Xəbər lenti
Dəmir yumruq » Manşet » Türk Dövlətləri Təşkilatının II Diaspor Forumu baş tutub
Manşet / Siyasət / 29-03-2022, 12:26

Türk Dövlətləri Təşkilatının II Diaspor Forumu baş tutub

Türk Dövlətləri Təşkilatının II Diaspor Forumu baş tutub

Martın 28-də Türkiyənin Bursa şəhərində Türk Dövlətləri Təşkilatının II Diaspor Forumunun açılış mərasimi keçirilib.

Mərasimdə Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəhbəri (YTB) Abdullah Eren, Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Alinur Aktaş, Bursa valisi Yakup Canpolat, Türk Dövlətləri Təşkilatının baş katibi Bağdat Amreyev, Türkiyənin Mədəniyyət və Turizm Nazirinin müavini Serdar Çam, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım çıxış ediblər.

Forumun 2022-ci il üzrə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan olunmuş Bursa şəhərində keçirilməsinin təsadüfi olmadığını nəzərə çatdıran natiqlər II Diaspor Forumunun işə başlaması münasibətilə tədbir iştirakçılarını təbrik ediblər və uğurlar arzulayıblar.

“TDT-yə üzvü olan ölkələrin diasporlarının mövcud vəziyyəti və gələcək perspektivləri” mövzusuna həsr olunmuş panel iclasında YTB sədri Abdullah Eren, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Qazaxıstanın “Vətəndaşlar” Fondunun vitse-prezidenti Magauiya Sarbassov, Qırğızıstan Xarici İşlər Nazirliyinin Məcburi Miqrasiya üzrə Departamentinin direktoru Taştanbek Kayimazarov, Özbəkistan Nazirlər Kabineti nəzdində Millətlərarası Əlaqələr və Xarici Ölkələrlə Dostluq Komitəsinin sədri Rustambek Kurbanov çıxış ediblər.

Tədbir iştirakçılarını salamlayan Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) sədri F.Muradov forumun Bursa şəhərində keçirilməsini tarixi hadisə adlandırıb. “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunan Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Qarabağda Zəfər əldə olunmasının bütün türk dünyası üçün böyük əhəmiyyət daşıdığına diqqəti cəlb edən sədr bildirib ki, 44 günlük Vətən müharibəsi dönəmində TDT ölkəmizə dəstək göstərib və xalqımızla həmrəylik nümayiş etdirib.

TDT ilə əməkdaşlıq çərçivəsində ötən müddət ərzində diasporlar arasında konkret fəaliyyətin həyata keçirildiyi, Azərbaycanın diaspor siyasəti, Şuşa Bəyannaməsinin tələbləri, 2021-ci ilin noyabrında Nyu-York şəhərindəki “Türk Evi”ndə türk dövlətləri diasporlarının birgə fəaliyyətinin müzakirə edildiyi, Azərbaycan və türk diasporları arasındakı əlaqələrin möhkəmlənməsi, kommunikasiyaların təkmilləşdirilməsi üçün həyata keçirilən tədbirlərin öz bəhrəsini verdiyi, panel iclasının türk dövlətləri diasporlarının gələcək fəaliyyət üçün davamlı və həmrəy addımlar atmaq naminə yeni imkanlar açacağı nəzərə çatdırılıb.

Forumun akademik sessiyası “TDT-yə üzv olan ölkələrin diasporlarının tarixi prosesi”, QHT-lər sessiyası “Diasporda QHT-lərin bacarıqlarının artırılması – çağırışlar” mövzularına həsr edilib. Bu istiqamətdə aparılan panel müzakirələri türk dünyasının elm xadimləri və QHT nümayəndələrinin iştirakı ilə davam edib.

Martın 29-da isə tədbir çərçivəsində Diaspor İnstitusional Təcrübə Mübadiləsi Proqramı təqdim olunacaq.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.