Xəbər lenti
Dəmir yumruq » Manşet »   Azərbaycan  Qoşulmama Hərəkatının  sədri kimi kiçik ada dövlətlərinə dəstək verib, COP29-un sədri kimi onları dəstəkləməyə davam edəcək  Prezident İlham Əliyev
Manşet / Siyasət / 15-11-2024, 15:42

  Azərbaycan  Qoşulmama Hərəkatının  sədri kimi kiçik ada dövlətlərinə dəstək verib, COP29-un sədri kimi onları dəstəkləməyə davam edəcək  Prezident İlham Əliyev

 

Azərbaycan tarixinin ən möhtəşəm məqamlarından birini yaşayır. Ölkəmiz tarixində ən geniş tərkibli, ən nəhəng tədbirini keçirir. Artıq bir neçə gündür ki, müstəqillik tarixinin ən böyük tədbirinə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu qlobal sessiyasına uğurla ev sahibliyi edir.


Noyabrın 13-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammiti keçirilib. Və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.


Prezident COP tribunasını uğurlu platformaya çevirə və əsl reallıqları dünya ictimaiyyətinə çatdıra bildi.


Dövlət başçısının Sammitdəki çıxışı istər iqlim dəyişiklikləri ilə mübarizə, istərsə də XXI əsrdə müstəmləkə siyasətinə qarşı qlobal səylərin birləşdirilməsi baxımından mühüm yol xəritəsi hesab oluna bilər.


Dövlət başçısı çıxışına Azərbaycanın son illərdə inkişaf edən kiçik ada dövlətləri ilə münasibətləri yeni bir mərhələyə daşınmasından bəhs edərək başlayıb. Prezidentin qeyd etdiyi kimi COP29-a ev sahibliyi edən Azərbaycan qlobal iqlim mübarizəsində öz yerini möhkəmləndirmək və kiçik ada dövlətlərinə dəstəyini genişləndirmək üçün mühüm addımlar atır.


Kiçik ada dövlətləri iqlim dəyişikliyinin ən ciddi təsirlərinə məruz qalan ərazilərdəndir. Bu ölkələr qlobal istiləşmənin nəticəsi olaraq su səviyyələrinin artması, quraqlıq və ekstremal hava şəraiti kimi ekzistensial təhlükələrlə üzləşir. Cənab prezident çıxışında inkişaf etmiş bütün ölkələrə, o cümlədən müstəmləkə keçmişi olan ölkələrə müraciət edərək, kiçik ada dövlətlərinin qlobal səhnədə səsinin eşidilməsinin və onlara maddi və texniki dəstək göstərilməsinin əhəmiyyətini vurğuladı.


Dövlət başçısı çıxışında eyni zamanda Azərbaycan tərəfindən kiçik ada dövlətlərinə edilən yardım proqramlarından da bəhs etdi. Azərbaycan iqlim dəyişiklərinin təsirinə məruz qalan kiçik ada dövlətlərinə bir çox layihə və proqramlarla dəstəyini nümayiş etdirib. Dövlətimiz bir sıra kiçik ada dövlətlərinə təbii fəlakətlər – qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq məqsədi ilə yardım göstərmiş, su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişdir. Bu təşəbbüslərə əlavə olaraq 10-dan çox kiçik ada dövlətindən olan vətəndaşlar Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramlarından yararlanmışdır. Ölkə başçısı eyni zamanda qeyd etdi ki, Azərbaycan Qoşulmama Hərəkatına sədr olduğu dövrdə 80-dən çox ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardımı göstərib. Ölkəmizin bu səyləri həm beynəlxalq səviyyədə, həm də regional arenada nüfuzumuzun artmasına və iqlim dəyişikliyinə qarşı mübarizədə mühüm tərəfdaş kimi tanınmağımıza kömək edib.


