Tarixi Qələbəmizi təmin edən Prezident – Xalq birliyi Azərbaycana hələ çox zəfərlər qazandıracaq.
Ümummilli liderimiz Heydər Əliyevin ədliyyə sahəsinə göstərdiyi böyük diqqət və qayğının təzahürü olaraq 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsinin qəbulu günü – 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilib. Ədliyyə işçiləri bu bayramı bizə bəxş etmiş Ulu Öndərimizə dərin minnətdarlıq hissi ilə hər il qeyd edirlər.
Builki bayram isə xüsusilə əlamətdar olmaqla böyük fəxarətlə keçirilir. Belə ki, ötən ay müstəqilliyimizin bərpa olunmasının 30 illiyi, cəmi bir neçə gün öncə isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın Vətən müharibəsində tarixi Qələbəsinin birinci ildönümü – Zəfər Günü qeyd olunub.
Xalqımızın bu möhtəşəm bayramları sanki bir-birini tamamlayır. Bu il Azərbaycan xalqı ilk dəfə dövlət müstəqilliyinin bərpası gününü öz ərazi bütövlüyünü “Dəmir Yumruq”la bərpa etmiş qalib xalq kimi qeyd edib.
Heç vaxt unudulmur ki, müstəqilliyimizin bərpasının ilk dövründə səriştəsiz idarəçilik, anarxiya və hərc-mərcliyin hökm sürməsi ölkəmizi vətəndaş müharibəsi astanasına gətirmiş, erməni hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunmuş, yenicə əldə edilmiş müstəqilliyimizin itirilməsi təhlükəsi yaranmışdı.
Belə bir ağır şəraitdə xalqın təkidli tələbilə 1993-cü ildə respublika rəhbərliyinə qayıdan ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası, cəsarətli və sarsılmaz iradəsi ilə xalqımızı və dövlətimizi böyük təhlükələrdən qurtararaq müstəqilliyimizi dönməz etməsi daim böyük ehtiramla xatırlanır.
Məhz Dahi Öndərin misilsiz dövlət idarəçiliyi məharəti nəticəsində ölkəmizdə qanunçuluq, ictimai-siyasi sabitlik bərqərar olunub, neft strategiyasının təməli qoyularaq “Əsrin müqaviləsi” imzalanıb, demokratik hüquqi dövlət quruculuğuna başlanaraq, ictimai həyatın bütün sahələrində, o cümlədən hüquqi sahədə köklü islahatlar aparılıb.
Ümummilli Lider müstəqil və sabit inkişaf edən Azərbaycan dövlətini yaratmaqla yanaşı xalqımız və dövlətimiz qarşısında daha bir əvəzsiz xidmət göstərib – milli dövlətçilik məktəbi formalaşdıraraq xalqımızın gələcək inkişafını təmin edəcək layiqli siyasi varis yetişdirib.
2003-cü ildə Ulu Öndər xalqa müraciətində deyirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Bu gün tam əminliklə söyləyə bilərik ki, möhtərəm Prezidentimiz bu inamı xalqın dəstəyi ilə uğurla gerçəkləşdirdi, Azərbaycanı dünyada yüksək nüfuza sahib ölkəyə, etibarlı tərəfdaşa və regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevirdi. Xüsusilə hər bir azərbaycanlının ən ümdə arzusunu reallığa çevirərək müqəddəs torpaqlarımızı düşmən tapdağından azad etdi.
Erməni işğalına son qoyan Vətən müharibəsi xalqımızın haqq, ədalət uğrunda mübarizəsinin təcəssümü olaraq müstəqillik tariximizə qızıl hərflərlə yazılıb. Qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı ədaləti bərpa etmək, öz hüququnu təmin etmək, dövlətini, dövlətçiliyini qorumaq uğrunda daim mübarizə aparıb. 2020-ci il sentyabrın 27-də xalqımızın mənfur düşmənin hərbi təxribatlarına cavab olaraq başladığı haqq savaşında olduğu kimi. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq”.
44 gün davam edən Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan dəmir iradəsi, yenilməz sərkərdəliyi və bənzərsiz diplomatik məharəti ilə bütün dünyaya göstərdi və sübut etdi ki, Azərbaycan haqlı tərəfdir və torpaqlarını işğaldan azad etməyə, zəfər çalmağa qadir, güclü ordusu var.
Təsadüfi deyil ki, Azərbaycan Ordusunun Vətən müharibəsində unikal əməliyyatları dünya hərb tarixinə düşərək bu gün dərindən öyrənilir, tədqiq edilir.
