Xəbər lenti
Dəmir yumruq » Manşet » Naxçıvan Muxtar Respublikası sosial-iqtisadi və mədəni inkişafının tarixi dönüş mərhələsini yaşamaqdadır - İCMAL
Manşet / Cəmiyyət / 12-04-2022, 20:01

Naxçıvan Muxtar Respublikası sosial-iqtisadi və mədəni inkişafının tarixi dönüş mərhələsini yaşamaqdadır - İCMAL

Naxçıvan Muxtar Respublikası sosial-iqtisadi və mədəni inkişafının tarixi dönüş mərhələsini yaşamaqdadır - İCMAL

Ulu öndərimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş inkişaf konsepsiyasının ardıcıl şəkildə həyata keçirilməsi Naxçıvan Muxtar Respublikasında davamlı və tarazlı inkişafı təmin edib, rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşmasına, sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına hərtərəfli şərait yaradıb. Muxtar respublikada infrastruktur layihələrinin reallaşdırılması, lazımi islahatların vaxtında aparılması uğurlu nəticələr əldə olunmasına şərait yaradıb, irimiqyaslı quruculuq, abadlıq işlərinin davam etdirilməsinə, kənd təsərrüfatı, sənaye sahəsi də daxil olmaqla, bütün istiqamətlərdə yeni-yeni uğurların qazanılmasına rəvac verib. Görülən işlər muxtar respublikanın şəhər, qəsəbə və kəndlərinin simasını köklü şəkildə dəyişib, bölgələrinin potensialı artıb. Bütün bunlara əsaslanaraq əminliklə deyə bilərik ki, bu gün Naxçıvan sosial-iqtisadi və mədəni inkişafının tarixi dönüş mərhələsini yaşamaqdadır.

Muxtar respublikada ümummilli lider Heydər Əliyev yoluna sədaqət göstərərək inkişafa öz töhfəsini verənlərin, dövlətçiliyimizin güclənməsində xidmətləri olanların, fədakarlıqla çalışanların, öz əməyi ilə digərlərinə nümunə olanların fəaliyyəti daim yüksək qiymətləndirilib.

Martın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Respublikasının medallarının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının, eləcə də “Rəşadətli əməyə görə” nişanının təqdimat mərasimi keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təltif olunanlara çalışdıqları sahələrdə fərqləndiklərinə və göstərdikləri xidmətlərə görə təşəkkürünü bildirib, fəaliyyətlərində uğurlar arzulayıb və qarşıdan gələn Novruz bayramı münasibətilə təbriklərini çatdırıb.

Sonra Ali Məclisin Sədri Azərbaycan Respublikasının medallarını və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarını və vəsiqələrini, eləcə də “Rəşadətli əməyə görə” nişanını təqdim edib. Ali Məclisin Sədri şəhidlərimizə rəhmət diləyib, bir daha təltif olunanları təbrik edib, işlərində uğurlar arzulayıb.

Şəhid ailələrinə və qazilərə mənzillər və avtomobillər təqdim olunur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır və biz bunu bu gün əyani şəkildə görürük. Öz sağlamlığını itirmiş, yaralanmış qazilər bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunmalıdır və biz bunu təmin edirik”.

Bu gün muxtar respublikada şəhid ailələrinə və müharibə iştirakçılarına hərtərəfli qayğı göstərilir. Ötən müddətdə İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və qazilərin mənzil və avtomobillərlə təminatı diqqətdə saxlanılıb, ümumilikdə, 28 şəhid ailəsi mənzillə, 28 qazi avtomobillərlə təmin olunub. Həmçinin Vətən müharibəsi qazilərindən 56-na əlillik təyinatı aparılıb, 75 ailə özünüməşğulluq proqramına cəlb edilib. Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları və yaralananlar üçün yaradılmış Psixoloji Dəstək Xidmətində 40-dan artıq şəxsə xidmət göstərilib. Bu günədək müvafiq kateqoriyadan olan 24 şəxsin muxtar respublika xaricində müalicə və müayinəsinə köməklik göstərilib, 19 nəfərin kredit borcları ödənilib, 32 ailənin məişət şəraiti yaxşılaşdırılıb, 1 şəhid ailəsi üzvünün təhsil xərcləri qarşılanıb. Naxçıvan Muxtar Respublikasında şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinin fəaliyyəti nəticəsində ötən müddətdə 126 şəhidin 251 ailə üzvünə vəsiqələr verilib, 277 şəhid ailəsi üzvünə Prezident təqaüdü, 39 uşaq üçün sosial müavinət, 2 nəfərə Vətən Müharibəsi Qəhrəmanı üçün Prezident təqaüdü təyin edilib. Vətən müharibəsi iştirakçılarından 13-ü Naxçıvan Əlillərin Bərpa Mərkəzində müalicə alıb, 21-nə texniki və yardımçı reabilitasiya vasitələri təqdim edilib.