Prezident İlham Əliyevin çıxışında toxunduğu məqamlardan biri də COP29 çərçivəsində görülən işlərlə yanaşı, Baham adaları, Tonqa və Tuvalu ilə əməkdaşlıqdan da bəhs etdi. Vurğulandı ki, bu ilin mayında COP-la bağlı planlarını müzakirə etmək üçün Baham adalarının, Tonqanın və Tuvalunun rəhbərləri Azərbaycana səfər ediblər. Qəbul olunmuş Bakı Kommünikesində COP29-da mənalı nəticələrin əldə olunmasına çağırış edilir və əlçatan iqlim maliyyəsinin vacibliyi qeyd olunur. Bu ilin sentyabrında İtki və Zərərə Cavab Fondunun fəaliyyətə başlaması ilə bağlı Bakıda ciddi irəliləyiş əldə olunmuşdur. Hazırda proses ehtiyac duyan ölkələrə, xüsusən də kiçik ada dövlətlərinə maliyyənin verilməsi üçün tamamlanmalıdır. Bu yay Azərbaycan Tonqada Millətlər Birliyi ilə Birgə Bəyannamə imzaladı.


Azərbaycan dövləti daim beynəlxalq müstəvidə atdığı hər bir addımla sübut edib ki, o müstəmləkəçiliyin siyasi, iqtisadi, mənəvi istismarın hər cür təzahürünə qarşıdır və bunu yolverilməz hesab edir. COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin sammitindəki çıxışlarında da Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən addımları təqdir edildi. Prezident İlham Əliyev çıxışı əsnasında Karib və Sakit okean regionundakı dəniz ərazilərinin çətinliklərindən də bəhs etdi. Qeyd etdi ki, Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır. Fransa və Niderlandın bu ərazilərdəki müstəmləkələri  artan dəniz səviyyəsi, kəskin hava şəraiti və biomüxtəlifliyin pozulması kimi təhlükələrlə üzləşir. Həmin icmaların səsi bir çox hallarda onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulur, bu da onların öz müstəqilliklərini və hüquqlarını qorumaq yolunda maneələrlə üzləşməsinə səbəb olur.


Dövlət başçısının çıxışında yer verdiyi məslələrdən biri də Fransa Polineziyası və Yeni Kaledoniyada dekolonizasiya problemləri ilə bağlı idi. Tarixi həqiqətlər sübut edir ki, Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrinin xalqları, eləcə də Niderlandın Aruba, Kurasao, Sənt-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin xalqları  bu gün XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər. Prezidentin nitqində qeyd olundu ki, baxmayaraq ki, Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınıb, bununla belə, bu ərazilərin dekolonizasiya prosesi hələ də tamamlanmayıb.


Fransa tərəfindən orada çoxsaylı nüvə sınaqlarının aparıldığını vurğulayan dövlətimizin başçısı onu da bildirdi ki, rəsmi Paris torpaqların çirkləndirilməsində, zərərin vurulmasında günahkardır. Prezident həmçinin bu yaxınlarda Fransa tərəfindən insan hüquqlarının pozulması hallarının baş verdiyini, Yeni Kaledoniyada nümayişlər zamanı çox sayda vətəndaşın qətlə yetirildiyini və yaralandığını diqqətə çatdırdı. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilərdə törətdiyi qətliamları, soyqırımları təsdiqləyən xeyli sayda faktları sadalamaq olar. Cənab prezident sözügedən Sammitdə bir çox tarixi həqiqətlərə yenidən aydınlıq gətirdi. Dövlət başçımız Avropanın kiçik ada dövlətlərinə və digər müstəmləkə ərazilərinə qarşı ədalətli bir yanaşma göstərməsinin və bu ölkələrin öz müqəddəratına təyin etmək hüququna hörmətlə yanaşmasının zəruriliyini vurğuladı.


Prezident İlham Əliyev çıxışının sonunda Azərbaycanın kiçik ada dövlətlərinin qlobal səhnədə səsini yüksəltməyə davam edəcəyini vurğuladı. Bildirdi ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kiçik ada dövlətlərinə dəstək verib və COP29-a ev sahibliyi edən ölkə kimi  bu dövlətləri qlobal səhnədə daha çox səs qazanaraq iqlim dəyişikliyinə qarşı mübarizədə güclü dəstək alması yolunda mübarizəsini davam etdirəcək.


Beləliklə Prezident İlham Əliyevin COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitindəki çıxışı, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə qlobal lider kimi mövqeyini gücləndirmək və xüsusilə həssas və zəif ölkələrə dəstək göstərmək əzmini bir daha nümayiş etdirdi.



DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.