12-14 sentyabr tarixlərində Azərbaycan-Ermənistan sərhədində baş verən gərginlik İrəvanın ağır məğlubiyyəti ilə nəticələndi. Azərbaycan Silahlı Qüvvələri qarşı tərəfə həm hərbi texnika, həm də şəxsi heyət baxımından ciddi zərbə vurub. Yayılan videogörüntülərdən və faktlardan da aydın olur ki, Ordumuz Ermənistanın Azərbaycanla sərhəddə yerləşən hərbi infrastrukturunu, milyardlıq hərbi texnikasını məhv edib. Azərbaycan 2 gün ərzində keçirdiyi unikal hərbi əməliyyatla Ermənistanın təxribatının, yeni mövqe əldə etmək cəhdinin qarşısını alıb, İrəvana sərsıdıcı zərbə vurub. Ermənistan elə bir sarsıdıcı zərbə aldı ki, hələ uzun müddət özünə gələ bilməyəcək.
Azərbaycan bu dəfə də Ermənistan üzərində həm hərbi, həm psixoloji, həm də siyasi qələbə qazanmağı bacardı.
Azərbaycanın Ermənistan üzərindəki hərbi qələbəsi: qarşı tərəfin hücum etdiyi istiqamətdə Hava Hücumundan Müdafiə (HHM) sistemi çökdürülüb;
53 döyüş mövqeyi, xeyli sayda hakim yüksəkliklər nəzarətə götürülüb;
Ermənistanın təxribat törətdiyi istiqamətdə HHM sistemi çökdürülüb, 14500-dən çox döyüş sursatı ələ keçirilib;
Ermənistan silahlı qüvvələrinə məxsus Gorus rayonu və Novruzlu (Kaxnut) yaşayış məntəqəsi istiqamətlərində 2 ədəd S-300 5N63 İYR radarı, 3 ədəd S-300 5P85 BQ buraxıcı qurğusu, Basarkeçər rayonu və Aşağı Qaranlıq (Martuni) yaşayış məntəqəsi istiqamətlərində isə 2 ədəd S-125 RTS-125 radarı məhv edilib;
Qarşı tərəfin 53 döyüş mövqeyi, 2 minaatan atəş mövqeyi, xeyli sayda hakim yüksəkliklər nəzarətə götürülüb, Zod istiqamətində yerləşən 538-ci əlahiddə dağatıcı briqadasının daimi dislokasiya məntəqəsi, 2 ədəd S-300 və 2 ədəd S-125 divizionlarının start mövqeləri darmadağın edilib;
Sərhədyanı bölgədə yerləşən bütün nəqliyyat-kommunikasiya sistemini və çox mühüm yüksəkliklərini nəzarətə götürüb;
Ermənistanın rəsmi şəkildə elan etdiyi itki sayı 105 olsa da, iddialara görə, son döyüşlərdə Ermənistan ordusunun 200-400 nəfər arası hərbçisi məhv edilib, çox sayda yaralı var.
Beləliklə, Ermənistan silahlı qüvvələrinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətlərində qurduğu və Azərbaycan üçün təhdid yaradan bütün hərbi təyinatlı obyektlər darmadağın edilib.
İrəvan bu hərbi obyektləri bərpa etmək üçün ən azı 4-5 il vaxt lazımdır. Ermənistana vurulan son sarsıdıcı zərbə İrəvan üçün həm də böyük maliyyə itkisidir. Çünki kasıb Ermənistan məhv edilən silahları almaq, dağıdılan hərbi infrastrukturu bərpa etmək üçün milyardlarla dollar xərcləmək məcburiyyətində qalacaq.
Məlumata görə, Ermənistan Vətən Müharibəsi zamanı 10 mindən çox hərbçi itirib, orduya 2 milyard dollardan çox maddi ziyan vurulub. Üstəlik 12-14 sentyabr tarixlərində keçirilən hərbi əməliyyat zamanı Ermənistanın sərhədyanı bölgədəki hərbi infrastrukturunun məhv edilməsi İrəvanı lap çıxılmaz vəziyyətdə qoyur. Qeyd edək ki, qarşı tərəf hələ Vətən Müharibəsində itirdiyi hərbi texnikanın yerini doldura bilməyib.