Martın 15-də – İlaxır çərşənbə günü daha 10 şəhid ailəsinə və qaziyə mənzillər, 10 Vətən müharibəsi iştirakçısına isə avtomobillər təqdim olunub.

Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanın xoşbəxt gələcəyi Azərbaycan vətəndaşlarının Vətənə olan sevgisi, vətənpərvərliyi və millətimizin qüdrəti ilə bağlıdır” fikirlərini xatırladaraq deyib: “İkinci Qarabağ müharibəsində Lider-xalq birliyi və igid oğullarımızın qəhrəmanlığı xalqımıza böyük Zəfər qazandırdı. Bu gün Azərbaycanda şəhid ailələrinin və müharibə iştirakçılarının sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Xalqımızın birlik və vətənpərvərliyinin ifadəsi olan Novruz bayramı ərəfəsində muxtar respublikada şəhid ailələrinin və müharibə iştirakçılarının mənzil və avtomobillərlə təmin olunması da bu tədbirlərin davamıdır”.

Ali Məclisin Sədri şəhidlərimizin əziz xatirəsinə ehtiramını bildirib, şəhid ailələrini və qaziləri mənzillər və avtomobillərlə təmin olunmaları, eləcə də bütün şəhid ailələrini, veteranları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.

Sonra Ali Məclisin Sədri mənzillərin orderlərini və avtomobillərin açarlarını təqdim edib, şəhid ailələrinə və qazilərə rahat həyat arzulayıb. Tədbir çay süfrəsi arxasında davam edib. Sonda xatirə şəkli çəkdirilib.

Şəhid ailələrinə və qazilərə verilən 2 və 3 otaqlı mənzillər Kəngərli rayonunun Qıvraq qəsəbəsində, Şərur, Culfa və Şahbuz şəhərlərindəki yeni yaşayış binalarında yerləşir. Tam təmir olunan mənzillərə mebel dəstləri qoyulub, lazımi məişət şəraiti yaradılıb.

Milli birliyimizin təcəssümü olan Novruz bayramı yeni-yeni uğurlarla qarşılanıb

İnsanlarda ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa məhəbbət hissi oyadan Novruz bayramının hər il Naxçıvan Muxtar Respublikasında quruculuq, əmin-amanlıq və sabitlik şəraitində qeyd olunması ümummilli liderimiz Heydər Əliyev siyasi xəttinin bəhrəsidir. Artıq iki ildir ki, milli birliyimizin təcəssümü olan Novruz bayramı həm də Zəfər ovqatı ilə qarşılanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi: “Haqq işi uğrunda mübarizə duyğusundan aldığımız misilsiz mənəvi güclə biz sınaq anında yumruq kimi birləşərək əzəli torpaqlarımıza xaincəsinə uzanan əlləri kəsmiş, yurdumuzu bədxah düşməndən təmizləmiş və ədaləti qanımız bahasına bərpa etmişik. Ruhumuzun yenilməzliyinin təntənəsinə çevrilən və bizi dünyaya məğrur millət olaraq tanıdan şanlı Zəfərimiz Azərbaycana əbədi bahar gətirmişdir”.

