İsrailin Hizbullah lideri Həsən Nəsrullahı da aradan götürməsindən sonra bütün diqqət İranın üzərindədir: İran hansısa cavab verəcəkmi və bu “cavab” özündə nəyi əhatə edəcək?
İran hökuməti hazırkı vəziyyətdə olduqca çətin durumdadır. Əgər Nəsrullahın qətlinə hərbi reaksiya verərsə, İsrailin çoxdan arzuladığı ssenariyə cəlb olunacaq. Zatən İsrail 7 oktyabr hücumundan sonra müxtəlif vasitələrlə İranı müharibəyə cəlb etməyə çalışır.
Netanyahu artıq İranın mümkün hücumu ilə bağlı təhdidini də səsləndirir: İran hücum edərsə, İsrail də İrana birbaşa zərbə endirəcək.
Bu, İsrailin İran konsulluğunu vurmasına cavab olaraq Tehranın aprel ayında yəhudi dövlətinə endirdiyi zərbələrin təkrarlanması ehtimalına qarşı xəbərdarlıqdır. Aprel ayından indiyə qədər çox şeylər dəyişib: İsrail HƏMAS qüvvələrinin əhəmiyyətli hissəsini məhv edib, eyni zamanda müqavimətə rəhbərlik edən liderləri sıradan çıxarıb. İranın regiondakı əsas dayaqlarından olan Hizbullaha isə son günlər sarsıdıcı zərbə endirib – indi nəinki Həsən Nəsrullah, Hizbullahın bir çox tanınmış komandirləri də yoxdur, məhv edilib. Üstəlik, ABŞ-ın İranın mümkün zərbələrindən İsraili qorumaq üçün Yaxın Şərqə yerləşdirdiyi qüvvələrinin sayı 40 mini ötüb. ABŞ-Britaniyanın rəhbərlik etdiyi koalisiya isə Yəmən husilərinin imkanlarını daraldıb və onları təsirsiz hala gətirib: husilərin bütün hücumlarının qarşısı dərhal alınır və hücum həyata keçirilən yerlər anında sıradan çıxarılır.
Beləliklə, İran bir il deyil, 6 ay bundan öncəki situasiyadan daha çətin durumdadır və “qolları” Yaxın Şərqdən sürətlə “demontaj” olunur. Buna görə də İranın öz ərazisində İsrailə qisas məqsədilə zərbə endirəcəyi halında Təl-Əvivin kəskin və çox sərt reaksiya verəcəyi ehtimalı yüksəkdir. İranın bombalanmasından ABŞ-ın “xəbərsiz” olacağı da mümkündür, ancaq Hizbullah liderinin ölümündə olduğu kimi, Vaşinqton yenə də İsrailin “özünü müdafiə hüququ”nu tanıyacaq və ona dəstək verəcək.
İsrail bütün hazırlıqlarını görüb: “peycer əməliyyatı” ilə Hizbullahı iflic etmək, o cümlədən ciddi mühafizə olunan və qalın betonlarla əhatələnən bunkerdəki Nəsrullahı iclas keçirdiyi anda məhv etmək gücünə sahib olduğunu artıq təsdiqlədi. Beyruta ağır zərbələrinə baxmayaraq, ciddi siyasi təzyiqlə də üzləşmədi. Demək, hazırlıqlar tamamlanıb və əslində İsmayıl Haniyənini qisasını almağa çəkinən İran da bunu bilir, ona görə də aradan iki aya yaxın vaxt keçməsinə baxmayaraq, Tehran heç bir əməliyyat gerçəkləşdirmir.
Əgər indi – İsmayıl Haniyənin ardınca Həsən Nəsrullahın qətlinə reaksiya verərsə, bunun hansı nəticələri olacağını BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak üçün ABŞ-a gedən İran Prezidenti Məsud Pezeşkian ,Nyu Yorkda iranlılarla görüşündə elan etdi. O bildirdi ki, ölkədə hər hansı hadisənin baş verəcəyi təqdirdə Kürdüstan, Azərbaycan, Sistan və Bəlucistan, Xuzistan özlərinin hökumətlərini quracaqlar.
“Ölkə daxilində böhranların davam edəcəyi təqdirdə artıq İran adında ölkə mövcud olmayacaq”, - Pezeşkian bildirdi.
Böhran deyərkən, ilk növbədə İranın hərbi əməliyyatlara cəlbi nəzərdə tutulur - əlbəttə, iqtisadi böhran, sanksiyaların dağıdıcı təsirləri də Tehranı çıxılmaza məcbur edib.
Bu baxımdan olaya İranın hərbi reaksiya verəcəyini proqnozlaşdırmaq çətindir. Proksi-qüvvələrlə hücum isə Tehranın öz simasını qorumasına yardımçı olmayacaq, çünki “Müqavimət oxu” ciddi şəkildə sarsıdılıb.
İranın hərbi reaksiya verməyəcəyi halda İsrail Yaxın Şərqdəki Tehrana bağlı bütün qrupları bitirmək üçün daha irəli getmək imkanı qazanacaq. Başqa sözlə, İran çıxılmaza dirənib – hərbi əməliyyata qoşulsa öz mövcudluğu, qoşulmasa regional imici darmadağın olacaq, ölkə xaricindəki bütün proksiləri məhv ediləcək.
Maraqlıdır: İran İsmayıl Haniyənin qisasını almamağa razılaşanda (Qəzzada sülh təklifinə görə bu qisası ertələdiklərini elan etmişdilər), növbəti zərbənin Hizbullaha dəyəcəyini hesablamamışdımı?
Çox böyük ehtimalla İran bu ssenarini gözə almışdı. Belə məlum olur ki, ya İranla “danışılmış oyun” gedir, ya da İran hansı oyunun getdiyini anlayaraq, öz mövcudluğunu qorumağa çalışır.
Bəzi politoloqların fikrincə, İran proksi-qüvvələrinin sıradan çıxarılmasına dolayısı razılıq verib:
1. “Müqavimət qüvvələri”ni idarə etməkdə çətinlik çəkir, artıq onlar bəzi məqamlarda İranla hesablaşmırlar;
2. Bu qüvvələri maliyələşdirmək İran üçün hər keçən il daha da ağırlaşır, çünki ölkənin iqtisadi imkanları getdikcə çətinləşir, daxildə sosial etirazlar artır, külli miqdarda vəsaitin bu qüvvələrə xərclənməsi ölkəni yoxsulluq həddinə çatdırır ki, bu da Pezeşkianın dediyi “İranda bir neçə dövlətin yaranması” ilə nəticələnə bilər.
Pezeşkianın “İran ərazisində 4 dövlət yarana bilər” mesajının özü də Qərbə şantajdır: Qərb İranda Cənubi Azərbaycan dövlətinin yaranması ilə Türkiyənin Orta Asiyanın türk dövlətləri ilə geniş əlaqəsinin yaranmasına və Turanın quru sərhədlərlə birləşməsinə hazırdırmı? Qərb buna razıdırmı?
Görünür, “İranda yeni dövlətlərin yaranması” Qərbin planlarına uyğun deyil.
Buna görə də İranın “sərhədlərinə çəkilməyə”, ölkə kənarındakı qüvvələrinin məhvinə razılaşdığı, əvəzində sanksiyaların yumşaldılması və mövcudluğuna təminat almaq istədiyi versiyası kifayət qədər güclü ehtimaldır.