Dəmir yumruq » Manşet » Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Manşet / Siyasət / Bugün, 17:12

Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı

 

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbir təşkil olunub.


Prezident İlham Əliyev tədbirdə iştirak edib. Dövlət başçısı forum çərçivəsində iqtisadi sabitliyin, maliyyə imkanlarının, investisiya mühitnin, enerji və nəqliyyat potensialının qarşılıqlı əlaqələri kimi mövzuları ətraflı şəkildə şərh edib.Prezident İlham Əliyev tədbirdəki proqram xarakterli çıxışı və səsləndirdiyi fikirlər Azərbaycanın yaxın onilliklərdəki iqtisadi prioritetlərini bir neçə fundamental prinsip əsasında qurduğunu nümayiş etdirir. Xüsusilə hüquqi sabitlik, iqtisadi şaxələndirmə, rəqəmsal logistika mərkəzi əsas prioritetlərdir. Azərbaycanın öz öhdəliklərinə sadiqliyi beynəlxalq maliyyə institutlarının ölkəmizə inamını artırır və suveren kredit reytinqimizin investisiya səviyyəsində qalmasını şərtləndirir.


Son 20 il ərzində ölkə iqtisadiyyatına 350 milyard ABŞ dollarından çox investisiya cəlb edilib. Bu vəsaitin təxminən yarısının birbaşa xarici investiyaların payına düşməsi beynəlxalq biznes dairələrinin ölkəyə marağının mühüm göstəricisidir. İnvestisiya mühitinin formalaşdırılması istiqamətində həyata keçirilən siyasət nəticəsində müxtəlif iqtisadi sahələrdə fəaliyyət göstərən aparıcı beynəlxalq şirkətlərlə əməkdaşlıq imkanları genişlənib. Qarşıdakı mərhələdə əsas vəzifələrdən biri mövcud investisiya potensialını qorumaqla yanaşı, yeni sahələrə kapital axınını artırmaq və daha çox əlavə dəyər yaradan layihələrin reallaşdırılmasına şərait yaratmaqdır. Qarşıdakı dövrdə iqtisadi imkanların şaxələndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan bərpaolunan enerji mühüm istiqamətlərdən biri kimi önə çıxır. Bu sahənin genişləndirilməsi eyni zamanda yeni texnoloji sahələrin inkişafı üçün də imkanlar yaradır. Xüsusilə də süni intellekt və data mərkəzlərinin böyük həcmdə elektrik enerjisinə ehtiyac duyduğu nəzərə alınarsa, Azərbaycanın artan enerji imkanları bu sahədə yeni investisiya layihələrinin reallaşdırılması üçün əlverişli zəmin formalaşdıra bilər.


İqtisadiyyatın digər mühüm hərəkətverici qüvvəsi logistika və nəqliyyatdır. Azərbaycanın əlverişli coğrafi mövqeyi onun regional və beynəlxalq yükdaşımalar sistemində rolunu artırır. Bununla belə, coğrafi üstünlüyün iqtisadi imkanlara çevrilməsi üçün genişmiqyaslı infrastrukturun yaradılması zəruri idi. Son illərdə dəmir yollarına, dəniz limanlarına, hava limanları ilə yükdaşımalarına və avtomobil yollarına böyük həcmdə investisiyaların yatırılması məhz bu məqsədə xidmət edib. Azərbaycanın həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərində ölkənin tranzit imkanlarını daha da genişləndirir. Qarşıya qoyulan hədəf 2030-cu ilə qədər hər iki nəqliyyat dəhlizləri istiqamətlərində daşımaların həcmini 25 milyon tona və daha yüksək səviyyəyə çatdırmaqdır.


Azərbaycan iqtisadiyyatının inkişafında neft və qaz sektorunun tarixi və strateji əhəmiyyəti də danılmazdır. Cənab prezidentin çıxışında bu sektorun yaxın perspektivdə ölkə iqtisadiyyatında mühüm rolunu qoruyacağı da vurğulanıb. Prezident çıxışında həmçinin mədənçilikdə Azərbaycanın böyük potensiala malik sahələrindən biri kimi təqdim edilib. Mədənçilik üzrə qəbul edilən dövlət proqramının bu istiqamətdə fəaliyyətə əlavə impuls verilməsi gözlənilir.


Prezidentin çıxışında təhsil və peşəkar kadr hazırlığı məsələsinə də xüsusi diqqət yetirilib. Rəqəmsal texnologiyalar, kibertəhlükəsizlik, süni intellekt, mühəndislik, enerji və mədənçilik kimi sahələrdə ixtisaslı kadrların hazırlanması investisiya siyasətinin ayrılmaz hissəsinə çevrilməlidir. Prezidentin qeyd etdiyi xaricdə təhsil proqramları da məhz bu yanaşmanın tərkib hissəsidir.


Prezident İlham Əliyevin çıxışında Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin genişlənməsi də xüsusi diqqət çəkən məqamlardandır. Azərbaycan coğrafi baxımdan Cənubi Qafqazda yerləşsə də nəqliyyat, enerji, ticarət və investisiya əlaqələrinin inkişafı onu Mərkəzi Asiya ilə Avropa arasında daha geniş iqtisadi məkanın mühüm iştirakçısına çevirir. Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığının dərinləşməsi, Xəzər üzərindən nəqliyyat və enerji bağlantılarının genişləndirilməsi, rəqəmsal infrastruktur layihələri ölkənin regional iqtisadi əlaqələr sistemində rolunu artırır. Bu proses Azərbaycanın xarici siyasətinin iqtisadi diplomatiya istiqamətində də yeni imkanlar formalaşdırır.


İnvestisiya Forumunda Azərbaycan dövləti ilə dünyanın tanınmış səhmdarları, nəhəng şirkətləri arasında ümumi dəyəri 10,8 milyard dollar olan 23 kapital sazişlərinin imzalanması ölkəmizə olan dərin iqtisadi inamın təzahürüdür. Həmin sazişlərin böyük bir qismi yeni iqtisadi və sənaye transformasiyasına - rəqəmsal quruculuq, suni intellekt, bərpa olunan enerji, data infrastrukturlarının yaradılması, yeni sənaye əczaçılığı kimi sektorları əhatə edir və bu layihələrin icrasında dünyanın ən tanınmış şirkətləri təmsil olunacaq. Bu qərarlar Azərbaycanın iqtisadi dividentlər əldə etməsi ilə yanaşı, siyasi münasibətlər sistemində də strateji yerini möhkəmləndirəcək.


Beləliklə Prezident İlham Əliyevin xarici investorlara verdiyi mesaj tam aydındır. Azərbaycan əlverişli və münbit sərmayə mühiti təmin etməklə, stimullaşdırıcı təşviqlər yaratmaqla qlobal investorları yeni iqtisadi layihələrdə birgə çalışmağa, inkişaf yolunda birgə addımlamağa dəvət edir.



DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.