Aprel döyüşləri – Zəfərə gedən yolun başlanğıcı..
Aprel döyüşləri Azərbaycan xalqının şanlı qələbə tarixində mühüm mərhələ olmaqla, 44 günlük Vətən müharibəsinə aparan yolun başlanğıcı kimi xüsusi əhəmiyyət daşıyır. Mübariz İbrahimovun qəhrəmanlığı, iyul döyüşlərində general Polad Həşimovun şücaəti xalqımızın yaddaşında silinməz iz qoyaraq milli ruhu daha da gücləndirdi və qələbəyə inamı möhkəmləndirdi.
Nəhayət, 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsi nəticəsində, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Dəmir Yumruq” əməliyyatı sayəsində 30 ilə yaxın işğal altında qalan əzəli torpaqlarımız azad edildi. Azərbaycan əsgərinin, zabit heyətinin və könüllü gənclərin iştirakı ilə düşmənə sarsıdıcı zərbə vuruldu və şəhidlərimizin qanının yerdə qalmadığı bir daha sübuta yetirildi.
“Qarabağ Azərbaycandır!” şüarı xalqımızın qələbə əzmini ifadə edən əsas çağırışa çevrildi. Bu gün Aprel döyüşlərinin ildönümünü qeyd edərkən həmin şanlı tarixə qürur və ehtiramla yanaşırıq.
2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı böyük Zəfərə gedən yolun başlanğıcı oldu. Bu döyüşlər nəticəsində düşmənin “məğlubedilməzlik” mifi darmadağın edildi, xalqımızın qələbəyə inamı daha da artdı.
Aprel döyüşləri zamanı Ermənistan ordusu həm canlı qüvvə, həm də texnika baxımından ciddi itkilər verdi. Azərbaycan Ordusunun qətiyyətli əməliyyatları nəticəsində düşmənin çoxsaylı tankları, artilleriya qurğuları və digər hərbi texnikası məhv edildi. İki min hektardan artıq ərazi işğaldan azad olundu, Lələtəpə yüksəkliyi, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi və digər strateji əhəmiyyətli mövqelər nəzarətə götürüldü.
Bu döyüşlər həm hərbi, həm də psixoloji baxımdan dönüş nöqtəsi oldu. Ordumuzun peşəkarlığı və döyüş qabiliyyəti bir daha sübut edildi, xalq-ordu birliyi möhkəmləndi. Aprel qələbəsi həm də gələcək uğurlar üçün mühüm təcrübə rolunu oynadı.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan Ordusunun möhtəşəm qələbəsi ilə başa çatdı. Sonrakı dövrdə həyata keçirilən antiterror əməliyyatları nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edildi, separatizmə son qoyuldu.
Bu gün azad olunmuş torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Şəhidlərimizin xatirəsi daim uca tutulur və onların qəhrəmanlığı xalqımızın yaddaşında əbədi yaşayır.
Aprel döyüşləri tariximizə təkcə hərbi uğur kimi deyil, həm də milli həmrəyliyin, qələbə əzminin və dövlət-ordu-xalq birliyinin təntənəsi kimi həkk olunub. Qızıl hərflərlə tarixə iz qoyan hadisələr daim yaddaşımızda yaşayacaq.
Anar Nağıyev
hüquqşünas-jurnalist