Dəmir yumruq » Cəmiyyət » Azərbaycan yanğınsöndürənlərin dünya çempionatına ev sahibliyi edəcək
Cəmiyyət / Bugün, 11:54

Azərbaycan yanğınsöndürənlərin dünya çempionatına ev sahibliyi edəcək

 

Noyabrın 2-dən 8-dək Bakıda yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı keçiriləcək.
 
Demiryumruq.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək dünya çempionatında 20-dən artıq ölkədən 400 nəfərdən çox iştirakçı gözlənilir.
 
Azərbaycan İdman Akademiyasının stadionunda keçiriləcək yarış yanğın və xilasetmə idmanının inkişafı, bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi, müxtəlif ölkələrin idmançıları arasında təcrübə mübadiləsinin aparılması baxımından mühüm əhəmiyyət daşıyır.
 
Noyabrın 8-dək davam edəcək çempionatda idmançılar dörd növ üzrə qüvvələrini sınayacaqlar: hücum nərdivanı ilə tədris qülləsinin 2-ci və 4-cü mərtəbələrinə qalxma, 100 metr məsafəyə maneəli qaçış, 4×100 metr məsafəyə yanğın estafeti və döyüş açılışı.
 
İştirakçılar yarışlarda sürət, çeviklik, fiziki hazırlıq və peşəkar bacarıqlarını nümayiş etdirərək dünya çempionu adı uğrunda mübarizə aparacaqlar.
 
Dünya çempionatı çərçivəsində bir sıra ölkələrin uyğun qurumlarının və müvafiq beynəxalq təşkilatların rəhbər vəzifəli şəxslərinin ölkəmizə səfərləri də nəzərdə tutulub.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.