Xalqı zəfərə aparan ən vacib məqam isə, ilk növbədə, qətiyyətli liderin, orduya layiqli komandanlıq etməyi bacaran, səriştəli, dünya siyasətinə dərindən bələd olan, nəyi nə zaman necə etmək olduğunu yaxşı bilən bir rəhbərin olmasıdır. Bütün bu xüsusiyyətlər məhz Prezident İlham Əliyevdə cəmləşib. Azərbaycan xalqı xoşbəxtdir ki, həyatını müasir müstəqil dövlətimizin hərtərəfli davamlı tərəqqisinə həsr edən, 30 illik erməni işğalına son qoyaraq əzəli torpaqlarımızı, o cümlədən Qarabağın tacı olan Şuşanı azad edərək parlaq Qələbə qazanan Müzəffər Ali Baş Komandanı var.
Xalqımız və dövlətimiz qarşısında müstəsna xidmətləri olan dahi öndər Heydər Əliyev müstəqilliyimizin xilaskarı olduğu kimi, onun siyasi varisi Prezident İlham Əliyev də düşmən üzərində Azərbaycanın çoxəsrlik tarixində bənzəri olmayan Zəfər qazanaraq adını doğma torpaqlarımızın xilaskarı kimi tariximizə əbədi həkk etdirib.
Ümummilli Liderin ən ümdə vəsiyyətini şərəflə yerinə yetirən dövlətimizin başçısı 2021-ci il 7 iyul tarixli Fərmanı ilə Qarabağ iqtisadi zonasını yaradaraq qondarma Dağlıq Qarabağ adlı ərazi vahidini birdəfəlik unutdurub, dədə-baba torpağımız olan Zəngəzurun şərq hissəsinin tarixi adını özünə qaytarıb.
“Dəmir yumruq” əməliyyatına rəhbərlik edən Azərbaycan Prezidenti həm də diplomatiya cəbhəsində, siyasət meydanında, informasiya savaşında “dəmir məntiqi” ilə döyüşərək xalqa müraciətləri, dünyanın aparıcı medialarına çoxsaylı müsahibələri ilə müharibənin gedişinə güclü təsir edib, Zəfər müjdələri ilə xalqımızda və ordumuzda vətənpərvərlik ruhunu daha da yüksəldib. Eyni zamanda, tarix boyu ölkəmizə qarşı torpaq iddialarından əl çəkməyən Ermənistanın yalan üzərində qurulmuş ideologiyasını, təbliğatını məhv edib.
Azərbaycan Prezidenti böyük intellektin, sarsılmaz iradənin, güclü qətiyyətin tələb olunduğu hər yerdə idi – diplomatiya cəbhəsində, siyasət meydanında, informasiya savaşının ən ön cərgəsində…
Həm Vətən müharibəsinin gedişinə, həm Qarabağın qədim tarixinə, həm də münaqişənin 30 illik tarixinə dair elə bir detal, hadisə, ideya, məqam yox idi ki, Prezident İlham Əliyev 44 gün ərzindəki çıxış, müraciət, görüş və müsahibələrində ona toxunmamış, münasibət bildirməmiş, aydınlıq gətirməmiş olsun.
Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu şərəfli dönəmdə Müzəffər Ali Baş Komandanın ən sadiq silahdaşı kimi yorulmaz fəaliyyət göstərib, xalqımızın ədalətli mübarizəsi barədə həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırıb, onun vətənpərvər çağırış və müraciətləri hər birimizi milli maraqlarımız naminə düşmənlə mümkün platformalarda, o cümlədən informasiya məkanında mübarizəyə səfərbər edib.
Müzəffər Ali Baş Komandan Qarabağı və digər ərazilərimizi azad etməklə doğma ocaqlarına qayıdacaqları günü 30 ildir səbirsizliklə gözləyən soydaşlarımızın yurd həsrətinə son qoymaqla yanaşı, bölgədə davamlı sülhə, sabitliyə və əməkdaşlığa nail olmaq üçün yeni reallıqlar, imkanlar yaradıb.
Vətən müharibəsinin başladığı andan Azərbaycan xalqının yanında olan qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla bütün türk xalqının, yüksək səviyyəli rəsmi şəxslərinin ölkəmizə mənəvi və siyasi dəstəyi xüsusi qeyd olunmalıdır. Ötən dövrdə Türkiyə Prezidentinin azad edilmiş torpaqlara səfərləri, iyun ayında Şuşada Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin imzalanması ölkələrimizin ümumi maraqlarının və təhlükəsizliyinin qorunmasına xidmət edib.
