Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda II Forumun açılış mərasimi keçirilir.
“Konstitusiya və Suverenlik İli”nə, həmçinin Azərbaycan milli mətbuatının yaranmasının 150-ci ildönümünə təsadüf edən “İctimai proseslər media müstəvisində” Forumunda Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov çıxış edib.
O bildirib ki, artıq ikinci ildir ölkəmizin media gündəminin aktual əhəmiyyət kəsb edən ictimai məzmunlu məsələlərinin müzakirəsini hədəfləyən Forum dövlət-media dialoqunu formalaşdıran səmərəli platforma kimi fəaliyyət göstərməkdədir: “Cəmiyyətin sosial sifarişi kimi meydana çıxan “İctimai proseslər media müstəvisində” platformasını yaratmaqda Medianın İnkişafı Agentliyinin məqsədi informasiyanın peşəkar formada hazırlanıb ötürülməsinə məsuliyyət daşıyan media subyektləri ilə informasiyanın mötəbər mənbəyi funksiyasını yerinə yetirən dövlət orqanları arasında sağlam münasibətlərin qurulmasına dəstək olmaq, ictimai məzmunlu jurnalistika kontentinin hazırlanmasında peşəkarlıq səviyyəsini daha da artırmaqdır.
Əhməd İsmayılov qeyd edib ki, bu il eyni zamanda Azərbaycan jurnalistikası üçün mühüm əhəmiyyət kəsb edən, yaddaqalan illərdən hesab olunur: “Zəngin və şərəfli inkişaf yolu keçmiş Azərbaycan milli mətbuatı bu il özünün 150 illik yubileyini qeyd edir”.
İcraçı direktorun sözlərinə görə, mediamız özünün təməl funksiyalarını yalnız ölkəmiz müstəqillik əldə etdikdən sonra yerinə yetirməyə başlayıb və mövcud tarixi şəraitdə müstəqil media təsisatlarının əsası qoyulub: “Bu baxımdan Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycanda senzuranın ləğv edilməsi plüralizmin genişlənməsinə, jurnalistikanın inkişafına yeni nəfəs verib, əlverişli şərait yaradıb. Prezident bu ilin yanvarında ölkəmizin televiziya kanallarına müsahibəsində Vətən müharibəsində möhtəşəm qələbəmizin hər bir vətəndaşımızın həyatında dərin iz buraxdığını bildirib, qalib ölkənin nümayəndəsi olmağın özlüyündə məsuliyyətli və şərəfli hiss doğurduğunu xüsusi vurğulayıb. Dövlət başçımızın qeyd etdiyi məsuliyyət və qürur hissi Azərbaycan mediasının gündəlik işində özünü əks etdirən başlıca peşəkarlıq meyarına, həyat amalına çevrilib”.
Əhməd İsmayılov deyib ki, Vətən müharibəsində ölkəmiz haqqında həqiqətləri dünyaya çatdırmaq üçün informasiya cəbhəsinin əsgəri kimi çalışan jurnalistlərimiz hazırda böyük şərəf hissi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda aparılan geniş miqyaslı quruculuq işləri, Böyük Qayıdış prosesi barədə materiallar hazırlayır, eyni zamanda, informasiya mühitimizə kənar müdaxilələrə vaxtında və layiqli cavab verərək dezinformasiya axınının zərərli təsirlərinin azaldılmasında maarifçilik fəaliyyətini davam etdirir: “Öz növbəsində, son illərdə media və kommunikasiya fəaliyyətinin müasir formada təşkil edilməsinin nəticəsidir ki, ölkəmizə qarşı qarayaxma kampaniyaları aparan tərəflərin həqiqi niyyətləri yerli mediada operativ formada ifşa olunur, cəmiyyətdə neqativ xəbər axınına qarşı dayanıqlı təbii müqavimət – informasiya immuniteti gücləndirilir”.
***
Forumda çıxış edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva vurğulayıb ki, insan hüquqları cəmiyyətin inkişafında əsas dayaqlardan biri olmaqla, hüquqi dövlət quruculuğunun təməl prinsiplərindən biridir. Bu prinsiplərin qorunması və vətəndaşların hüquqlarının müdafiəsi sahəsində medianın cəmiyyəti informasiya ilə təminetmə və ictimaiyyəti maarifləndirmə funksiyası xüsusi rol oynayır.
Ali Məhkəmənin Mülki Kollegiyasının sədri, Məhkəmə Hüquq Şurasının üzvü Sənan Hacıyev bildirib ki, məhkəmə-hüquq islahatlarının düzgün təqdim olunması, hüquqi termin və prosedurların ictimaiyyətə aydın şəkildə çatdırılması, eyni zamanda, ictimai rəyin sağlam əsaslarda formalaşdırılması məhz media ilə məhkəmə orqanları arasında peşəkar əlaqələrə əsaslanan əməkdaşlıqdan keçir.
Konstitusiya Məhkəməsinin hakimi Kamran Şəfiyev isə qeyd edib ki, bu ilin “Konstitusiya və Suverenlik İli” elan olunması cəmiyyətin hüquqi maariflənməsi və konstitusiya dəyərlərinin qorunması istiqamətinə diqqəti daha da artırır, bu kontekstdə media vasitəsilə hüquqi informasiyanın cəmiyyətə dolğun, şəffaf və düzgün şəkildə ötürülməsi, vətəndaşların hüquqi məlumatlara çıxış imkanlarının genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun sözlərinə görə, rəqəmsallaşma müasir cəmiyyətin inkişaf dinamikasında mühüm rol oynayır. Bu proses təkcə texnoloji sahələri deyil, informasiya dövriyyəsini, ictimai münasibətləri və vətəndaşların dövlətlə əlaqə imkanlarını da köklü şəkildə dəyişməkdədir, bu dəyişikliklər media və dövlət münasibətlərində yeni çağırışlar və imkanlar yaradır.
Qeyd edək ki, forumun keçirilməsində məqsəd medianın maarifləndirici funksiyasının və ictimai rəyin formalaşmasında proaktiv həssas rolunun artırılması, müxtəlif aktual məsələlərə qarşı mübarizədə düzgün istifadə edilməsi, həssas məlumatların cəmiyyətə müəyyən prinsiplərə uyğun şəkildə ötürülməsi, media, dövlət qurumları və digər tərəflər arasında koordinasiyanın təkmilləşdirilməsidir.