Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyevin Avropa mətbuatında,
Avropa İttifaqının 27 ölkəsində yayımlanan tanınmış informasiya portalı – EU Reporter–da “Rocket attack on Azerbaijan ahead of the 13th World Urban Forum” adlı məqaləsi dərc olunub.
Məqalədə Azərbaycanın beynəlxalq tədbirə ev sahibliyi etməyə hazırlaşdığı bir dövrdə ölkəyə qarşı törədilən hücum və bu hadisənin regional təhlükəsizlik baxımından yaratdığı risklər diqqətə çatdırılır. Belə ki, martın 5-i səhər saatlarında Azərbaycan xalqının Naxçıvan Muxtar Respublikasının İran İslam Respublikası tərəfindən pilotsuz uçuş aparatlarının hücumuna məruz qalmasına şahidlik etməsi, dronlardan birinin məktəb binasının yaxınlığına, digərinin isə Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına düşdüyü vurğulanıb.
Deputat yazısında qeyd edir ki, 2020-ci ildə İkinci Qarabağ-Vətən Müharibəsindən sonra İranla münasibətlərdə müəyyən gərginliklər yaşansa da, ölkəmizə qarşı dəfələrlə haqsız, qeyri-qanuni əməllər törədilsə də Azərbaycan tərəfi hər zaman təmkinli mövqe nümayiş etdirərək məsələlərin sülh yolu ilə, diplomatik və hüquqi müstəvidə həllinə üstünlük verib.
Belə təxribat xarakterli hücumlar regionda sülh və sabitliyə xələl gətirməklə yanaşı, beynəlxalq əməkdaşlıq və inkişaf təşəbbüslərinə də mənfi təsir göstərir. Məqalədə Azərbaycanın davamlı inkişaf, şəhərsalma və beynəlxalq dialoq platformalarının təşviqi istiqamətində atdığı addımlar xüsusi vurğulanır.
Məzahir Əfəndiyev bildirir ki, Azərbaycan bu günə qədər dəfələrlə sübut edib ki, qlobal problemlərin müzakirəsi və həlli üçün beynəlxalq platformalarda dialoqu təşviq edən, əməkdaşlığı gücləndirən, eləcə də məsuliyyətli mövqe nümayiş etdirən ölkələrdəndir. Ölkəmiz beynəlxalq hüquqa və regional təhlükəsizlik prinsiplərinə sadiq qalaraq sabitlik və əməkdaşlıq mühitinin qorunmasına töhfə verməyə davam edir. Eyni zamanda, 13-cü Ümumdünya Şəhərsalma Forumunun əhəmiyyəti və bu kimi qlobal platformaların ölkələr arasında dialoqu gücləndirmək baxımından rolu qeyd olunur.
Sonda deputat vurğulayır ki, beynəlxalq ictimaiyyət regionda baş verən hadisələrə həssas yanaşmalı və sabitliyin qorunması istiqamətində birgə səylərini artırmalıdır.
Həmin məqalə ilə aşağıdakı keçid vasitəsilə, eyni zamanda https://x.com/MezahirEfendi X platforması üzərindən tanış ola bilərsiniz:
https://www.eureporter.co/azerbaijan/2026/03/07/rocket-attack-on-azerbaijan-ahead-of-the-13th-world-urban-forum/