Bu günlərdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının qərarı ilə ərazilərimizin işğaldan azad edilməsini və ərazi bütövlüyümüzün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi Qələbəyə görə “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi hər birimizdə hədsiz qürur və sevinc hissi yaşadıb.
Şanlı tariximiz olan İkinci Qarabağ müharibəsindən bir il ötür və noyabrın 8-də Şuşanın işğaldan azad olunmasını böyük Zəfər bayramı kimi qeyd edən Azərbaycan dövləti azad edilmiş torpaqlarda intensiv bərpa-quruculuq işləri aparır. Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəcib təşəbbüsləri və fəal iştirakı ilə həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri nəticəsində doğma torpaqlarımız göz önündə yenidən dirçəlir.
Qarabağ və Şərqi Zəngəzurda qısa müddətdə yol-nəqliyyat, enerji, sosial infrastrukturların qurulması – bu yaxınlarda Prezident İlham Əliyev tərəfindən Zəfər yolunun, ölkəmizə səfər etmiş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birgə Füzuli Beynəlxalq Hava Limanının açılışı, Zəngəzur dəhlizinin təməlinin qoyulması, habelə tarixi, dini və mədəni abidələrimizin bərpası, "Ağıllı şəhər" və "Ağıllı kənd" layihələrinin tətbiqi dövlətimizin qüdrətinin və möhkəm iqtisadi potensialının əyani təzahürü olmaqla bütün dünyada heyrətlə qarşılanır.
Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycanın üçrəngli bayrağı azad edilmiş doğma torpaqlarımızda vüqarla dalğalanır, mədəniyyət paytaxtımız Şuşada yenidən “Xarıbülbül” festivalı, Vaqif Poeziya Günləri keçirilir, Vətən müharibəsində qələbəmizin sevinci yaşanır.
Zəfər Günündə Şuşada, Cıdır düzündə keçirilmiş tədbirdə Müzəffər Ali Baş Komandan çıxış edərək deyib: “Zəfər Günü bizim bayramımızdır. Bu, Zəfər bayramıdır, bu, rəşadət bayramıdır, bu, ədalət bayramıdır, bu, milli qürur, milli ləyaqət bayramıdır. Biz öz ləyaqətimizi bərpa etdik. Bundan sonra müzəffər ölkə və qalib xalq kimi əbədi yaşayacağıq. Bundan sonra Qarabağda və Zəngəzurda əbədi yaşayacağıq”.
Şübhəsiz ki, ölkəmizin şanlı Qələbə qazanmasının təməlində Azərbaycan Prezidenti İlham Əliyevin ölkə Prezidenti seçildiyi ilk gündən həyata keçirdiyi uzaqgörən və düşünülmüş siyasəti dayanır.
Müstəqilliyimizin 30-cu ildönümü ilə bağlı xalqa müraciətində Prezident İlham Əliyevin vurğuladığı kimi, uzun illər ərzində Azərbaycanın hərtərəfli inkişafı üçün rəhbər tutulan strateji xəttin, ölkəmizin daha da güclənməsi üçün görülən fasiləsiz işlərin məntiqi nəticəsi Vətənimizin ərazi bütövlüyünün təmin edilməsi olub.
Aparılan uğurlu daxili və xarici siyasət nəticəsində son 18 ildə respublikamızın iqtisadiyyatı və müdafiə sənayesi daim intensiv inkişaf etdirilib, qüdrətli Milli Ordu yaradılıb, etibarlı xarici tərəfdaşların sayı artıb. Bununla yanaşı Azərbaycan sivil, multikultural, sülhpərvər və sabit inkişaf edən mütərəqqi dövlət kimi beynəlxalq aləmdə yüksək nüfuz qazanıb.
Təsadüfi deyil ki, BMT Təhlükəsizlik Şurasının torpaqlarımızın işğaldan azad olunması ilə bağlı qəbul etdiyi 4 qətnamə ilə yanaşı, bu illər ərzində İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Şurası və s. nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycan torpaqlarının işğalı faktını, habelə 15-dən çox ölkə, eləcə də ABŞ-ın ştatlarının yarıya qədəri Xocalı soyqırımını tanıyıb.
Bütün bunlar beynəlxalq aləmdə Azərbaycanın haqlı mövqeyinin formalaşmasına və bugünkü qələbəmizin möhkəm bünövrəsinin yaradılmasına rəvac verib.