Martın 19-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib. Ali Məclisin Sədri bayram tədbirindəkı çıxışında deyib: “Bu gün Novruz bayramı Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında əmin-amanlıq, birlik, sabitlik və firavanlıq şəraitində, ən əsası isə böyük Qələbə sevinci ilə qeyd olunur. Bunun bir səbəbi var: o da ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davam və inkişaf etdirilən Heydər Əliyev yolu, xalqımızın bu yola olan dərin sədaqəti və birliyidir. Ulu Öndərin yolunun davam etdirilməsi nəticəsində muxtar respublikada da 2021-ci il inkişaf və quruculuq dövrü kimi tarixə düşmüş, ümumi daxili məhsul istehsalı 3 milyard manatdan artıq olmuşdur. Bu dövrdə iqtisadi göstəricilər artım dinamikası ilə qeydə alınmış, sənaye məhsulu 1,7, əsas kapitala yönəldilən vəsaitlər 2, kənd təsərrüfatı məhsulu 5,3, informasiya və rabitə xidmətləri 6,9 və pərakəndə əmtəə dövriyyəsi 2,1 faiz artmışdır. Özəl bölmənin inkişafı da diqqətdə saxlanılmış, iqtisadi fəaliyyətin müxtəlif sahələrində 142 layihə üzrə istehsal və xidmət obyektləri yaradılmışdır. Muxtar respublikada tikinti-quruculuq işləri də davam etdirilmiş, 355 müxtəlif təyinatlı obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Bütün bu uğurlara insan əməyi, zəhməti olmadan nail olmaq mümkün deyil. Muxtar respublikamızın inkişafına öz töhfəsini verənlərin hamısına təşəkkürümü bildirirəm. Əminik ki, iqtisadi imkanlar muxtar respublikada bundan sonra da inkişaf dinamikasını qoruyub saxlayacaqdır. Bayramın yeniləşdirici ab-havasına uyğun olaraq abadlıq-quruculuq işləri 2022-ci ildə də davam etdiriləcək, iqtisadiyyatın bütün sahələrində inkişaf təmin olunacaq, sabitlik daha da möhkəmləndiriləcəkdir”.

Ali Məclisin Sədri Novruz bayramı münasibətilə şəhid ailələrini, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisindəki ordu, birləşmə və hissələrinin şəxsi heyətlərini, veteranları, bütün muxtar respublika əhalisini təbrik edib.

Builki Novruz bayramında da musiqi kollektivlərinin iştirakı, Novruz adətlərimizin və milli dəyərlərimizin nümayişi böyük marağa səbəb olub. Ali Məclisin Sədri “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının, “Naxçıvan Məhsulları” publik hüquqi şəxsin, “Ləzzət Qida Sənaye” Мəhdud Məsuliyyətli Cəmiyyətinin, Babək “Sirab” Açıq Səhmdar Cəmiyyətinin, “Badamlı Mineral Sular” Мəhdud Məsuliyyətli Cəmiyyətinin stendlərinə baxıb. Bayram şənliyində Təhsil Nazirliyi tərəfindən innovativ dərnəklərin təqdimatı olub. Ali Məclisin Sədri məktəblilərin hazırladığı dulusçuluq, xalçaçılıq, toxuculuq və bədii tikmə, ağac üzərində oyma, mis üzərində döymə, duz və dəri üzərində işləmə, ebru sənəti və bijuteriyadan ibarət əl işlərinə baxıb.

Naxçıvan Dövlət Universitetində təhsil alan xarici tələbələr milli dəyərlərimiz, adət-ənənələrimizlə tanış olur, milli musiqilərimiz və rəqslərimizi öyrənirlər. Universitetin xarici tələbələrindən ibarət rəqs qrupunun ifasında “Gülüm hey” və yallı rəqslərindən ibarət kompozisiya, “Sarı gəlin” mahnısının təqdimatı xoş təəssürat yaradıb. Ali Məclisin Sədri Naxçıvan Dövlət Universitetinin xarici tələbələrindən ibarət rəqs qrupu ilə şəkil çəkdirib. Muxtar respublika rəhbəri Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi üzvlərinin dekorativ-tətbiqi sənət nümunələrinə baxıb, “Var gülüşündə” və “Yaşa mənim xalqım” mahnıları tədbir iştirakçılarının alqışları ilə müşayiət olunub.

Muxtar respublikada dahi şəxsiyyətin müəyyənləşdirdiyi dövlət-din münasibətləri ardıcıl şəkildə həyata keçirilir

Gələcəyimizi qorumağın və yeni nəsillərə çatdırmağın ən mühüm şərti milli dövlətçilik ənənələrinin qorunması və yaşadılmasıdır. Bu isə təkcə ərazinin və ya maddi sərvətlərin yox, həm də milli, dini-mənəvi dəyərlərin qorunması, onun düzgün təbliği ilə mümkündür. Bu gün bütün bunlar Naxçıvanda ən yüksək səviyyədə təmin olunub. Belə ki, müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında da dahi şəxsiyyətin müəyyənləşdirdiyi dövlət-din münasibətləri ardıcıl şəkildə həyata keçirilib, 169 məscid tikilərək və yaxud yenidən qurularaq istifadəyə verilib. Hazırda muxtar respublikada 214 məscid vardır. Nuh Peyğəmbərin türbəsi, “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi və 3 imamzadə bərpa olunub. Dindarların biliklərinin artırılması sahəsində də işlər görülüb, 407 din xadiminə vəsiqə verilib. Mövcud dini-mədəni irsin və görülən işlərin nəticəsi olaraq Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı seçilib.

