Xətai rayonunun Əhmədli qəsəbəsində sakinlər üçün ciddi təhlükə yaranıb.
Musavat.com xəbər verir ki, General Əliağa Şıxlinski küçəsində yerləşən ağaclıq ərazidə köhnə və iri gövdəli ağaclardan biri kökündən çıxaraq aşmaq təhlükəsi ilə üz-üzə qalıb. Bu barədə saytımıza ərazi sakinləri müraciət ediblər.
Onların sözlərinə görə, sözügedən ərazi xüsusilə məktəbəqədər yaşlı uşaqlar üçün risklidir. Belə ki, 200 saylı uşaq bağçasına gedən yol məhz bu ağacın yerləşdiyi hissədən keçir.
Sakinlər bildiriblər ki, artıq övladlarını həmin yoldan rahat şəkildə bağçaya göndərə bilmirlər:
“Uşaqlarımızı bu hissədən keçirməyə qorxuruq. Ağac çox iridir, hər an aşa bilər. Küləkli günlərin birində kökü laxlayıb, indi isə tam aşmaq təhlükəsi ilə üz-üzədir. Hər an uşaqların üzərinə düşə bilər”.
Ərazi sakinləri aidiyyəti qurumlara müraciət edərək problemin təcili şəkildə aradan qaldırılmasını xahiş edirlər.
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, əraziyə baxış keçiriləcək, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə məlumat veriləcək.
Şahanə Rəhimli