İran, Azərbaycan və Rusiyanın Şimal-Cənub Dəhlizinin potensialının artırılması üzrə müştərək iradəsi var.
Bunu İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani bu gün Tehranda keçirilən brifinqdə deyib.
N.Kənaninin sözlərinə görə, bu dəhlizlə bağlı aydın və yaxşı perspektiv var.
O əlavə edib ki, İran, Azərbaycan və Rusiya Şimal-Cənub Dəhlizində Rəşt-Astara dəmiryolu xəttinin tikintisinin sürətləndirilməsi haqqında razılığa gəliblər. Şimal-Cənub Dəhlizi çərçivəsində dəmiryolu olmayan yeganə hissə Rəşt-Astara hissəsidir.
Əlavə edək ki, 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında "Şimal-Cənub" nəqliyyat dəhlizinin təməli qoyulub. Ümumilikdə bir sıra ölkələr sözügedən Sazişi ratifikasiya edib. (Azərbaycan Respublikası, Belarus Respublikası, Bolqarıstan Respublikası, Hindistan, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkiyə Respublikası, Ukrayna). Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır (hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, "Şimal-Cənub" dəhlizi vasitəsilə 3 həftə olması gözlənilir).
Dəhliz çərçivəsində Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə birləşdirilməsi üçün 6 mart 2019-cu il tarixində Qəzvin – Rəşt (175 km) dəmiryolu istifadəyə verilib. İran ərazisində Rəşt – Astara (167 km) dəmir yolu tikilməlidir.