Bu gün muxtar respublikada dövlət-din münasibətləri dəyərlərimizə və qanunvericiliyin tələblərinə uyğun tənzimlənir, mənəvi dəyərlərin qorunub yaşadılması istiqamətində sistemli tədbirlər görülür. Müstəqillik illərində muxtar respublikada Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi, Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şura, Mənəvi Dəyərlər Fondu, hər rayonda Multikulturalizm və Dini Məsələlər üzrə Komissiyalar və dini icmalar yaradılıb. Həmçinin dini təhsil sistemi təkmilləşdirilib, “Naxçıvan” Universitetində Dinşünaslıq ixtisası açılıb, eyni zamanda dindarlar üçün kurslar təşkil olunub. Muxtar respublikada dini-mənəvi dəyərlərlə bağlı ümumiləşdirici əsərlər, 20-yə qədər kitab və monoqrafiyalar, çoxsaylı məqalələr nəşr etdirilib. Bundan başqa “Ailə və məişətlə bağlı adətlər, inamlar, etnogenetik əlaqələr”, “Naxçıvanda sosial-siyasi və ideoloji mərkəzlər”, “Azərbaycanlıların məişətində islamaqədərki mərasimlər, ayinlər və inanclar”, “İslamda imamilik” mövzularında elmlər doktoru və fəlsəfə doktoru dissertasiyaları müdafiə edilib. Muxtar respublikada indiyədək bərpa olunan 70-dən artıq tarix-mədəniyyət abidəsinin böyük bir qismini İslam dini ilə əlaqədar olan abidələr, o cümlədən məscidlər, xanəgahlar, türbələr, imamzadələr və başqaları tutur. Ali Məclis Sədrinin Sərəncamları əsasında AMEA Naxçıvan Bölməsində yaradılan “Tədqiqat qrupları” İslam mədəniyyətinin möhtəşəm nümunələrindən olan Gülüstan türbəsi və Qarabağlar Türbə Kompleksində tədqiqatlar aparıb, tədqiqatın nəticələrinə əsasən “Gülüstan türbəsi” və “Qarabağlar Türbə Kompleksi” kitablarını hazırlayıblar. İslam dini ilə bağlı olan “Naxçıvanın türk-islam mədəniyyəti abidələri”, “Naxçıvanın məscid və ziyarətgahları”, “Naxçıvan türbələri”, “Naxçıvan imamzadələri” və digər kitablar hazırlanaraq nəşr etdirilib. Bu gün muxtar respublikada dövlət-din münasibətlərinin inkişafı sahəsində görülən işlərin nəticəsidir ki, dini-mənəvi dəyərlərimiz qorunur, sağlam dini-ideoloji təbliğat işi aparılır.

Ali Məclis Sədrinin qeyd etdiyi kimi, “Yaşadığımız dövrdə dini öyrənərək və mahiyyətinə uyğun təbliğ etmək qarşıda duran əsas vəzifədir”. Martın 29-da Naxçıvan Muxtar Respublikasında dini-mənəvi dəyərlər sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə müşavirədə də muxtar respublikada dini-mənəvi dəyərlər sahəsində görülən işlərə bir daha diqqət yetirilib, aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib. Ali Məclisinin Sədri çıxış edərək deyib: “Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana hər iki rəhbərliyi dövründə mənəvi dəyərlərin qorunub yaşadılmasını diqqətdə saxlamış, müstəqillik illərində ölkəmizdə dövlət-din münasibətlərinin əsasını qoymuşdur. “Dini dəyərlər hər bir cəmiyyətin siyasi, iqtisadi, sosial və mədəni inkişafı üçün möhkəm zəmin yaradan mənəvi keyfiyyətlər formalaşdırır”, – deyən Ulu Öndərin rəhbərliyi ilə bu sahəni tənzimləyən qanunvericilik bazası yaradılmış, vicdan və etiqad azadlığı təmin olunmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyev də dahi şəxsiyyətin yolunu uğurla davam etdirərək dini-mənəvi dəyərləri inkişafın əsas istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir. Artıq Azərbaycan dünyaya dövlət-din modelini təqdim edir, ölkəmizdəki dini dözümlülük və tolerantlıq nümunə kimi qəbul olunur”.

