdı. Azad Qarabağımızda möhtəşəm, qürurlu anlar yaşandı. İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün azad və çiçəklənən Qarabağda, Xankəndi şəhərinin ev sahibi ilə keçirilməsi Azərbaycanın növbəti siyasi, diplomatik geostrateji uğurlarının təqdimatı olaraq yaddaşlara həkk olundu.
Qədim Azərbaycan torpağı olan Xankəndidə dost, qardaş ölkə liderlərinin iştirakı ilə keçirilən bu möhtəşəm tədbir təkcə tarixi, siyasi hadisə deyil, həm də milli qürurun, əzmin və ədalətin təntənəsi idi. Prezident İlham Əliyevin çıxışında qeyd olunduğu kimi Zirvə görüşünün Xankəndində keçirilməsi xüsusi rəmz daşıyır. Çünki bu torpaqlar uzun illər ərzində düşmən tapdağında idi. Amma Azərbaycan xalqının əzmi, ordusunun gücü, liderinin qətiyyəti ilə azad olundu. Otuz il müddətində Ermənistan Azərbaycan torpaqlarının 20%-ni işğal altında saxladı, bir milyondan çox azərbaycanlını dədə-baba yurdlarından didərgin saldı, şəhər və kəndlərimizi, mədəni və dini irsimizi yerlə yeksan etdi.
Azərbaycan xalqı bu illər ərzində işğalla əsla barışmadı və sonda 2020-ci ildə 44 günlük Vətən müharibəsində düşməni döyüş meydanında məğlub etdi, torpaqları azad etdi. Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdi. Xankəndi zirvəsi tarixin ədalətini bərpa edən diplomatik jestdir. Dövlət başçısının apardığı diplomatik bacarıq sayəsində biz orani azad etdik, ölkəmizin suvrenliyini tam bərpa etdik. Bu baxımdan Qarabağın şah damarı olan Xankəndində keçirilən bu möhtəşəm tədbir Azərbaycanın tarixi qələbəsinin, suverenliyinin və beynəlxalq mövqeyinin bərpası idi.
Digər tərəfdən Xankəndindən verilən mesajlar bütün dünyaya ünvlanmış çağırışların fonunda sülh, inkişaf və qarşılıqlı hörmət prinsipləri əsasında qurulan yeni regional nizamın formalaşdığını təsdiq etdi və bu prosesin mərkəzində məhz Azərbaycanın dayandığını nümayiş etdirdi.
Prezident çıxışında ilk olaraq qeyd etdi ki, Azərbaycan artıq üçüncü dəfədir ki, bu mötəbər tədbirə ev sahibliyi edir. Amma bu dəfə ki, ev sahibliyinin xüsusiliyi təkcə coğrafiyada deyil, tarixdədir. Zirvənin Xankəndində keçirilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu, beynəlxalq təşkilatların bu gerçəkliyi qəbul etdiyini və Qarabağın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bütün dünyaya nümayiş etdirir. Qarabağda quruculuq və beynəlxalq tədbirlərin keçirilməsi Azərbaycanın yeni inkişaf fazasına qədəm qoymasından xəbər verir.
Prezidentin çıxışında diqqət çəkən ən vacib məqamlardan biri də Qərbi Azərbaycan məsələsi ilə bağlı səsləndirdiyi fikirlər idi. Prezident İlham Əliyev çıxışında bu vacib məsələni – Qərbi azərbaycanlıların hüquqlarının bərpasını qətiyyətlə gündəmə gətirdi. İƏT-nın sonuncu toplantısında Ermənistanın etnik təmizləmə siyasəti ilə yerindən-yurdundan didərgin salınmış azərbaycanlıların qayıdış hüququnun 57 üzv ölkə tərəfindən dəstəklənməsi mühüm diplomatik naliyyətdir. Bu, həm də Azərbaycanın haqlı mövqeyinin beynəlxalq aləmdə tanındığının göstəricisidir. Bu qətnamə ilə yanaşı, Nazirlər Şurasının yekunlarına dair “İstanbul Bəyənnaməsi”ndə indiki Ermənsitan ərazisindən zorla qovulmuş azərbaycanlıların geri qayıdış hüquqi təsdiqlənir və Ermənistanın Qərbi Azərbaycan İcması ilə dioloqu rədd etməsi qınanılır. Qərbi azərbaycanlıların Ermənistandakı öz dədə-baba toprpağına sülh yolu ilə qayıdışının təmin edilməsi sahəsində səylər bundan sonra da davam etdiriləcək.
Prezident, həmçinin işğal dövründə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindən də bəhs edərək bildirdi ki, həmin dövrlərdə Ermənistan şəhər və kəndlərimizi, mədəni və dini abidələrimizi yer üzündən silmişdir. 67 məsciddən 65-i tamamilə yerlə yeksan edilib, qalan ikisi ilə ciddi zərər görüb, donuz və inək tövləsi kimi istifadə olunub. Bu, islam dininə və dünya müsəlmanlarına qarşı hörmətsizlik və təhqir idi. Qəbiristanlıqlar da vandalizmə məruz qalıb, dağıdılıb, qəbir daşları talanaraq Ermənistana aparılıb. Dövlət qurumlarından ibarət komissiya öz işinə xarici ekspertləri cəlb edərək, beynəlxalq təcrübədən yararlanmaqla işğal nəticəsində Azərbaycana vurulmuş zərəri təxminən 150 milyard ABŞ dolları dəyərdində qiymətləndirmişdir.
İndi Azərbaycan Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa edir. İşğaldan azad edilən gündən Azərbaycan o torpaqlarda geniş miqyaslı bərpa və yenidənqurma işləri aparır. Prezidentin qeyd etdiyi kimi Böyük Qayıdış proqramı çərçivəsində həmin torpaqlara qayıdış bərpa olunur. Artıq 50 mindən çox vətəndaş ata-baba yurdlarına qayıdıblar.
Prezident İlham Əliyev çıxışında ümumən Azərbaycanın suverenlik hüququ, regional sabitlik və əməkdaşlıq təşəbbüslərini, enerji və nəqliyyat strategiyalarını, humanitar siyasətini və ekoloji diplomatiyanı əsaslı şəkildə təqdim edərək həm ECO məkanında, həm də beynəlxalq ictimaiyyət qarşısında ölkəmizin prinsipial inkişafa yönəlik mövqeyini ortaya qoydu.
Cənab Prezidentin Xankəndidə çıxışı bir daha sübut etdi ki, Azərbaycan yalnız hərbi və siyasi baxımdan deyil, həm də iqtisadi, diplomatik və iqlim gündəliyi baxımdan Cənubi Qafqaz və daha geniş coğrafiya üçün strateji liderdir. Bu Zirvə görüşü göstərdi ki, Azərbaycan artıq postmünaqişə mərhələsini təkcə yenidənqurma ilə deyil, həm də diplomatik fəallıq və beynəlxalq əməkdaşlıqla müşayiət edir. Xankəndindən verilən bu mesajlar təkcə bölgəyə deyil, bütün dünyaya ünvanlanmış çağırış idi: sülh, inkişaf və qarşılıqlı hörmət prinsipləri əsasında qurulan yeni regional nizam artıq formalaşmaqdadır və bu prosesin mərkəzində məhz Azərbaycan dayanır.