Dəmir yumruq » Manşet » Dünyada və regionda artan nüfuzun, möhkəm mövqeyin təqdimatı
Manşet / Siyasət / 20-12-2024, 20:51

Dünyada və regionda artan nüfuzun, möhkəm mövqeyin təqdimatı

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan güclü və qüdrətli dövlətə çevrilib. Milli maraqlara əsaslanan siyasətin qanunauyğun nəticəsi kimi Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənib. Hazırda regional güc mərkəzi olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Azərbaycan ikitərəfli və çoxtərəfli əsasda qonşu və digər dövlətlərlə müxtəlif sahələrdə bərabərhüquqlu, o cümlədən qarşılıqlı surətdə faydalı münasibətlər qurmaq, həmçinin əlaqələri inkişaf etdirmək üçün ümumi məqsədi tam şəkildə həyata keçirir. Bu mürəkkəb və çoxtərəfli proses çərçivəsində yürüdülən xarici siyasət ölkəmizin beynəlxalq aləmin önəmli aktoruna çevrilməsinə şərait yaradır. Dövlətimizin başçısı İlham Əliyevin dediyi kimi Azərbaycan istər Qərbdə, istərsə də Şərqdə tamamilə müstəqil xarici siyasət yürüdən aktor kimi qəbul edilir. Bütün bu amillər prezident İlham Əliyevin “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsində də bir daha öz əksini tapıb.


Prezident İlham Əliyev müsahibədə ilk olaraq Azərbaycan-Rusiya münasibətlərinin hazırki səviyyəsini xarakterizə edib. Müsahibə zamanı qeyd olundu ki, tərəflər arasında 2022-ci ilin fevralında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə imzalandıqdan sonra əlaqələr daha da güclənib. Dövlət başçısının dediyi kimi, bu Bəyannamənin imzalanması bizim 30 ildən artıq bir müddətdə birlikdə keçdiyimiz, fəal işlədiyimiz, həm iqtisadi-ticari, həm də siyasi sahələrdə əməkdaşlıq potensialını artırdığımız və müxtəlif çətin vəziyyətlərdə bir-birimizi sınadığımız həmin böyük yolun nümayiş etdirilməsidir. Buna görə də, Bəyannamənin imzalanması faktının özü həm Rusiya, həm də Azərbaycan tərəfindən ən mühüm siyasi addımdır. Bu ilin avqustunda Rusiya prezidenti Vladimr Putinin ölkəmizə səfəri də bu reallığı təsdiqləyir.


Ümumiyyətlə, Azərbaycan balanslaşdırılmış xarici siyasət həyata keçirir və bu siyasət ölkəmizə böyük uğurlar qazandırır. Azərbaycan dünyada müstəqil siyasət yürütməsi ilə tanınır. Bu da prezident İlham Əliyevin dünya miqyasında güclü siyasi lider kimi həyata keçirdiyi siyasətin nəticəsidir və dünyada Azərbaycanın liderinin mövqeyi ilə razılaşırlar. Təsadüfi deyil ki, Azərbaycan həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Ölkə başçımızın qeyd etdiyi kimi dünyada ikinci belə ölkə yoxdur.


Prezident İlham Əliyev müsahibəsində həmçinin bəzi Qərb dövlətlərinin, xüsusilə ABŞ və Fransanın ölkəmizə qarşı qərəzli mövqeyindən, bu ölkələrin Ermənistanı silahlandırmasının verəcəyi mənfi nəticələrdən də bəhs edib. Eləcə də, müsahibədə Azərbaycanla Ermənistan arasında sülh prosesi ilə bağlı bir çox məqamlara da toxunub. Dövlət başçısının fikirlərindən aydın olur ki, artıq sülh sazişinin 17 maddəsindən 15-i razılaşdırılıb. Erməni tərəfinin həyata keçirməli olduğu daha iki məqamlardan birincisi, öz konstitusiyasını dəyişməkdir. Çünki konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik bəyannaməsinə istinad var. Burada keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Ermənistanın bir hissəsi elan olunur. Ona görə də konstitusiyanın dəyişdirilməsi Azərbaycanın istəyi deyil, sadəcə obyektiv şərtdir. İkinci şərtimiz ATƏT-in Minsk qrupunun ləğvidir. Prezident İlham Əliyev müsahibəsində bir daha bu mövzuda vacib məqamlara yenidən aydınlıq gətirdi və bir çox mesajlar səsləndirdi.


