Dəmir yumruq » Manşet » Noyabrın 20-si Ağdam Şəhəri Günüdür.
Manşet / Siyasət / 20-11-2026, 15:42

Noyabrın 20-si Ağdam Şəhəri Günüdür.

 

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilmiş və sözügedən Sərəncama əsasən 20 noyabr tarixi Ağdam şəhəri günü kimi müəyyən olunmuşdur. Dövlət başçısının bu qərarı Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əbədiləşdirilməsi, xalqımızın qəhrəmanlıq salnaməsinin gələcək nəsillərə çatdırılması və azad edilmiş torpaqlarda həyata keçirilən bərpa-quruculuq prosesinin siyasi-mənəvi əhəmiyyətini vurğulamaq məqsədini daşıyır. Uzun illər dağıntılarla üz-üzə qalan Ağdam artıq yenidən quruculuq işlərinin mərkəzinə çevrilərək müasir şəhər modelinin formalaşdırıldığı strateji məkan kimi ön plana çıxır. Bu baxımdan da bu əlamətdar gün xalqın iradəsi, dövlətin qüdrəti, azad olunmuş ərazilərin dirçəldilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı layihələrin real nəticələrini nümayiş etdirir. Ağdam şəhəri uzun illər boyu Qarabağ bölgəsinin qədim yaşayış məskəni, zəngin mədəniyyətinin daşıyıcısı və strateji əhəmiyyətli bir məkan kimi tanınıb. 1993-cü il Ermənistanın hərbi təcavüzü nəticəsində şəhər tamamilə dağıdılıb, 42 gün davam edən döyüş şəhərin taleyində amansız izlər buraxıb. İşğal, etnik təmizləmə, minlərlə ailənin faciəsi Ağdamın yaddaşına həkk olunsa da, qazanılmış tarixi qələbə ilə bu torpaqlarda yeni bir dirçəliş dövrü başlanıb. 20 noyabrın Ağdam şəhəri günü kimi təsis edilməsi eyni zamanda yeni inkişaf mərhələsinin başlanğıcını təcəssüm etdirir.


Ağdam rayonu 8 avqust 1930-cu ildə yaradılmışdı. Azərbaycan SSRİ-nin inzibati-siyasi bölgüsündə mühüm yer tutmuşdur. Rayonun yerləşdiyi coğrafi mövqe Qarabağın mərkəzi ərazilərini əhatə etdiyindən bu ərazi uzun illər ərzində mədəniyyət qovşağı, kənd təsərrüfatının avanqard mərkəzi, sənət aləminin əsas ocaqlarından biri, strateji hərbi bölgə kimi inkişaf etmişdir. Ağdam təkcə müasir dövrün deyil, həm də qədim sivilizasiyaların izlərini daşıyan bir ərazidir. Burada aparılan arxeoloji və elmi tədqiqatlar Qarabağın dünya mədəniyyət xəritəsində mühüm mövqeyə malik olduğunu təsdiqləyir.


Lakin təxminən 30 ilə yaxın davam edən işğal dövrü bu qədim yurdun tarixinə misli görünməmiş vandalizm və barbarlıq illəri kimi yazıldı. Beynəlxalq hüququn bütün norma və prinsiplərini, o cümlədən Cenevrə Konvensiyalarını kobud şəkildə pozan Ermənistan bütün infrastrukturu planlı şəkildə yerlə-yeksan etdi. Yaşayış binaları, sosial tikililər, təhsil və səhiyyə müəssisələri ilə yanaşı, xalqımızın milli-mədəni kimliyini əks etdirən tarixi memarlıq abidələri, muzeylər, dini ibadət yerləri məhv edildi. Məhz bu total dağıntıların miqyasına görə beynəlxalq ictimaiyyət və xarici ekspertlər Ağdamı “Qafqazın Xirosiması” və “Ruhlar şəhəri” adlandırırlar.


2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi qələbə regionda yeni reallıq yaratdı. Üçtərəfli bəyanata əsasən həmin ilin noyabrın 20-də Ağdamın işğal altında olan əraziləri Azərbaycana qaytarıldı. Bu hadisə uzun illər davam edən ədalətsizliyin aradan qaldırılması istiqamətində mühüm mərhələ oldu. İşğaldan azad olunduqdan dərhal sonra Ağdam rayonunda bərpa və yenidənqurma proseslərinə start verildi. Bu gün dövlətimizin iqtisadi qüdrəti hesabına Ağdamda genişmiqyaslı quruculuq işləri uğurla davam etdirilir. Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində Ağdam şəhərində və rayonun kəndlərində müasir yaşayış məhəllələri, məktəblər, uşaq bağçaları, səhiyyə ocaqları inşa olunur, yeni infrastruktur layihələri həyata keçirilir. Prezident İlham Əliyevin azad edilmiş Ağdama hər səfəri bölgənin inkişaf proqramının yeni mərhələsinin başlanğıcını təşkil edir. Bu səfərlər zamanı yol və kommunikasiya layihələri, su və enerji infrastrukturunun qurulması, Ağdamın tarixi mədəni irsinin bərpası reallaşır. İmarət kompleksinin, Ağdam Cümə məscidinin, tarixi abidələrin bərpası, Muğam Mərkəzinin istifadəyə verilməsi xüsusi əhəmiyyət daşıyır. Ağdamın bərpası təkcə bir rayonun deyil, Azərbaycanın Qarabağ strategiyasının və dövlətin güclü sosial siyasətinin davamlı təzahürüdür.


20 Noyabr – Ağdam şəhəri günü Azərbaycan xalqının tarixi yaddaşını qorunmaq iradəsinin, Vətən müharibəsi Zəfərinin əbədiləşdirilməsinin, dövlətimizin qüdrətinin, Qarabağın dirçəlişinə sarsılmaz inamının rəmzidir.



DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.