Xəbər lenti
Dəmir yumruq » Manşet » Avropa Azərbaycanı “sözəbaxan” dövlətə çevirə bilmədi – ŞƏRH
Manşet / Siyasət / 9-02-2024, 19:50

Avropa Azərbaycanı “sözəbaxan” dövlətə çevirə bilmədi – ŞƏRH

 

 Fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində İlham Əliyev böyük səs çoxluğu ilə qələbə qazandı və yenidən Azərbaycan Prezidenti seçildi. Artıq ikinci gündür ki, Prezident İlham Əliyevin ünvanına təbrik məktubları və zənglər daxil olmaqdadır. Bu təbriklərin arasında daha çox maraq doğuran Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin telefon zəngi idi.

Seçkilərdən dərhal sonra Avropanın siyasi strukturlarının rəhbərləri anladılar ki, səslərin 92 faizindən çoxunu qazanan İlham Əliyev xalqın iradəsini ifadə edir, məhz bu səbəbdən də Azərbaycanla təzyiq dilində danışmaq olmaz.

Telefon söhbəti zamanı Ş. Mişel Avropa İttifaqının Azərbaycan ilə enerji, nəqliyyat-tranzit, kommunikasiya sahələrində əməkdaşlığı davam etdirməyə və konkret layihələrlə çıxış etməyə hazır olduqlarını bildirdi. Bu arada Niderlandı Avropa Şurasında təmsil edən deputat, liberal-demokrat Sofi int Veld “Euronews”a müsahibəsində dediyi sözlər yada düşür. Xanım deputat bildirib ki, Avropa Şurası “sözəbaxan yaxşı oğlan” olan hökumət başçılarına bir söz demir. Avropa Şurasının “sözəbaxan” və özünü “yaxşı aparan” hökumət başçılarının öz ölkələrində törətdiklərinə göz yumur. Onlar jurnalistləri və siyasi fəalları öldürə də bilərlər. Lakin müəyyən olunan siyasi xətt yürüdən dövlət başçıları tənqidə məruz qalır və qəbul edilmir. Niderlandlı deputatın sözlərinə görə, Yunanıstan və İtaliya hökumətlərinin başçıları “sözə baxan” olduqları üçün onlara heç nə deyilmir. Halbuki hər iki ölkədə cinayətləri araşdıran jurnalistlər qətlə yetirilib. Lakin cinayətlərin üstü hələ də açılmayıb.

“Transparency International” təşkilatının 2023-cü il üçün hazırladığı hesabatda deyilir ki, Avropanın ən demokratik ölkələrində belə korrupsiya və rüşvətxorluq halları müşahidə edilir. “Shell” kimi neft şirkətinin Afrikada rüşvət verərək bazarı ələ keçirməsi faktı məhkəmə araşdırmasına səbəb olsa da, hakimlər şirkətə qarşı heç bir qərar çıxarmadılar. Hesabatın müəlliflərinin sözlərinə görə, Avropa İttifaqı ölkələrində korrupsiyanın 2021-ci və 2022-ci illərə nisbətən 2023-cü ildə artması onu deməyə əsas verir ki, ittifaq dövlətlərində demokratiya və hüququn aliliyi arxa plana keçib, məhkəmələr siyasiləşib.

“Transparency International” təşkilatının Qərbi Avropa ölkələri üzrə əlaqələndiricisi Flora Kressvell qeyd edib ki, ittifaq ölkələrinin dörddə üçündə korrupsiyaya qarşı mübarizə aparılmır. Fransa, Almaniya, Niderland kimi dövlətlərdə belə korrupsiya halları müşahidə edilir. İsveçrə isə dünyada çirkli pulların yuyulduğu məkan kimi tanınır. Bu faktların fonunda Avropanın Azərbaycan və ya digər “sözə baxmayan” dövlətlərə qarşı heç bir əsası olmayan iddialar irəli sürməkdə məqsədi milli hökumətləri özünə tabe etmək, onları geosiyasi oyunlara qatmaqdır. Bunun üçün müasir dünyada ən təsirli bəhanə insan hüquqları, demokratiya və hüququn aliliyi məsələləridir.

Türkiyəli siyasi ekspert Yakub Aslan “Ulusal” kanalına açıqlamasında bildirib: “Avropa çoxdandır demokratiya və insan hüquqları bəhanəsi ilə bu və ya digər dövlətlərə təzyiq etmək üçün istifadə olunur. Türkiyə 50 il Avropa İttifaqı ilə üzvlük barədə müzakirələr apardı. İstər demokratiya, insan hüquqları, istərsə də iqtisadi baxımdan Türkiyədən dəfələrlə zəif olan dövlətlər ittifaqa üz qəbul edildi, lakin Ankara kənarda qaldı. Bu fakt Avropanın ikili standartlar siyasəti yürütdüyünü, demokratiyadan isə, sadəcə, sui-istifadə etdiyini göstərir.

Müasir dünyada baş verən qlobal transformasiyalar Avropanın təzyiq siyasətinin səmərəsiz olduğunu göstərir. Müstəqil inkişaf edən dövlətlər iqtisadi artıma nail olaraq güclənir və hər hansı güc mərkəzindən asılılığını tamamilə aradan qaldırır. Azərbaycan da öz iqtisadi inkişafı ilə asılılığını aradan qaldırıb və həyata keçirdiyi Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi, Transxəzər marşrutu və beynəlxalq əhəmiyyət daşıyan digər layihələrlə etibarlı strateji tərəfdaş olduğunu nümayiş etdirib.

Avropanın bütün siyasi qurumları 7 fevral seçkilərindən sonra Azərbaycan Prezidentinin “sözə baxan” olmayaraq müstəqil siyasət yürüdüb dövlətin milli maraqlarını müdafiə edəcəyini başa düşdülər.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağın işğaldan azad edilməsi regionda yeni siyasi reallıqlar yaradıb. Bu reallıqlardan biri də Avropa ilə Asiyanı birləşdirəcək Zəngəzur dəhlizi məsələsidir ki, bu da Avropa məkanındakı dövlətləri ciddi şəkildə maraqlandırır. Digər tərəfdən, enerji böhranı ilə üzləşən Avropaya Azərbaycanın təbii qaz ixracı qitənin enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır.

Avropa təşkilatlarının rəhbərləri artıq erməni lobbisi və korporativ maraqlara xidmət etməyin nəticəsi olaraq Azərbaycan kimi etibarlı tərəfdaşı itirilməklə üz-üzə qaldıqda düzgün qərar verəcəklər.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.