“Mənəvi dəyərlər güclü dövlətçilik, sülh və əmin-amanlıq olan yerdə formalaşır”, – deyən Ali Məclisin Sədri bildirib ki, o cəmiyyət sağlamdır ki, orada mənəvi dəyərlərə sahiblik vardır. Müdriklər də deyirdi ki, inkişaf yalnız elmə əsaslandıqda məqsədə tam çatmaq mümkün deyil. Çünki elmdə irəli gedib mənəviyyatda geridə qalan cəmiyyət, son nəticədə, irəli yox, geriyə gedir. Bu gün dünyanın bir tərəfində insanlar dini və milli dözümsüzlükdən, digər tərəfində təriqətlərarası qarşıdurma və terrorizmdən əziyyət çəkirlərsə, Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında isə dini həmrəylik və tolerantlıq hökm sürür. Təktanrıçılığın mərkəzlərindən olan Naxçıvanda yerli əhali 653-cü ildə İslam dinini könüllü qəbul etmiş, bu ərazidə sağlam dini etiqad və zəngin mənəvi dəyərlər sistemi formalaşmışdır. Təsadüfi deyil ki, on beşinci əsrdə tərtib olunmuş “Dünyanın İslam tarixi xəritəsi”ndə Naxçıvan İslamın ən güclü dayaqlarından biri kimi göstərilmişdir.

Milli-mənəvi dəyərlərimiz təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın mühüm atributudur

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan milli təhlükəsizlik konsepsiyasının başlıca komponentlərindən biri də məhz dini təhlükəsizlikdir. Müəyyən qarşıdurmaların, siyasi kataklizmlərin və müharibələrin hökm sürdüyü dünyada bu amil əhəmiyyətini qoruyur. Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan güclü siyasi iradə nümayiş etdirərək dini təhlükəsizliyi təmin edib və bu siyasətin hazırkı dövrdə davam etdirilməsi olduqca vacibdir.

Naxçıvan Muxtar Respublikasında dini-mənəvi dəyərlər sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə müşavirədə də bir sıra mühüm məsələlərlə yanaşı, bu məsələ də diqqət mərkəzində olub. Çünki Naxçıvan geostrateji baxımdan çox mühüm bir məkanda yerləşir və bu gün olduğu kimi, gələcəkdə də onun bütün sahələr üzrə təhlükəsizliyinin təmin olunması önəmlidir.

Ali Məclisin Sədri aidiyyəti üzrə tapşırıqlar verərək deyib: “Dini təhlükəsizlik olmadan milli təhlükəsizlikdən danışmaq mümkün deyil. Ulu öndərimiz Heydər Əliyev deyirdi ki, “Milli-mənəvi dəyərlərimiz təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın mühüm atributudur”. Sağlam mənəviyyat üç yolla – milli kimliklə dinin, elmlə dinin və təhsillə dinin vəhdəti hesabına formalaşır. Qarşıda duran birinci vəzifə dini kimliyimizlə milli kimliyimizin vəhdət təşkil etməsidir. Bu səbəbdən də dini dəyərlərimizlə milli adət-ənənə və dəyərlərimiz xalqımızın varlığının ifadəsi kimi vahid sistem formasında qorunmalı, inkişaf və təbliğ edilməlidir. Məzhəbçilik, radikalçılıq və xurafatçılıq təkcə dini-mənəvi dəyərlərə zidd olan hərəkətlər deyil, eyni zamanda milli təhlükəsizlik üçün təhdiddir. Bu məsələ daim diqqətdə saxlanılmalı, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi məzhəb və dini ayrı-seçkiliyə, qeyri-ənənəvi dini cərəyan və təriqətlərə qarşı tədbirlərini davam etdirməli, dini baxışlardan kənar məqsədlər üçün istifadə cəhdlərinin qarşısı alınmalıdır. Naxçıvan Muxtar Respublikası mühüm strateji mövqedə yerləşir. Ona görə də Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti dini təhlükəsizliklə bağlı əməliyyat və profilaktik tədbirləri diqqətdə saxlamalıdırlar”.

Ali Məclisin Sədri çıxışını ölkə Prezidenti İlham Əliyevin “Azərbaycan müstəqil dünyəvi dövlətdir. Konstitusiyaya görə din dövlətdən ayrıdır, ancaq din və dövlət həmişə birdir, bir yerdədir. Belə də olmalıdır. Çünki bizim amalımız da, istəyimiz də birdir. Biz istəyirik ki, Azərbaycan daha da güclü dövlətə çevrilsin, insanlar daha da yaxşı yaşasınlar, Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənsin... və uzunmüddətli inkişafımız uğurlu olsun” fikirləri ilə tamamlayıb, bu yolda və qarşıya qoyulan vəzifələrin icrasında uğurlar arzulayıb.

