2025-ci il oktyabr ayının ilk ongünlüyü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəal və dinamik xarici siyasət kursunun növbəti bariz nümunəsi kimi yadda qaldı. 10 gün ərzində dövlət başçısının üç mühüm beynəlxalq sammitdə iştirakı Azərbaycanın balanslı, çoxşaxəli və çoxregional diplomatik xəttinin uğurla davam etdirildiyini bir daha sübut etdi. Ardınca prezident İlham Əliyevin ABŞ prezidenti Donald Trampın və Misir prezidenti Əbdül Fəttah Əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirakı qlobal diplomatiyada Azərbaycanın artan rolunun növbəti təzahürü oldu.
1-2 oktyabr tarixlərində Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində prezident İlham Əliyev Avropa İttifaqı və digər tərəfdaş ölkələrin liderləri ilə bir çox görüşlər keçirərək Azərbaycan-Avropa münasibətlərinin gələcək inkişaf perspektivlərini müzakirə etdi. Bu sammit Azərbaycanın Qərblə əməkdaşlığının davamlı və konstruktiv məcrada irəlilədiyini göstərdi.
Ardınca 6-7 oktyabr tarixlərində Azərbaycanın Qəbələ şəhərində keçirilən TDT-nın Dövlət Başçılarının XII Zirvə Görüşü türk dünyasında həmrəyliyin, mədəni və siyasi inteqrasiyanın gücləndirilməsi baxımından mühüm hadisə oldu. Azərbaycanın ev sahibliyi ilə baş tutan bu görüş ölkəmizin türk dövlətləri ilə münasibətlərə verdiyi strateji əhəmiyyəti ortaya qoydu.
Növbəti tədbir 9-10 oktyabrda Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB dövlət başçılarının sammiti Azərbaycanın postsovet məkanındakı regional əməkdaşlığa verdiyi önəmin ifadəsi idi. Bu sammit MDB çərçivəsində dialoqlar, xüsusilə təhlükəsizlik, iqtisadiyyat və nəqliyyat sahələrində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində vacib imkanlar yaratdı.
Düşənbədə keçirilən Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında prezident İlham Əliyevin çıxışı Azərbaycanın regional və beynəlxalq arenada artan nüfuzunun növbəti təzahürü kimi diqqət çəkdi. Bu çıxış həm siyasi, həm diplomatik, həm də humanitar aspektlərdən çoxqatlı məna daşıyır. Prezidentin səsləndirdiyi hər bir fikir Azərbaycanın MDB məkanında qarşılıqlı hörmət, əməkdaşlıq və sülh dəyərlərinə sadiqliyinin bariz ifadəsi kimi dəyərləndirilməlidir. İclasda dövlət başçımızın qardaş Tacikistan xalqının və onun rəhbərinə ünvanladığı təbrik sözləri bir daha göstərdi ki, Azərbaycan diplomatiyası milli maraqlarla yanaşı, dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslanır. Prezident İlham Əliyev çıxışında xüsusi olaraq vurğuladı ki, Azərbaycan və Tacikistan arasında münasibətlər dostluq, qardaşlıq və qarşılıqlı dəstəyə əsaslanır və son illərdə bu münasibətlər yeni dinamika qazanaraq yüksək səviyyəyə qədəm qoyub. Ölkələrimiz arasında iqtisadi-ticari əlaqələr genişlənib, humanitar və mədəni sahələrdə qarşılıqlı layihələr həyata keçirilib. Prezidentin çıxışında səslənən bu fikirlər bir daha təsdiqlədi ki, Tacikistan və Azərbaycan arasında ikitərəfli münasibətlər ardıcıl inkişaf edir və böyük inkişaf potensialına malikdir.
Prezidentin çıxışında əsas diqqət çəkən məqamlardan biri Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin 2025-ci il üçün MDB-nin mədəniyyət paytaxtı seçilməsi ilə bağlı idi. Dövlət başçısının bu qərara görə həmkarlarına təşəkkür etməsi və Laçında görülən bərpa işlərini xüsusi qeyd etməsi Azərbaycanın azad edilmiş ərazilərdə həyata keçirdiyi quruculuq siyasətinin beynəlxalq miqyasda nümunə kimi qəbul olunduğunu göstərir. Ölkə rəhbəri çıxışında bildirdi ki, bu ilin iyununda Laçında MDB-nin “Mədəniyyət Paytaxtı İli”nin açılış mərasimi keçirilib, iştirakçılar şəhərin qısa müddətdə necə dirçəlməsinin şahidi olublar. Bu sözlər Azərbaycanın Zəfərdən sonra dirçəliş modelinin mahiyyətini çox aydın ifadə edir. Laçın, Füzuli, Şuşa, Cəbrayıl, Xankəndi və digər azad olunmuş bölgələrdə həyata keçirilən nəhəng bərpa layihələri təkcə iqtisadi və infrastruktur baxımından deyil, həm də mədəni diplomatiya yönündən böyük önəm daşıyır.
Prezident İlham Əliyev çıxışında MDB məkanında dostluğu və əməkdaşlığı möhkəmləndirən mühüm hadisələrdən biri kimi III MDB Oyunlarına diqqət çəkərək qeyd etdi ki, sentyabrın 28-dən oktyabrın 8-dək Gəncə şəhərində və Azərbaycanın digər şəhərlərində - Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi və Şəkidə keçirilən 13 ölkədən – həm MDB üzvləri olan, həm də qonaq ölkələrdən 1600-dən çox idmançı qəbul edildi. Bu möhtəşəm idman tədbiri həm ölkəmizin təşkilati bacarığını, həm də MDB dövlətləri arasındaki birliyi nümayiş etdirdi.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi bu qəbildən tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu və əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə töhfə verir.