Ötən illər ərzində elə bir sahə olmayıb ki, dövlətimizin başçısının rəhbərliyi ilə orada islahatlar aparılmasın və inkişaf müşahidə edilməsin. Bu illər ərzində ümumi daxili məhsul üç dəfədən çox artıb, işsizliyin səviyyəsi 5 faizədək aşağı düşüb, ölkəmizin iqtisadiyyatına 260 milyard dollardan çox sərmayə qoyulub.
Ölkəmizin iqtisadi rəqabətqabiliyyətliliyinə görə nüfuzlu beynəlxalq hesabatlarda yüksək pillələrdə qərarlaşması, o cümlədən dünyanın ən islahatçı 10 ölkəsindən birinə çevrilməsi, nəhəng qlobal enerji və nəqliyyat layihələrinin bilavasitə təşəbbüskarı olmaqla gerçəkləşdirilməsi, kosmik kluba daxil olması müstəqilliyimizin bəhrəsi olmaqla dövlət başçısının məqsədyönlü siyasətinin bariz təzahürü olub.
Yüksək intellekti, praqmatik düşüncəsi və müstəqil siyasəti ilə fərqlənən Azərbaycan Prezidenti ölkənin siyasi, iqtisadi imkanlarını genişləndirməklə respublikamızın beynəlxalq arenadakı mövqelərini də möhkəmləndirib. Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib, BMT-dən sonra dünyada ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına uğurla sədrlik edib. Azərbaycanın Hərəkata Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu və səmərəli sədrliyinə verilən qiymətin təzahürü olaraq sədrliyimizin müddəti 2023-cü ilin sonuna qədər uzadılıb.
Azərbaycan həm də ən mötəbər tədbirlərə, o cümlədən humanitar, siyasi, iqtisadi, mədəni forumlara, möhtəşəm idman yarışlarına uğurla ev sahibliyi edən ölkə kimi tanınır.
Dövlətimizin başçısının müasir çağırışlara uyğun həyata keçirdiyi hərtərəfli islahatlarda, mühüm layihələrin müvəffəqiyyətlə reallaşdırılmasında, humanizm, tolerantlıq ideya və prinsiplərinin uğurla inkişaf etdirilməsində, dünyamiqyaslı mühüm tədbirlərin və mötəbər beynəlxalq forumların yüksək səviyyədə təşkil olunması və keçirilməsində respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli və əzmkar fəaliyyəti xüsusilə qeyd olunmalıdır.
Vətən müharibəsi günlərində ədliyyə işçiləri də səylərini əsirgəməyiblər. Hərbi vəziyyət elan olunduqdan dərhal sonra nazirlik gücləndirilmiş iş rejiminə keçmiş, fəaliyyətin digər hüquq-mühafizə orqanları və aidiyyəti təşkilatlarla sıx əlaqəndirilməsi, fövqəladə hallar barədə operativ məlumatlandırmanın təşkili, penitensiar müəssisələrin, informasiya resurslarının təhlükəsiz fəaliyyəti və onların mühafizəsi üzrə təxirəsalınmaz tədbirlər görülüb.
Həmçinin nazirliyin tibb xidmətinin həkimləri döyüş bölgəsinə ezam edilib, ədliyyə və məhkəmə orqanlarının 100-dək əməkdaşı hərbi xidmətə, o cümlədən könüllü kimi yollanaraq, yüksək vətənpərvərlik nümunəsi göstəriblər. Döyüşlərdə iştirak edən əməkdaşlarımız arasında təəssüf ki, yaralanan və qəhrəmancasına şəhid olanlar da var. Nazirlik tərəfindən onların hər birinin və ailə üzvlərinin qayğıları ilə maraqlanılaraq hərtərəfli dəstək göstərilir.
Vətən müharibəsinə könüllü yollanaraq mərdlik və şücaət göstərib şəhid olmuş nazirliyin icra baş idarəsinin əməkdaşı Ruhin Xəlilovun xatirəsinə Ədliyyə Tarixi Muzeyində, əvvəllər işlədiyi yerli qurumlarda xüsusi guşələr yaradılıb, xidməti kabinetində muzey təşkil olunub. Şəhid ədliyyə işçisinin ailəsi və azyaşlı övladları qayğımızla əhatə olunub, onun həyat yoldaşı ədliyyə orqanlarına işə qəbul edilib.
Müharibə dövründə nazirlik, həmçinin cəbhəboyu rayonların sakinləri üçün də yardımlar təşkil etmiş, onların qayğılarına xüsusi həssaslıqla yanaşılaraq videoformatda qəbullar keçirilib, qaldırılan məsələlərin dərhal həll edilməsi üzrə tədbirlər görülüb.
