Xəbər lenti
Dəmir yumruq » Manşet » Siyasi dialoq, iqtisadi iş birliyi
Manşet / Siyasət / 26-10-2024, 18:11

Siyasi dialoq, iqtisadi iş birliyi

 

 

Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən inam və etimad ünvanı kimi qəbul edilir. Uğurlu xarici siyasət nəticəsində ölkəmiz dünya dövlətləri ilə sıx əlaqələr qurub, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir. Ölkəmiz bir sıra regional və beynəlxalq platformalara dəvət olunur, dövlətimizin başçısı sammitlərdə nüfuzlu fəxri qonaq kimi iştirak edir. Bütün bunlar ölkəmizin müxtəlif beynəlxalq platformalarda etibarlı tərəfdaş olduğunun mühüm göstəricisidir.


Ötən günlərdə prezident İlham Əliyevin Rusiyanın Kazan şəhərində keçirilən XVI BRICS Sammitinə dəvət olunması bir daha bu reallıqların təsdiqidir.


BRICS qarşılıqlı hörmət, həmrəylik, bərabərlik, demokratiya, inklüzivlik, konsensus kimi fundamental prinsiplər əsasənda qurulan və fəaliyyətini də həmin təməllər üzərində quran bir platformadır. Hazırda 10 üzvü olan BRICS 2006-cı ildə yaradılıb. BRICS Sammitində 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreş iştirak edib. BRICS 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri əlaqələndirən vahid geosiyasi bloka çevrilib, həmçinin dünya əhalisinin təxminən yarısını və qlobal iqtisadiyyatın dörddə birindən çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzinə çevrilib. Bu baxımdan Azərbaycan prezidentinin BRICS-in Kazan Sammitinə dəvət olunması heç də təsadüfi hadisə deyildir. Nəzərə alaq ki, ölkəmiz dünyada BMT-dən sonra ikinci beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına 4 il sədrlik edib. Bundan sonra Azərbaycan bu təsisatda səmərəli fəaliyyətini uğurla davam etdirir. Həmçinin Azərbaycan COP29-a sədrliyi dönəmində dünya enerji diplomatiyasını aktiv şəkildə formalaşdırır. XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında prezident İlham Əliyev bütün bu məqamları öz çıxışında xüsusi vurğulayıb və eyni zamanda BRICS ölkələri ilə fəal dialoq və əməkdaşlıq platformalarının həyata keçirilməsindən bəhs edib. Dövlətimizin başçısının dediyi kimi Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır. Dövlətimiz bu mövqeyini bütün platformalarda bəyan edir.


Hazırda iqlim çağırışlarının aktuallığının bütün dünya üzrə heç vaxt olmadığı qədər artdığı hər kəsə bəllidir. Azərbaycan belə bir dönəmdə COP29 konfransına ev sahibliyi hüququnu öz üzərinə götürməklə və ötən bir ildə hazırlıq prosesini uğurla keçirməklə dünyanı narahat edən iqlim çağırışlarına necə böyük həssaslıqla yanaşdığını nümayiş etdirir. Bütün bu məqamlar - Kazan Bəyannaməsində BRICS-in Bakıda COP29-un uğurla keçirilməsinə sadiqliyi vurğulanıb. “Biz Azərbaycanda COP29-un uğurla keçirilməsində qərarlıyıq” – deyə sənəddə vurğulanır. Bəyannamədə müəyyən edilmiş fəaliyyət və məqsədlərə nail olmaq üçün əsas vasitə kimi inkişaf etməkdə olan ölkələrlə bağlı iqlim maliyyələşdirilməsi üzrə yaxşı nəticələr gözlənildiyinə dərin inam ifadə olunub.


Digər bir vacib məqam isə Azərbaycanın əlverişli coğrafi məkanda yerləşməsidir. Ölkəmiz Şərq-Qərb dəhlizi olan Trans-Xəzər (Orta Dəhliz) nəqliyyat dəhlizi ailəsinin fəal üzvü kimi son illər ərzində bu layihədə strateji rolunu və mövqeyini daha da möhkəmləndirib. Xəzər dənizində ən böyük ticarət qovşağı olan Bakı Beynəlxalq Dəniz Limanının inşa olunması, Bakı-Tiblisi-Qarsın istifadəyə verilməsi, ƏIət Azad İqtisadi Zonasının yaradılması, dəmiryolu infrastrukturunun şaxələndirilməsi və moderinləşdirilməsi, avtomagistirallar, hava limanları kimi yeni layihələrin icrası da Orta Dəhlizin inkişafına xidmət edir. Qeyd olunan bütün bu məqamlar prezidentin çıxışında ən diqqətçəkən fikirlər idi. Qeyd olunduğu kimi bu gün öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Beləliklə “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizi üzərində yerləşən qitələrarası ticarət yollarının inteqrasiya edilməsində və yükgötürmə potensialının artırılmasında Azərbaycan əhəmiyyətli rol oynaya bilər. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan BRICS-ə üzv olan ölkələrlə bu istiqamətdə ikitərəfli və çoxtərəfli əsasda yüksək səviyyədə əməkdaşlıq edir.


Bir daha vurğulamalıyıq ki, Azərbaycanın BRICS Sammitinə dəvət olunması ölkəmizə və onun ali rəhbərinə olan hörmət və ehtiramın bariz göstəricisidir. Eyni zamanda BRICS-ə üzvlük Azərbaycan üçün iqtisadi və siyasi baxımdan yeni imkan və perspektivlərin vəd edəcəyindən xəbər verir.



DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.