Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 5-6 martda keçirilən buraxılış imtahanlarında iştirakı nəzərdə tutulan 47726 nəfərdən 513 nəfər imtahana gəlməyib.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Qeyd edilib ki, tələb olunan imtahan qaydalarını pozduğu üçün 13 nəfərin nəticəsi ləğv olunub.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 11 aprel tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 4-6 aprel tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.