Xəbər verdiyimiz kimi, Ermənistanda Rusiya əsilli erməni milyarder Samvel Karapetyanın lideri olduğu “Güclü Ermənistan” partiyasının 14 üzvü saxlanılıb.
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin araşdırdığı cinayət işinə əsasən partiya üzvləri seçki kampaniyası zamanı rüşvət almaqda ittiham olunurlar.
Qeyd edək ki, “Güclü Ermənistan” partiyası seçkidə Paşinyanın hakim komandasına əsas rəqib hesab olunur. Baş verən bu kütləvi həbslər də Ermənistanda seçki öncəsi Rusiyayönümlü qüvvələrin neytrallaşdırılması kimi qiymətləndirilir. Xatırladaq ki, S. Karapetyanın özü də ev dustaqlığındadır.
Görünən odur ki, seçki öncəsi Ermənistanda gərginlik daha da alovlanır?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, seçkiöncəsi Ermənistanda siyasi vəziyyətin gərginləşəcəyi öncədən bəlli idi:
“Bəzi radikal qüvvələr seçki ərəfəsi hüquqi çərçivədən daha çox, radikal və anarxist mövqelərdən çıxış etməyə çalışır. Ermənistanda bu günlərdə baş verən proseslər də məhz bundan sonrakı mərhələdə daxili siyasətin daha da kəskinləşcəyini göstərir. Müharibə tərəfdarları və daşnaq zehniyyəti bütün vasitələrə əl atmaqla çalışır ki, sülh əldə olunmasın”.
Həmsöhbətimiz qeyd edir ki, Ermənistanda gərginliklə müşayiət olunan proseslərdə bəzi imperalist dairələr də maraqlıdır:
“İmperalist mərkəzlər Ermənistanı itirəcəklərindən çəkinir. Erməni kilsəsi, erməni lobbisi də sülh istəmir. Ona görə də gərginliyin hərarəti daha da yüksəlir”.
Amma deputatın fikrincə, Ermənistanda geniş auditoriya sülhdən başqa çıxış yolunun olmadığını başa düşür:
“Ona görə radikal hərəkətlər artsa da, nəticədə seçki gününə qədər güc balansının formalaşacağına ümid etmək olar. Belədə seçkinin də ümumi, kütləvi ictimai rəyə uyğun olaraq nəticələnəcəyini də müşahidə edə bilərik”.
Rüfət Sultan