31 dekabr – Azərbaycan xalqının tarixində ən əlamətdar, ən şərəfli günlərdən biri – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün dekabrın 31-də qeyd olunması təsadüfi deyildir. Bu tarixin rəsmiləşdirilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun təşəbbüsü ilə 1991-ci il 16 dekabr tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Milli Həmrəylik Gününün təsis olunması barədə qərar qəbul etdikdən 9 gün sonra Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası hər il dekabr ayının 31-i Azərbaycanlıların Həmrəylik Günü elan olunması barədə sərəncam verdi. Beləliklə bu tarix dünya azərbaycanlılarının hər il sevinclə qeyd etdikləri milli bayrama çevrilmişdir.
Ümummilli Lider Heydər Əliyev bu günün təsis edilməsi ilə bağlı demişdir: “Dünya azərbaycanlılarının həmrəyliyi gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir”.
Həmin tarixi günün Həmrəylik Günü elan edilməsi ən yeni tariximizin mühüm siyasi hadisələrindən biri olmaqla yanaşı, bu hadisə eyni zamanda həmrəyliyin istinad nöqtəsini və ana xəttini təşkil edən azərbaycançılıq məfkurəsinin daha da güclənməsinə əsaslı təsir göstərmişdir. Müdrikliklə müəyyən edilən dövlət siyasəti nəticəsində dünya azərbaycanlıları ilə əlaqələr inkişaf etdirilmiş, xarici ölkələrdə diaspor təşkilatlarının formalaşdırılmasına kömək göstərilmiş, soydaşlarımızın tarixi Vətənlə bağlarının gücləndirilməsinə nail olunmuşdur. Bakıda dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi, xaricdə yaşayan azərbaycanlılarla iş üzrə dövlət qurumunun yaradılması və bu kimi istiqamətdə bir çox tədbirlərin keçirilməsi xalqımızın mütəşəkkil qüvvə kimi formalaşmasına güclü təkan vermişdir.
Dövlət müstəqilliyimizlə yaşıd olan bu tarixi proses sonrakı mərhələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, diaspor siyasəti vahid dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Ulu Öndərin başladığı ənənəni davam etdirən Prezident İlham Əliyev bütün xarici səfərləri zamanı diaspor nümayəndələri ilə görüşür, onları narahat edən problemlərlə maraqlanır, dəyərli tövsiyələrini verir, diasporumuzun nümayəndələri ilə fikir mübadiləsi aparır.
Bu gün Cənubi Qafqazın lider dövləti kimi bu bölgənin geosiyasi mənzərəsinin müəyyənləşməsində söz sahibi olan Azərbaycan Respublikası dünyanın iqtisadi cəhətdən ən dinamik inkişaf edən ölkələri sırasındadır. Son illərdə Azərbaycanın hərtərəfli və ardıcıl inkişafı, hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolunda qazandığımız uğurlar ölkəmizin dünyadakı nüfuzunu daha da artırmışdır. Dövlətimizin uğurları dünya azərbaycanlılarını qəlbən sevindirir, soydaşlarımızı ümumxalq mənafeləri naminə daha sıx birləməyə, ümid və istinad yeri, ata-baba yurdları olan doğma Vətənin tərəqqisində fəal iştirak etməyə ruhlandırır. Son vaxtlar diaspor və icmalarımızın daha da inkişaf edib möhkəmlənməsi, soydaşlarımızın siyasi, iqtisadi, sosial və mədəni hüquqlarının müdafiəsi işinə yaxından cəlb olunması da sevindiricidir.
Xalqımız 30 il ərzində Qarabağın işğaldan qurtarılacağı, doğma torpaqlarımıza qayıdacağımız günün həsrəti ilə yaşamışdır. Biz ötən illərdə hər ili yola salarkən bir-birimizə doğma torpaqlarımızın tezliklə işğaldan azad olunmasını arzulayırdıq. Artıq bu həsrətə son qoyulmuş, dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlının Qarabağı azad, Vətəni bütöv görmək kimi müqəddəs arzusu gerçəkləşmişdir.
Bu gün bütün dünya azərbaycanlıları haqlı olaraq müstəqil Azərbaycanla fəxr edirlər. Artıq dünya azərbaycanlıları Həmrəyliy Gününü tam yeni bir ovqatla qeyd edirlər. Artıq dörd ildir ki, dünya azərbaycanlıları bütün Azərbaycan xalqı kimi ruh yüksəkliyi ilə yaşayır, başını dik tutub yaşayır, alnıaçıq, üzüağ yaşayırlar.
Tarixi Zəfərimiz - İkinci Qarabağ müharibəsindəki Zəfər, antiterror əməliyyatı, işğalçılardan azad olunmağımız, separatçı rejimin çökməsi bütün azərbaycanlıları haqlı olaraq bir araya, bir yumruq halına gətirir. Doğma Qarabağ işğaldan azad olundu, qarşıda isə yeni mühüm vəzifələr durur. Birliyimizi qorumaq, Qarabağı yenidən ən abad, ən gözəl guşələrindən birinə çevirmək. Əminik ki, Ali Baş Komandan, möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə yumruq kimi birləşərək, birlik və həmrəyliyimizi qoruyaraq bu vəzifələrin də öhdəsindən layiqincə gələcəyik.