 
 
“İran iyunda İsrailin hərbi hücumlarından sonra geniş edamlar, repressiyalar həyata keçirməklə və vətəndaş cəmiyyətini sərt şəkildə məhdudlaşdırmaqla insanlığa qarşı cinayətlər yoluna qədəm qoyub”.
 Demiryumruq.az Teleqraf-a istinadən xəbər verir ki, bunu BMT-nin İran üzrə xüsusi məruzəçisi Mai Sato deyib.
“İran xalqı iki cəbhənin – bir tərəfdən xarici hərbi hücumlar, digər tərəfdən isə öz hökumətinin daxili repressiyalarının gücləndirməsinin qurbanıdır”, – məruzəçi bildirib.
Mato İranda genişmiqyaslı edamları, yeni casusluq qanununun qəbulunu və kütləvi həbslərin artmasını sərt tənqid edib. “İranda insan haqlarının vəziyyəti həmişəkindən daha pisdir. İran hökumətinin sistemli daxili repressiyalarını ört-basdır etməyə imkan verilməməlidir. Müharibə bitdi, amma İran xalqının iztirabları davam edir”.
O əlavə edib ki, İran hökuməti müharibəyə cavab olaraq xalqı qorumaqdansa, kütləvi həbslərə əl atıb: “Son aylarda jurnalistlər, fəallar, sosial media istifadəçiləri və azlıqlar da daxil olmaqla 21 mindən çox adam həbs edilib”.
Mait Sato vurğulayıb ki, İranda 2025-ci ilin ilk on ayında 1200-dən çox insan edam olunub, bu, gündə orta hesabla dörd nəfər deməkdir: “İran hökuməti genişmiqyaslı edamlar həyata keçirir”.
Sato qeyd edib ki, edamların yalnız səkkiz faizi rəsmi olaraq bildirilir və real rəqəm daha çox ola bilər.
BMT-nin məruzəçisi İranda işgəncə və fiziki cəzaların davamlı tətbiqinə də diqqət yetirib:
“Həbsxanalarda şallaqlama, barmaqların kəsilməsi və işgəncə altında pul tələb edilməsi halları davam edir. Bundan əlavə, təcridxanalardakı şübhəli ölüm halları, xüsusən də tibbi müalicədən imtina səbəbindən narahatlıq doğurur. Ailələr öz yaxınlarının cəsədlərini almaq üçün repressiyalardan qorxaraq çox vaxt susmağa və ya “qeyri-real ölüm səbəbləri”ni qəbul etməyə məcbur olurlar”.
Mai Sato iyun ayında “Qadınlara qarşı zorakılığın qarşısının alınması haqqında” qanun layihəsinin rəsmi geri çəkilməsindən bəhs edərək, bu qərarın qadınların qorunmasında geriyə doğru bir addım olduğunu söyləyib.
BMT nümayəndəsi vurğulayıb ki, bəzi yerlərdə məcburi hicabın tətbiqi azalsa da, qanun hələ də qüvvədədir və İran Cinayət Məcəlləsinin 638-ci maddəsinə əsasən, hicabsız qadınlar həbs və ya cərimə riski ilə üzləşirlər.