Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə 28 mart – 7 aprel tarixlərində Bakı şəhəri və bölgələrdə gənclər arasında intihar və intihara cəhd hadisələrinə dair “İntihar seçim deyil” mövzusunda silsilə təlimlər keçirilib.
Tədbirlərin keçirilməsinin məqsədi gənclər arasında intihar və intihara cəhd hallarının minimuma endirilməsi, bu cür hadisələrin qarşısının alınması istiqamətində zəruri tədbirlərin görülməsi və daha geniş əhatə dairəsinin adıçəkilən məsələlərlə bağlı məlumatlılığının artırılması olub.
Təlimlər Bakı şəhərinin 10 rayonunda (Binəqədi, Sabunçu, Xəzər, Nəsimi, Qaradağ və Suraxanı rayon Gənclər evləri, eləcə də Bakı Mühəndislik Universiteti (Abşeron rayonu), Bakı Ali Neft Məktəbi (Xətai rayonu), Azərbaycan Dövlət İqtisad Universiteti (Nərimanov rayonu) və Bakı Dövlət Universitetinin (Yasamal rayonu) inzibati binaları), eləcə də 5 müxtəlif bölgədə (Sumqayıt Dövlət Universiteti, Gəncə Gənclər evi, Quba və Qusar Heydər Əliyev Mərkəzləri və Ziya Bünyadov adına 2 saylı orta məktəbin (Astara) inzibati binası) yerləşən gənclər evlərində və ali təhsil müəssisələrinin binalarında keçirilib. Təşkil edilmiş 15 təlimə 1000-ə yaxın gənc iştirakçı qismində qatılıb.
Silsilə tədbirlərdə müvafiq şəhər və rayonların hüquq-mühafizə orqanlarının, o cümlədən rayon prokurorluqlarının nümayəndələri, “LOQOS” Psixoloji və Nitq Mərkəzinin peşəkar psixoloqları, yerli Gənclər və İdman idarələri və Təhsil şöbələrinin məsul əməkdaşları, eləcə də Gənclər Fondunun nümayəndələri iştirak ediblər.
Təlimlərdə iştirak etmiş ekspert və psixoloqlar təmsil etdikləri təşkilatların bu cür halların qarşısının alınması istiqamətində gördükləri işlər barədə gənclərə geniş məlumat veriblər. Psixoloqlar gənclər arasında intihar hallarının yaranmasının səbəbləri, risk qrupunda olan şəxslərin müəyyən edilməsi, intihara meylli davranışın əlamətləri və müvafiq mübarizə üsulları haqqında maarifləndirici məlumatlar verib, gənclərin suallarını cavablandırıb və təlim iştirakçıları ilə fikir mübadiləsi aparıblar.
“İntihar seçim deyil” mövzusunda silsilə təlimlər intihar hadisələrinin minimuma endirilməsi istiqamətində çalışan müvafiq qurumlararası İşçi Qrupunun Fəaliyyət Planı çərçivəsində həyata keçirilib.