“1000 bərəkət, halal nemət” ət və ət məhsulları reklamı ilə Azərbaycan bazarına daxil olan “Səhliyalı” şirkəti elan etdiyi prinsiplərə nə qədər sadiqdir?
Artıq uzun müddətdir sosial şəbəkələrdə bu brendin məhsullarının keyfiyyətsizliyi haqda iddialar səslənməkdədir. Hətta məhsullarının tərkibi haqda ciddi şübhələr var.
Şirkətin reklamında əsas diqqət halal kəsim, halal istehsal ilə bağlıdır. Şirkətin saytında heyvanların halal kəsim prosesi, məhsulların hazırlanma şəraiti barədə dolğun məlumat almaq isə mümkün deyil. Sadəcə ət üçün heyvanların müəssisənin daxilindəki sexdə kəsildiyi, gigiyenik qaydalara əməl edildiyi yazılıb və real deyil, formal görüntülər paylaşılıb.
Feysbuk səhifələrində paylaşımlar, müzakirələr, şərhlərdə isə fərqli mənzərə üzə çıxır. Məsələn, istehlakçılar “Halal nemət, 1000 bərəkət”in “Manqalüstü” sosisinin içindən siçan nəcisi aşkarlamışdılar. Bu, bir deyil, bir neçə dəfə təkrarlanıb. Bir ara “Halal nemət, 1000 bərəkət” markalı məhsulun içindən qurd çıxması barədə də məlumat yaddaşlardan silinməyib. Şirkət bunu inkar etsə də, araşdırma aparacağını bildirmişdi. Həmin araşdırmanın nəticəsi isə məlum olmadı.
Satışdakı məhsullarının üzərində qeyd etdikləri maddələr də insan sağlamlığı üçün xeyli zərərlidir. Bunlardan biri E 621 - qlütamat maddəsidir. Bu maddə dad gücləndiricidir. İnsanlarda məhsuldan asılılıq, həmçinin normadan çox qəbul zamanı baş ağrısı, ürək bulanması, ishal, tərləmə, sinənin göynəməsi, boyun arxasında yanma və s. yaradır. Tədricən görmə zəifliyinə səbəb olur.
Natrium nitrit də məhsulun tərkibində olan və “halal”lıq sertifikatının verilməsinə şübhə yaradan maddələrdən biridir. Bu kimyəvi maddə qana keçdiyi təqdirdə xərçəng xəstəliyi yarada bilir. Qeyd edək ki, bu maddə İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin böyük əksəriyyətində “halal” təsdiq olunmuş qatqı siyahılarında mütləq zərərlər kateqoriyasına aid edilib.
AQTA da rəsmi saytından istehlakçılara kolbasa alarkən tərkibindəki bu maddələrə diqqət etmələrini tövsiyə edir.