Noyabrın 21-də Azərbaycanın və Cənubi Qafqaz regionunun ən güclü siyasi təşkilatı – Yeni Azərbaycan Partiyasının yaradılmasının 34 ili tamam olur. Müasir Azərbaycan Respublikasının dövlət quruculuğu, ictimai-siyasi sabitliyin bərqərar olması və ölkəmizin regional güc mərkəzinə çevrilməsi prosesində Yeni Azərbaycan Partiyasının rolu əvəzedilməzdir. Partiyamızın yaranmasının növbəti ildönümünü qeyd edərkən ilk növbədə Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə dərin hörmət və ehtiramımızı bildiririk.
Müstəqil Azərbaycan Respublikasının mövcudluğunun qorunub saxlanılması, siyasi və iqtisadi sabitliyin möhkəmlənməsi və dayanıqlı inkişafı, qabaqcıl dövlətlər sıasında yer alması müasir dövlətimizin memarı Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Ötən əsrin 90-cı illərində ikinci dəfə müstəqilliyinə qovuşmuş Azərbaycan hakimiyyət böhranı, dərin iqtisadi tənəzzül, səriştəsiz və təsadüfi adamların rəhbərliyi dövründə ağır sınaqlarla üz-üzə qalmışdı.
Məhz bu taleyüklü məqamda xalqımızın ziyalılarının bir qrupu Naxçıvan Muxtar respublikasının Ali Məclisinin Sədri vəzifəsində işləyən Ulu öndərə təkidli müraciətlə ölkənin siyasi müqəddaratının onun əlində olduğunu bildirdilər və onu yeni yaradılacaq partiyaya rəhbərlik etməyə çağırdılar. Heydər Əliyevin də oktyabrın 24-də verdiyi razılıq cavabından sonra -1992-ci il noyabrın 21-də Naxçıvanda 550 nəfərdən artıq nümayəndənin iştirakı ilə keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası yaradıldı, Proqram və Nizamnaməsi qəbul edildi. Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi.
1993-cü ildə Ulu öndərin yenidən hakimiyyətə qayıdışı ilə Yeni Azərbaycan Partiyası müxalifətdən ölkənin aparıcı iqtidar partiyasına çevrildi. Bununla da respublikamızda güclü siyasi sabitlik və əmin-amanlıq arxitekturası əsasında milli inkişafımızın əsaslı sütunları yaradıldı. Azərbaycan sabit və dayanıqlı inkişaf yolunda irəlilədi, Heydər Əliyevin rəhbərliyi altında ölkəmiz 1993-2003-cü illərdə sürətli tərəqqiyə çataraq dünya birliyində öz layiqli yerini aldı.
2003-cü ildə cənab İlham Əliyevin prezident seçilməsi və 2005-ci il martın 26-da keçirilən III qurultayda Yeni Azərbaycan Partiyasının sədri seçilməsi ilə partiyanın həyatında yeni inkişaf mərhələsi başladı. 2003-2020-ci illər Azərbaycanın sürətli sosial-iqtisadi yüksəlişi, qlobal enerji layihələrinin reallaşması və müasir ordu quruculuğu dövrü kimi tarixə düşdü. Partiyanın ardıcıl keçirilən qurultayları köklü islahatların siyasi-ideoloji bazasını təmin etdi və Yeni Azərbaycan Partiyası cəmiyyətin bütün təbəqələrini birləşdirən ümumxalq partiyasına çevrildi.
2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Qələbə və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirlər nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunması partiyanın təsis edildiyi gündən qarşıya qoyduğu ən ali milli hədəfin gerçəkləşməsi oldu. Ulu öndərin siyasi vəsiyyətində yer alan ən ümdə və ali vəzifə - Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olundu. Heydər Əliyevin yolunu uğurla davam etdirən partiyamızın sədri cənab İlham Əliyevin unikal dövlətçilik istedadı və idarəetməsi sayəsində ölkəmiz davamlı olaraq misilsiz uğurlara imza atdı. Tam suverenlik dövrünün yeni strateji yol xəritəsi isə bu ilin oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VIII qurultayında bəyan olundu. Partiya sədri prezident İlham Əliyevin proqram xarakterli çıxışında gələcəyə yönəlmiş strateji hədəflər əsas vəzifələr kimi müəyyənləşdirildi.
Bu gün təsis olunmasının 34-cü ildönümünü qeyd edən Yeni Azərbaycan Partiyası ötən dövrdə ölkəni böhrandan çıxararaq müstəqil dövlətçiliyi möhkəmləndirmiş və qüdrətli Azərbaycanın davamlı inkişafı naminə fəaliyyətini uğurla davam etdirir.