Ədliyyə işçiləri və hakimlər müharibənin ilk günlərindən ordumuza, yaralılarımıza və şəhid ailələrinin qayğılarına dəstək məqsədilə könüllü olaraq 4,5 milyon manatdan çox, o cümlədən peşə bayramı ərəfəsində “YAŞAT” və Qarabağ Dirçəliş fondlarına ianələr edib, yüzlərlə əməkdaş qanvermə aksiyalarında iştirak ediblər.
Ölkəmizə qarşı hərbi cinayətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, Ermənistanın beynəlxalq müstəvidə məsuliyyətə cəlb olunmasının təşviqi istiqamətində də Ədliyyə Nazirliyi tərəfindən məqsədyönlü işlər həyata keçirilib, Azərbaycan, ingilis və rus dillərində “Qarabağ Azərbaycandır!” elektron məlumat platforması yaradılaraq daim zənginləşdirilib, müxtəlif saytlara inteqrasiyası təmin olunub. Bu platformadan çoxminli istifadəçi yararlanıb.
Nazirlik tərəfindən, həmçinin 80-ə yaxın ölkənin Ədliyyə nazirliklərinə, xarici tərəfdaşlara və nüfuzlu beynəlxalq təşkilata ümumilikdə 450-dək məktub göndərilib, xarici ölkələrin səfirləri ilə görüşlər təşkil olunub, ərazilərimizin işğalı, erməni vandalizmi, müharibə cinayətləri, azərbaycanlıların etnik təmizləməyə və soyqırımına məruz qalması vurğulanıb, xalqımızın haqlı mövqeyi diqqətə çatdırılıb.
Avropa Şurası ədliyyə nazirlərinin konfransında ermənilərin insanlıq əleyhinə və müharibə cinayətləri təfsilatı ilə Avropa Şurası Baş katibinin, Avropa Şurası Parlament Assambleyasının, Avropa İnsan Hüquqları Məhkəməsinin və digər ixtisaslaşmış qurumların rəhbərlərinin, habelə Avropa İttifaqı ədliyyə komissarının və bütün üzv dövlətlərin ədliyyə nazirlərinin diqqətinə çatdırılıb.
Zəfər Gününün birinci ildönümü ərəfəsində dövlətimizin başçısının təşəbbüsü ilə Milli Məclis tərəfindən “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın qəbul olunması xalqımızın qələbə sevincinə əlavə sevinc qatıb. Ümummilli Liderimizin ölkəmizdə əsasını qoyduğu humanizm siyasətinin davamı olaraq qəbul edilmiş bu amnistiya aktı tətbiqi dairəsinin genişliyinə görə bütün digər belə aktlardan fərqlənir. Belə ki, o həm istintaq mərhələsində, həm də məhkəmədə olan işlərə şamil olunur. Bununla yanaşı, ədliyyə orqanları, o cümlədən penitensiar və probasiya xidmətləri tərəfindən amnistiyanın 15 minə qədər şəxsə tətbiq olunması gözlənilir.
Ədliyyə Nazirliyi üzrə amnistiya aktının mütəşəkkil və dürüst icrasının təmini məqsədilə dərhal müvafiq əmr imzalanıb, onun icrasına gündəlik nəzarət təşkil olunub, bu barədə müraciətlərin çevik araşdırılması üçün monitorinq qrupu yaradılıb, digər konkret tədbirlər görülüb.
Bunun nəticəsidir ki, nazirlik tərəfindən elə ilk gündən amnistiyanın tətbiqinə başlanıb. Amnistiya indiyədək 1300-dək şəxsə şamil olunub.
Amnistiya aktının humanist mahiyyətinin ictimaiyyətə çatdırılması məqsədilə nazirliyin məsul əməkdaşlarının iştirakı ilə dəyirmi masa keçirilib. Böyük ictimai marağa səbəb olan tədbirdə verilmiş açıqlamalar barədə KİV-lərdə və internet resurslarında 300-dək məlumat yayımlayıb.
Ümumiyyətlə, ölkəmizdə cəza siyasətinin humanistləşdirilməsi üzrə tədbirlər çərçivəsində dövlət başçısının təşəbbüsü ilə son illər ərzində cinayət qanunvericiliyinə mühüm dəyişikliklər edilərək bir çox əməllər dekriminallaşdırılıb, azadlıqdan məhrum etməyə alternativ cəzalar müəyyən edilib, bəzi cəzalar yüngülləşdirilib, azadlığın məhdudlaşdırılması yeni cəza növü təsbit olunub.
