Bu günlərdə Azərbaycan-Rusiya əlaqələrinin tarixinə növbəti uğurlu səhifə yazıldı. Belə ki, prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 7-8-də Rusiya Federasiyasında səfərdə oldu. Prezident İlham Əliyevin oktyabrın 8-də Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasına qatılması, səfər çərçivəsində keçirdiyi görüş mühüm məqamlarla yadda qaldı.
Azərbaycanın getdikcə artan beynəlxalq nüfuzu özünü ölkəmizin MDB-nin fəaliyyətində artan rolunda da göstərməkdədir. Bunu təsdiq edən bir çox məqamlar Moskvada keçirilən Zirvə görüşünün məhdud tərkibdə iclasında iştirak edən cənab prezidentin çıxışında öz əksini aydın şəkildə tapmışdır.
Möhkəm təməl daim davamlı uğurlara, eyni zamanda etimad mühitinin daha da möhkəmlənməsinə yol açır ki, bu da öz növbəsində əlaqələrin yeni istiqamətlərinin müəyyənləşdirilməsinə çağırışlar edir. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən prezident İlham Əliyev ölkəmizin qonşu dövlətlərlə əlaqələrinin inkişafını xarici siyasətimizin əsas tərkib hissəsi kimi diqqətdə saxlayır. Dövlətimizin başçısının 2004-cü ildə Rusiyaya ilk rəsmi səfəri münasibətlərimizdə yeni səhifənin başlanğıcı oldu. Hər iki ölkə liderinin çıxışlarında qeyd olunduğu kimi Sovetlər Birliyinin dağılmasından sonra Rusiya ilə Azərbaycan arasında münasibətlər heç vaxt inidiki səviyyədə olmamışdır.
Tarixi Zəfərimizdən sonra 2022-ci ildə dövlət başçısı İlham Əliyevin Rusiya Federasiyasına səfəri zamanı Azərbaycan və Rusiya prezidentləri “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə imzaladılar. Bu sənəd münasibətlərimizin gələcək inkişafının yol xəritəsi oldu, xalqlarımız arasında tarixi dostluq, mehriban qonşuluq ənənələrinə, dərin mədəni, humanitar əlaqələrə əsaslanaraq dövlətlərarası münasibətlərimizi keyfiyyətcə müttəfiqlik səviyyəsinə yüksəltdi.
Dövlət başçısının Moskvada səsləndirdiyi mesajlar konteksində keçirilən iclas Azərbaycanın həm MDB məkanında, həm də bütövlükdə dünya miqyasında yüksək əhəmiyyətini nümayiş etdirən növbəti platformaya çevrildi. Prezident İlham Əliyevin Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi barədə sözləri çıxışında ən diqqət çəkən məqamlardan idi. Bu, əlbəttə ki, Azərbaycanın MDB-yə üzv ölkələr arasında malik olduğu hörmət və nüfuzun daha bir göstəricisi kimi dəyərləndirilməlidir. Eyni zamanda 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş və tamamilə dağıdılmış Laçın şəhərinin növbəti il üçün MDB-nin mədəniyyət paytaxtı elan olunması, burada həyata keçirilən və miqyasına görə misli görünməmiş yenidənqurma işlərinin effektivliyinin növbəti təsdiqidir. Cənab prezidentin qeyd etdiyi kimi bu gün artıq Laçın bərpa olunub və burada yeni həyat başlayıb.
Prezident İlham Əliyevin çıxışında toxunduğu məsələlərdən biri də COP29 iqlim konfransı ilə bağlı səsləndirdiyi fikirlər oldu. Prezident qeyd etdi ki, 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarı bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndirilməlidir.
MDB Dövlət Başçıları Şurasının iclasında İkinci Dünya Müharibəsində qazanılan qələbənin 80 illiyi ilə bağlı müraciətin qəbul olunması da ən önəmli məqamlardan idi. Azərbaycan bu müharibədə qələbənin əldə olunması üçün böyük əzmkarlıq nümayiş etdirib. Dövlət başçımız çıxışında respublikamızın ümumi qələbənin əldə olunmasında oynadığı mühüm rola diqqət çəkərək vurğuladı ki, həmin dövrdə 3 milyon 400 min əhalisi olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş meydanlarında 350 min nəfər həlak olub, 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib. Bütün bunlar həmin dövrdə Azərbaycanda istehsal olunub, göstərilən məhsulların o vaxtlar SSRİ-də ümumi istehsalının faizidir. Prezident İlham Əliyev Taqanroq adı ilə tanınan 416-cı Azərbaycan atıcı diviziyasının döyüş yolundan da bəhs etdi. Prezidentimiz qeyd etdi ki, faşizm üzərində ümumi qələbə MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının daha da möhkəmləndirilməsi üçün mühüm amillərdən biridir.
Moskva səfəri zamanı prezident İlham Əliyev beynəlxalq münasibətlərdə müşahidə edilən son dərəcə mənfi tendensiya barədə də öz fikirlərini bölüşdü. Bu neqativ tendensiya Qərb ölkələrinin, xüsusilə də ABŞ-nin dəyənək kimi istifadə etdiyi sanksiya rejimidir. Bu məsələdə də prezident İlham Əliyev qüdrətli ölkənin lideri kimi sanksiyalar məsələsi ilə bağlı mövqeyini aydın şəkildə ortaya qoydu. “Rossiya-1” televiziya kanalına müsahibəsi zamanı dövlət başçımız xüsusilə qeyri-qanuni olduqda və tamamilə əsassız və selektiv şəkildə tətbiq edildikdə sanksiyaların mövcud olmağa haqqı olmadığını diqqətə çatdırdı. Azərbaycan lideri birmənalı şəkildə vurğuladı ki, Bakı istənilən sanksiyalara qəti şəkildə qarşıdır və beynəlxalq ictimaiyyət öz mövqeyini vahid qaydada bildirməlidir.