Dəmir yumruq » Manşet » Azərbaycan və Gürcüstan Ali məhkəmələri arasında Memorandum imzalandı - Fotolar
Manşet / Hadisə / Bugün, 19:14

Azərbaycan və Gürcüstan Ali məhkəmələri arasında Memorandum imzalandı - Fotolar

Bu  gün ölkəmizdə səfərdə olan Gürcüstan Ali Məhkəməsinin sədri Nino Kadagidzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Ali Məhkəməsində görüş keçirilib.

 
Demiryumruq.az xəbər verir ki, Ali Məhkəmənin sədri İnam Kərimov Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətlərinin məhkəmə sahəsində əlaqələrin genişləndirilməsi üçün əlverişli zəmin yaratdığını bildirib. Qarşılıqlı səfərlərin və davamlı dialoqun təcrübə mübadiləsinə, eləcə də əməkdaşlığın inkişafına töhfə verdiyi vurğulanıb.
 
Görüşdə Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları, ədalət mühakiməsinin səmərəliliyinin və əlçatanlığının artırılması istiqamətində görülən işlər barədə məlumat verilib. Ali Məhkəmənin vahid məhkəmə təcrübəsinin formalaşdırılması sahəsində fəaliyyəti diqqətə çatdırılıb.
 
Müzakirələr zamanı məhkəmələrin fəaliyyətində müasir texnologiyaların tətbiqi və bu sahədə təcrübə mübadiləsinin əhəmiyyəti qeyd olunub.
 
Gürcüstan Ali Məhkəməsinin sədri Nino Kadagidze səmimi qəbula görə təşəkkürünü bildirərək iki ölkənin ali məhkəmələri arasında əlaqələrin inkişafına önəm verildiyini və qarşılıqlı təcrübə mübadiləsinin faydalı olduğunu vurğulayıb.
 
Görüşün sonunda Azərbaycan Ali Məhkəməsi ilə Gürcüstan Ali Məhkəməsi arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
 
Memorandum məhkəmə sahəsində qarşılıqlı təcrübə mübadiləsinin təşviqinə, hakimlərin və məhkəmə əməkdaşlarının peşəkar bilik və bacarıqlarının artırılmasına, habelə iki ölkənin ali məhkəmələri arasında ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsinə yönəlib.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.