Bu dəyişikliklər nəticəsində 2200 məhkum cəzadan tamamilə azad edilib, 3500 məhkumun isə cəza müddəti azaldılıb.
Pandemiya başlanandan dərhal sonra risk qrupuna daxil olan yaşı 65-dən yuxarı məhkumların tam əksəriyyəti ötən il Azərbaycan Prezidenti tərəfindən əfv olunub. Eyni zamanda, 1500 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirləri dəyişdirilib. Bu il Novruz bayramı ərəfəsində imzalanmış əfv Sərəncamı isə daha genişliyi ilə fərqlənərək 625 nəfərə şamil olunub.
Ölkəmizdə uzun illər ərzində formalaşmış möhkəm ictimai-siyasi və sosial-iqtisadi bünövrə, tarixi torpaqlarımızın işğaldan azad edilməsi qarşıdakı illərdə sistemli və davamlı islahatlara əlavə imkanlar yaradıb. Müasir dünyamızda isə islahatları qabaqcıl texnologiyalar tətbiq edilmədən təsəvvür etmək mümkün deyil. Eyni zamanda, qlobal bəlaya çevrilmiş koronavirus pandemiyası şəraiti müxtəlif sahələrdə rəqəmsal xidmətlər və həllər üzrə platformanın inkişafını şərtləndirib.
Bununla əlaqədar Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət idarəetməsində rəqəmsal təşəbbüslər həyata keçirilir, bu sahədə normativ aktlar və dövlət proqramları qəbul olunur. Təsadüfi deyil ki, rəqəmsal cəmiyyət dövlətimizin başçısının bu ilin fevralında təsdiq etdiyi Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafına dair milli prioritetlərindən biri kimi müəyyənləşdirilib.
Ədliyyə və məhkəmə sahəsi də müasir informasiya texnologiyalarının tətbiqi ilə inkişaf edir, mütərəqqi islahatlar aparılır, pandemiya şəraitində ədliyyəyə əlçatanlığın təmini məqsədilə innovativ həllərdən geniş istifadə edilir.
Hazırda “Elektron hökumət” sisteminin fəal iştirakçısı olan Ədliyyə Nazirliyi tərəfindən vətəndaşlara 35-dək müxtəlif elektron xidmətlər göstərilir. Son 5 ildə onlardan istifadə edənlərin sayı 15 milyonu xeyli ötüb.
Nazirlik tərəfindən aparılan və on minlərlə normativ sənədi ehtiva edən Hüquqi aktların vahid elektron bazası vasitəsilə hər kəs ödənişsiz olaraq, ani rejimdə qanunvericilik aktlarını əldə edə bilir. Təkcə bu il ərzində həmin elektron resursdan istifadələrin sayı 4 milyonu keçib.
Eyni zamanda, “Elektron notariat” innovasiyaların tətbiqi üçün geniş imkanlar açıb. Həmçinin rəqəmsallaşdırmanın yeni mərhələsi olaraq “Mobil notariat” tətbiqi yaradılıb. Onun istifadəçiləri notariat ofisinə getmədən videoəlaqə vasitəsilə, o cümlədən xaricdən müxtəlif notariat hərəkətlərini rəsmiləşdirmək imkanına malikdirlər. Bu yeni olan sistemin artıq iki yüz mindən çox istifadəçisi vardır.
Ədliyyənin elektron reyestrlərinə digər dövlət orqanlarının da inteqrasiyası vətəndaş məmnunluğuna əlavə şərait yaradıb. Məsələn, əhali barədə müxtəlif məlumatları əks etdirən nazirliyin elektron bazalarından əmək və sosial müdafiə orqanlarına, müxtəlif lisenziyaların alınması üçün İqtisadiyyat nazirliyinə müraciətlər zamanı səmərəli istifadə olunur, bir çox sənədlər onlayn qaydada əldə edilir.
Böyük sosial əhəmiyyətə malik olan “DOST” mərkəzlərində göstərilən notariat xidməti xüsusi qeyd olunmalıdır. Burada yaradılmış elektron notariat kabinetləri vasitəsilə vətəndaşlar notariusla dərhal video-əlaqə saxlayaraq notariat əməliyyatını həyata keçirə bilirlər. Biznes mühitinin yaxşılaşdırılması məqsədilə analoji xidmətlər banklarda da yaradılıb.
Onu da qeyd edim ki, dövlətimizin başçısı və birinci xanımın şəhid ailələrinə yüksək diqqət və qayğı göstərilməsi barədə çağırışlarına qoşulan və tam əksəriyyəti xüsusi olan notariuslar yüksək vətəndaş mövqeyi və sosial məsuliyyət nümayiş etdirərək şəhid ailələrinə öz hesablarına xidmət göstərirlər.