Prezident İlham Əliyevin Ermənistan üzərindəki psixoloji qələbəsi: həm erməni cəmiyyəti, həm də hakimiyyət bədbinliyə qapılıb və çarəsiz vəziyyətdə çıxış yolu axtarır, məğlubiyyətin şokunu yaşayır. Azərbaycanın erməni təxribatına verdiyi sərt və tutarlı cavab, rəsmi İrəvanla yanaşı, ölkə vətəndaşları arasında da ciddi qorxu və ruh düşkünlüyü, mərkəzi hakimiyyətin siyasi təsirinə və ordunun gücünə inamsızlıq yaradıb.
Hazırda Ermənistanda xaos hökm sürür. Erməni cəmiyyəti siyasi hakimiyyətdən məğlubiyyətin hesabını tələb edir, baş nazir Nikol Paşinyanın istefası tələb olunur.
Prezident İlham Əliyevin Ermənistan üzərindəki siyasi qələbəsi: ilk növbədə Azərbaycan dünyaya bir daha bəyan etdi ki, hər hansı beynəlxalq gücün siyasi təzyiqindən, hədə ritorikasından çəkinmir və Azərbaycanın suverenliyini təhdid edən istənilən addıma anında cavab verməyə hazırdır.
Bundan başqa, Ermənistana nə hərbi tərəfdaşlıq müqaviləsi olan müttəfiqi, nə də üzv olduğu hərbi blok - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) köməyə gəldi. KTMT üzvləri açıq şəkildə Ermənistana hərbi yardım göndərməkdən imtina etdilər. Bu məqam bir daha sübut edir ki, rəsmi Bakı uğurlu siyasi manevrləri ilə Ermənistanla eyni hərbi blokda olan dövlətləri öz tərəfinə çəkə bilib, onlar Azərbaycanın hərbi və siyasi qərarlarına hörmətlə yanaşırlar.
Digər tərəfdən, baş nazir Nikol Paşinyanın Şanxay Əməkdaşlıq Təşkilatının Özbəkistanın Səmərqənd şəhərində keçirilən sammitinə getməkdən imtina etməsi İrəvanın hərbi-siyasi məğlubiyyətinin daha bir sübutudur. Görünən odur ki, Paşinyanın nüfuzlu siyasətçilərin toplaşdığı sammitə getməyə üzü yoxdur. Bu məqam 2020-ci ilin 10 noyabrında Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında üçtərəfli bəyanatın imzalandığı anları xatırladır. Paşinyan həmin vaxt üçtərəfli bəyanatı kameralar önündə imzalamaqdan imtina etmişdi. İndi isə nüfuzlu liderlərin toplaşdığı sammitə getməməklə Ermənistanın Azərbaycanın qarşısında siyasi baxımdan da uduzduğunu dünyaya bəyan etmiş oldu və regionunun aparıcı liderlərinin iştirak etdiyi sammitdə Cənubi Qafqazın, həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi ilə bağlı aparılacaq siyasi müzakirələrdə iştirak şansını itirdi.
Bir sözlə, Azərbaycan Ermənistana elə bir zərbə vurub ki, həm erməni cəmiyyəti, həm də hakim siyasi elita Vətən Müharibəsi və ondan sonra yaşadığı gərginliyi yenə yaşamaq məcburiyyətində qalır.
Güclü Ordumuz və uğurlu siyasi diplomatiyamız bundan əvvəl - Aprel döyüşlərində, Tovuz hadisələrində, ardınca isə Vətən Müharibəsi zamanı Azərbaycan xalqına həm böyük hərbi, həm də siyasi qələbələr yaşadıb. Erməni təxribatına verilən son uğurlu cavab Azərbaycan xalqının qələbə təqviminə bir gün də əlavə etdi. Bu Azərbaycan Ordusunun və xalqının böyük qələbəsidir.