Dəmir yumruq » Manşet » Ukraynaya növbəti humanitar yardım göndərildi
Manşet / Hadisə / Bugün, 14:13

Ukraynaya növbəti humanitar yardım göndərildi

 

Azərbaycan tərəfindən Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarından ibarət növbəti yükün ilk hissəsi bu gün Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.
 
Bu barədə Energetika Nazirliyinin mətbuat katibi Cahid Mikayılov məlumat verib.
 
O qeyd edib ki, yardımın göndərilməsi Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci il 11 avqust tarixli Sərəncamına əsasən, Energetika Nazirliyi tərəfindən təmin edilir:
 
“Humanitar yükün tərkibinə ümumilikdə 90 min metrə yaxın elektrik kabelləri və naqillər, həmçinin 25 ədəd generator və 7 dəst transformator daxildir. Ukraynada davam edən müharibədən zərər görmüş bölgələrin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpasına dəstək məqsədilə göndərilən bu avadanlıqların ilk hissəsi - 10 yük avtomobilindən ibarət karvanla yola salınıb. Ukrayna tərəfinin müraciətləri əsasında təşkil edilən və ümumi dəyəri 2 milyon dollar olan sözügedən yardımın növbəti hissəsinin də yaxın günlərdə yola salınması planlaşdırılır”.
 
Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib. Hazırkı müharibə şəraiti ilə əlaqədar olaraq, ölkəmizin Ukraynaya göstərdiyi ümumi humanitar dəstək, o cümlədən bərpa və yenidənqurma yönümlü yardımların ümumi dəyəri artıq 44 milyon dolları keçib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.