Bununla yanaşı, nazirlik tərəfindən bələdiyyə fəaliyyətinin səmərəliliyinin artırılması, vətəndaşların bələdiyyələrə əlçatanlığının təmin olunması məqsədilə bələdiyyələri əhatə edən xüsusi portal hazırlanıb. Həmin portalın imkanlarından istifadə etməklə bələdiyyələrə metodoloji yardımın keyfiyyəti və onların fəaliyyətinə inzibati nəzarətin səmərəliliyi xeyli artırılıb.
Vergi, sığorta, aliment və digər borclar üzrə məhkəmə qərarlarının çevik icrası məqsədilə ödənişlərin birbaşa bank hesablarına yönəldilməsi, onlayn qaydada ödənişlərin aparılması təşkil olunub. Fəaliyyətin təkmilləşdirilməsində mühüm əhəmiyyət kəsb edən “Elektron icra” informasiya sisteminin müxtəlif orqanların məlumat bazalarına inteqrasiyası hesabına zəruri sənədlərin, o cümlədən borclular barəsində məlumatların ani vaxt rejimində əldə olunması imkanı yaranıb. Bunun nəticəsidir ki, cari ildə icrası təmin edilən işlərin sayı 20 faizədək artıb, fiziki və hüquqi şəxslərə 420 milyon manatdan çox vəsait ödətdirilib.
Eyni zamanda, azadlıqdan məhrumetməyə alternativ cəzaların səmərəli icrası məqsədilə elektron nəzarət vasitələrinin (elektron qolbaqlar) tətbiqi öz səmərəsini verib. Hazırda bu tətbiqin dairəsi genişləndirilərək 4000-dən artıq məhkum elektron qolbaq daşıyır. Onlara Elektron Monitorinq Mərkəzi tərəfindən 24 saat onlayn rejimdə nəzarət edilir.
Müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqi ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında, fəaliyyətdə şəffaflığın təmin edilməsində və məhkəməyə əlçatanlığın yaxşılaşdırılmasında da mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı bu islahatların “yol xəritəsi” olub.
Dövlətimizin başçısının tapşırığına əsasən yaradılmış “Elektron məhkəmə” informasiya sistemi məhkəməyə müraciət etmək hüququnun yaranması anından məhkəmə qərarının icrasının tamamlanmasına qədər bütün prosesi əhatə edir. Elektron sənəd dövriyyəsini, məhkəmə proseslərinin audio və videoyazısını, videokonfransların keçirilməsini təmin edir, sənədlərin əldə olunması vaxtını dəfələrlə azaldır.
Hazırda ölkə ərazisində fəaliyyət göstərən 117 məhkəmənin 77-də, başqa sözlə, üçdə ikisində elektron məhkəmə sistemi tətbiq olunur və onun artıq gələn ildə bütün məhkəmələri əhatə etməsi nəzərdə tutulur.
Qanunvericiliyə edilmiş, o cümlədən ötən ay qüvvəyə minmiş dəyişikliklər məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinə, o cümlədən süründürməçiliyin aradan qaldırılmasına, işlərə çevik və vaxtında baxılmasına şərait yaradıb. Həmçinin bu dəyişiklər məhkəmələr tərəfindən “Elektron məhkəmə” informasiya sisteminin tətbiqini daha da genişləndirib. Məhkəmə icraatının videokonfrans əlaqə sistemi vasitəsilə həyata keçirilməsi imkanının yaradılması şəffaflığın əlavə təminatı olmaqla, pandemiya şəraitində xüsusi əhəmiyyət kəsb edib.
Eyni zamanda, məhkəmə rüsumlarının dərəcələrinin diferensial şəkildə müəyyən edilməsi ilə əlaqədar rüsumların dəqiq və avtomatik hesablanmasına imkan verən onlayn kalkulyator, eləcə də xüsusi metodiki vəsait hazırlanaraq məhkəmələrin vahid portalında, Ədliyyə Nazirliyi və Ali Məhkəmənin elektron resurslarında yerləşdirilib.
Məhkəmə fəaliyyətində şəffaflığın təmini məqsədilə bütün məhkəmə qərarlarının elektron dərc olunması təmin edilir və bu zaman şəxsi həyat sirrinin qorunması üçün xüsusi proqramla onlar anonimləşdirilir. Həmin qərarlar üzrə elektron axtarış sisteminin yaradılması hər kəsin məhkəmə təcrübəsi barədə məlumatlılığını artırır və sistem xarakterli nöqsanların müəyyənləşdirilməsində mühüm rol oynayır.
