Yağış faciəyə çevrilməməlidir: məsuliyyət, nəzarət və sistemli yanaşma vacibdir.
Azərbaycanda son günlər müşahidə olunan intensiv yağıntılar bir daha göstərdi ki, problem təkcə təbiət hadisələrində deyil, bu hadisələrə hazırlıqsızlıqda və idarəetmədəki ciddi boşluqlardadır. Xüsusilə Bakı şəhəri və respublikanın bir sıra bölgələrində yağış və qar artıq adi hal olmaqdan çıxaraq sosial-iqtisadi fəsadlara səbəb olan fövqəladə vəziyyətə çevrilib.
Bununla yanaşı, qeyd olunmalıdır ki, yaranmış çətin vəziyyətlərdə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və Dövlət Yol Polisi əməkdaşları əsl fədakarlıq nümayiş etdirərək su basmış ərazilərdən sakinlərin təxliyəsini həyata keçirir, təhlükədə olan insanlara operativ kömək göstərirlər. Bu, dövlət qurumları daxilində peşəkar və məsuliyyətli yanaşmanın mümkün olduğunu bir daha sübut edir. Lakin onların gördüyü işlər problemi aradan qaldırmır, yalnız nəticələri yüngülləşdirir.
Əsas problem isə yenə də sistemsiz planlaşdırma və məsuliyyətsizlikdir.
Ölkənin relyefi və hidroloji xüsusiyyətləri nəzərə alınmadan aparılan tikinti işləri vəziyyəti daha da ağırlaşdırır. Yol, körpü və bina tikintisi zamanı su axınları, drenaj sistemləri, kollektor xətləri lazımi səviyyədə nəzərə alınmır. Nəticədə, hər güclü yağışdan sonra yollar su altında qalır, körpüaltı sahələr dolur, yaşayış binalarının zirzəmiləri yararsız vəziyyətə düşür.
Bu prosesdə bir sıra qurumların fəaliyyəti ciddi suallar doğurur:
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Dövlət Su Ehtiyatları Agentliyiv və kanalizasiya sahəsinə cavabdeh qurumlar, tikintiyə icazə verən yerli icra strukturları və digər aidiyyəti təşkilatlar görülən işlərə görə tam məsuliyyət daşımalıdırlar. Layihələrin icrası zamanı texniki normaların pozulması, nəzarətsizlik və formal yanaşma bu günkü problemlərin əsas səbəblərindəndir.
Xüsusilə narahatedici məqamlardan biri də çayların, kanalların və kollektorların mühafizə zonalarında qanunsuz tikililərin inşasıdır. Bu tikililərə icazə verən, yaxud göz yuman qurumlar birbaşa olaraq gələcək fəlakətlərin əsasını qoyurlar. Su axınlarının qarşısının alınması daşqın riskini qat-qat artırır.
Rayonlarda isə vəziyyət daha acınacaqlıdır. Vaxtında təmizlənməyən çaylar və kanallar daşaraq əkin sahələrini məhv edir, insanların illik zəhməti bir neçə saat ərzində su altında qalır. Bu isə həm sosial narazılıq yaradır, həm də iqtisadi zərər deməkdir.
Məsələnin digər vacib tərəfi isə qanunvericilik və parlament nəzarətidir. Azərbaycan Respublikasının ali qanunverici orqanı olan Milli Məclis bu cür problemlərə operativ reaksiya verməli, məsuliyyətsizlik, nəzarətsizlik və dövlət əmlakına vurulan ziyanla bağlı ciddi müzakirələr aparmalıdır. Lakin təəssüf ki, belə hallarda millət vəkillərinin əksəriyyətinin susqunluğu cəmiyyətdə haqlı narazılıq doğurur.
Xalqın seçdiyi, onun sözünü deməli olan deputatlar niyə bu gün xalqın yanında görünmür? Su basmış evlərdə, küçələrdə, obyektlərdə zərər çəkmiş insanların problemləri niyə parlament səviyyəsində qaldırılmır?
Bu gün yüzlərlə ailə evsiz qalmaq təhlükəsi ilə üz-üzədir. Su basmış mənzillər, yararsız hala düşmüş obyektlər, sıradan çıxmış yollar – bütün bunların kompensasiyası necə həyata keçiriləcək?
İcbari sığorta məsələsi burada xüsusi aktuallıq kəsb edir. Bu sahədə mexanizmlər ya tam tətbiq olunmur, ya da vətəndaşlar üçün əlçatan deyil. Sığortası olmayan və ağır vəziyyətdə qalan vətəndaşların taleyi necə olacaq? Evlərindən köçürülən insanlar harada və hansı şəraitdə yerləşdiriləcək?
Bu suallar cavabsız qalmamalıdır.
Dövlət qurumları – su təsərrüfatı, kanalizasiya, tikinti və yol infrastrukturu sahələrinə cavabdeh olan agentlik və nazirliklər öz fəaliyyətlərinə yenidən baxmalı, ciddi islahatlar aparılmalıdır. Nəzarət mexanizmləri gücləndirilməli, səhlənkarlığa yol verən vəzifəli şəxslər qanun qarşısında cavab verməlidirlər.
Çünki burada söhbət təkcə maddi ziyandan getmir. Söhbət insanların təhlükəsizliyindən, həyat şəraitindən və dövlətə olan etimadından gedir.
Yağış və qar təbiətin qanunudur. Amma onların hər dəfə faciəyə çevrilməsi artıq idarəetmənin problemidir.
Əgər bu gün məsuliyyət təmin olunmasa, sabah eyni problemlər daha ağır nəticələrlə təkrarlanacaq.
Su həqiqətən də aydınlıq və bərəkətdir. Yalnız o halda ki, onu düzgün idarə etməyi tətbiq edib,məsuliyyətli olaraq, ondan istifadəni bacaraq.
Anar Nağıyev
hüquqşünas – jurnalist