Prezident İlham Əliyev müsahibəsində həmçinin getdikcə aktivləşən Ermənistan-Fransa əlaqələri, Rusiya-NATO münasibətləri, Rusiya-Ukrayna müharibəsi, Azərbaycan-Türkiyə hərbi müttəfiqliyi və digər məsələlərlə bağlı sualları cavablandırdı.


Daha sonra Ermənistandan 1980-90-cı illərdə deportasiya edilmiş 300 mindən çox azərbaycanlının öz evlərinə qayıtması üçün şərait yaradılmasına dair Ermənistan rəhbərliyinə rəsmi müraciət olunduğunu açıqlayan prezident İlham Əliyev bu günədək Ermənistan rəhbərliyində azərbaycanlıların öz tarixi torpağına reinteqrasiya prosesini həyata keçirməklə bağlı görüləcək tədbirlərdən cavab almadığımızı bildirdi.


Daha sonra Avropanın Azərbaycana qarşı təxribatların Azərbaycan tərəfindən cavabsız qalmadığına toxunan cənab prezident bu istiqamətdə verilən sualları da tutarlı arqumentlərlə cavablandırdı.


Müsahibə zamanı Gürcüstandakı vəziyyətlə bağlı vəziyyəti şərh edən prezident İlham Əliyev qeyd etdi ki: “Gürcüstanda vəziyyət sabitləşir. Biz buna şadıq. Gürcüstan bizim üçün çox mühüm tərəfdaş və yaxın dostdur. Uzun əsrlərdir ki, xalqlarımız sülh və əmin-amanlıq şəraitində yaşayır. Ona görə də Gürcüstanda sabitliyin pozulması və ya sabitliyin pozulması təhlükəsi Gürcüstan üçün olduğu kimi, Azərbaycan üçün də zərərlidir. Bu səbəbdən biz öz tərəfimizdən çalışırıq və bütün addımları atırıq ki, Gürcüstanda vəziyyət siyasi məcrada sabit olsun, Gürcüstan uğurla inkişaf etsin.”


Dövlət başçısı müsahibəsində Qərbin bəzi ölkələrinin tənqidlərə alışmadığını, ədalətli iradlara üz çevirməyindən də bəhs etdi. Bu əlbəttə ki, “qoca qitə”nin eqoizmindən irəli gələn xislətidir. Müstəmləkə torpaqlarının təbii sərvətləri sayəsində bugün özlərinə həyat yaradan Fransa və onun kimi ölkələr həqiqətləri eşidəndə qıcıqlanırlar. Prezident İlham Əliyev bununla bağlı diqqətə çatdırdı ki: “Onlar kiminsə onlara ədalət öyrətməsinə alışmayıblar. Onlar öyrəşiblər ki, hamıya özləri dərs versinlər. Onlar alışıblar ki, qarşılarında baş əyirlər, müəyyən məsələlərdə onlardan xahiş edirlər, onlarla məsləhətləşirlər, onların icazəsi olmadan heç nə etmirlər. Beləcə keçmiş kolonial, indi isə bəzi neokolonial ölkələr bu tərzdə yaşamağa və düşünməyə alışıblar. Bu, onların şüurunda dərin kök salıb.”


Bütövlükdə, Prezident İlham Əliyevin tutarlı cavabları və rasional məntiqi qlobal düzəni dolğun təhlil etməklə yanaşı eyni zamanda ölkəmizin və onun liderinin bir daha qətiyyətli mövqeyini nümayiş etdirdi.



DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.