Eyni zamanda, şəffaflığın əlavə təminatı kimi işlərin hakimlər arasında bölüşdürülməsi elektron sistem üzərindən həyata keçirilir və onun daimi monitorinqi aparılır.
“Mobil məhkəmə” tətbiqindən geniş istifadə olunması, Məhkəmə-Hüquq Şurasında “Qaynar xətt”in yaradılması da məhkəmə istifadəçilərinin məmnunluğuna xidmət edib.
Hazırda məhkəmə fəaliyyətində süni intellektin tətbiqi ilə bağlı qarşımızda mühüm çağırışlar durur, informasiya texnologiyalarının məhkəmə idarəetməsində rolu artırılır. Bununla bağlı hazırlanmış sistem elektron statistika əsasında müxtəlif analitik hesabatlar tərtib etməyə, məhkəmələrin və hakimlərin fəaliyyətini qiymətləndirməyə, onların işinin məhsuldarlığını müəyyən etməyə imkan verir. Bu sahədə təcrübəmiz beynəlxalq maraq doğuraraq xüsusi mükafata layiq görülüb.
İnsanların məhkəmə hakimiyyətinə inamının ən mühüm cəhətlərindən biri hakimlərin seçimi prosesində şəffaflığın təmin olunmasıdır. Hazırda hakimliyə namizədlərin sənədlərinin qəbulu fasiləsiz və elektron qaydada aparılır, test imtahanı fərdi kompüter vasitəsilə keçirilir, nəticələr dərhal elan olunur. Seçim prosesinin bütün mərhələlərinə vətəndaş cəmiyyəti nümayəndələri və kütləvi informasiya vasitələri dəvət edilirlər.
Son iki ildə 900-dək şəxsin iştirakı ilə keçirilən belə müsabiqələr nəticəsində 44 nəfər bütün imtahanları, habelə uzunmüddətli tədris və məhkəmələrdə stajkeçməni müvəffəqiyyətlə başa vuraraq cari ildə müxtəlif hakim vəzifələrinə təyin ediliblər. Hazırda 220-dək namizəd müsabiqənin müxtəlif mərhələsindədir.
Məhkəmə fəaliyyətində şəffaflığın təmin olunmasında və əlçatanlığın yaxşılaşdırılmasında məhkəmə infrastrukturunun əhəmiyyəti nəzərə alınaraq dövlət başçısının tapşırıqlarına əsasən paytaxtda və bölgələrdə 35 məhkəmə üçün ən qabaqcıl İKT ilə təchiz edilmiş yeni bina, başqa sözlə, “hi-tech” məhkəmələr inşa olunub. Dünya Bankı və dövlət büdcəsi hesabına inşa edilən həmin binalar konseptual baxımdan tamamilə müasir olmaqla vətəndaşların rahatlığı üçün hər cür əlverişli şərait yaradılır, hakimlərlə qeyri-prosessual münasibətlərin qarşısı alınır.
Təkcə bu il ərzində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi, habelə Sumqayıt və Masallı məhkəmə kompleksləri istifadəyə verilib. Bir çox məhkəmə bina və komplekslərinin açılışını məhkəmə hakimiyyətinə müstəsna əhəmiyyət verən dövlətimizin başçısı şəxsən həyata keçirib, görülən işlərlə yerində tanış olub, zəruri tapşırıqlar verib.
Mütərəqqi ədliyyə və məhkəmə islahatlarının həyata keçirilməsində Azərbaycan Prezidentinin göstərdiyi siyasi iradə, islahatlara verdiyi müstəsna əhəmiyyət və dəstək hər birimizi üzərimizə düşən vəzifələri bundan sonra da böyük məsuliyyət və şərəflə yerinə yetirməyə səfərbər edir.
Peşə bayramlarını qalib xalqın nümayəndələri kimi böyük qürur hissi ilə qeyd edən ədliyyə işçiləri tarixi Zəfər günlərini bizlərə yaşatdığına görə Prezidentə sonsuz minnətdarlıq və ehtiram hissi keçirir, Müzəffər sərkərdəmizə daxili və xarici siyasətdə uğur arzulayır,Ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik dirəm. Qəti əminik ki, düşmənə endirilən “Dəmir Yumruq” xalqımızın firavan gələcəyi naminə bundan sonra da ölkəmizə yeni-yeni möhtəşəm qələbələr qazandıracaq, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz gündən-günə inkişaf edərək daha da möhkəmlənəcək.