Sonra dini-mənəvi dəyərlərə həsr olunmuş sərgiyə baxış olub. Sərgidə Naxçıvan Muxtar Respublikasında dini-mənəvi dəyərlərə dair dərc olunmuş 40-a yaxın kitab, xəttatlıq nümunəsi, eləcə də qəzet materialları, dini-mənəvi dəyərlərə həsr olunmuş fotoşəkillər və sənədli filmlər nümayiş olunub.

Muxtar respublika rəhbəri Nemətullah Naxçıvaninin “Qurani-Kərim”in təfsirinin dini maarifləndirmə tədbirlərində və kadr hazırlığında istifadəsinin əhəmiyyətini vurğulayıb, ali dini təhsilli kadrların hazırlanması və Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində dini ədəbiyyatların tərcümə olunması barədə müvafiq tapşırıqlar verib, dini-mənəvi dəyərlər sahəsində görülən işlərdə əməyi olanlara və muxtar respublika dindarlarına təşəkkür edib.

Sonra Babək, Ordubad, Culfa və Kəngərli rayon dini icmalarına avtomobillər təqdim olunub.

Qardaş Türkiyə ilə təhsil sahəsində əməkdaşlıq genişlənir

Muxtar respublikamızın qonşu ölkələrlə iqtisadi-ticarət, mədəniyyət əlaqələri durmadan inkişaf edir. Bu sırada qardaş Türkiyə özünəməxsus yerə sahibdir. Bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasında da çoxşaxəli faydalı əməkdaşlıq əlaqələri qurulub. Təhsil, səhiyyə, mədəniyyət, ticarət və iqtisadi sahələrdəki əlaqələrin inkişafı məmnunluq doğurur.

Martın 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikasının Ankara, Qazi və İstanbul Texnik universitetlərinin rektorları ilə görüşüb.

Ali Məclisin Sədri qardaş Türkiyənin ilk yerlərdə olan universitet rektorlarının Naxçıvana səfərindən məmnunluğunu bildirib, Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlığa görə qonaqlara təşəkkür edib. Azərbaycan-Türkiyə strateji tərəfdaşlığına toxunan Ali Məclisin Sədri təhsil sahəsindəki əməkdaşlığa diqqəti çəkib və təhsilin hər bir ölkə üçün strateji sahə olduğunu bildirib. Ali Məclisin Sədri “Elm paylaşıldığı zaman daha da çoxalır”, – fikrini xatırladaraq ali təhsil müəssisələri arasındakı əməkdaşlığın bu baxımdan faydalı olacağını vurğulayıb.

Başdan-başa tikilib ucaldılan Naxçıvan bu gün dünyaya qədimliklə müasirliyin ecazkar vəhdətini nümayiş etdirir

Ümummilli lider Heydər Əliyevin strateji inkişaf xəttinin həyata keçirilməsinin, qurucu rəhbərin öz Vətəninə, elinə bağlılığının, gərgin əmək və misilsiz əzmkarlığın nəticəsidir ki, bu gün blokada vəziyyətində olan Naxçıvan sürətli inkişaf yolunda inamla irəliləyir. Muxtar respublikada fəaliyyətdə olan Dövlət proqramlarının icrası zamanı məsələlərə yanaşmada müasir dövrün tələblərinin əsas götürülməsi, inkişafın planlaşdırılması və idarə olunmasına əsaslanan səmərəli idarəetmə sisteminin mövcudluğu davamlı yüksəlişi təmin edir. Başdan-başa tikilib ucaldılan, qədim sivilizasiyanın beşiyi olan Naxçıvan bu gün dünyaya qədimliklə müasirliyin ecazkar vəhdətini nümayiş etdirir. Muxtar respublikada görülən işləri, həyata keçirilən tədbirləri yüksək qiymətləndirən Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Naxçıvanın inkişafı daim diqqət mərkəzindədir. Naxçıvan rəhbərliyi çox uğurla, səmərəli işləyir. Naxçıvanın siması dəyişir. Bu gün Naxçıvan nəinki Azərbaycanda, bölgədə, dünya miqyasında ən abad şəhərlərdən biridir. Təkcə şəhərdə yox, bütün bölgələrdə də quruculuq, inkişaf işləri gedir. Bu gözəl uğurlar münasibətilə sizi təbrik edirəm. Sizə yeni uğurlar, qələbələr arzulayıram”.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.