Hər il təxminən 15 milyon körpə vaxtından əvvəl doğulur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, belə uşaqların təxminən 90 faizi 28 həftəsindən daha tez doğulur. Avropa Yenidoğulmuş Körpələrə Baxım Fondunun hesabatına görə, 1990-cı illə müqayisədə vaxtından əvvəl doğumun nisbəti təxminən beş faiz azalıb. Belə ki, 1990-cı ildə bu rəqəm 16,06 milyon, 2019-cu ildə 15,22 milyona çatıb. Həmçinin, 1990-cı il ilə müqayisədə belə körpələr arasında ölüm halları da azalıb.
Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin həkim-ginekoloqu Gülnar Nuriyeva bu mövzuda suallarımızı cavablandırıb.
-Gülnar həkim, erkən həftələrdə doğumun səbəbləri nədir və bu riskləri necə qarşılamaq olar?
Əsasən döldə və ya anada olan tibbi problemlər bu cür doğumlara səbəb ola bilər. Ananın yaşı çox olduqda, yaxud da erkən evlilik olduqda bu zaman belə arzuolunmaz hal baş verə bilər. Bundan başqa, ananın mövcud xəstəlikləri də erkən həftələrdə doğuma səbəb olur. Uşaqlıq boynunun qısalığı, yüksək təzyiq, şəkər xəstəliyi də erkən həftələrdə, vaxtından əvvəl doğuma səbəb olur. Bundan başqa, ananın ürək xəstəliyi varsa, bu zaman da hamiləlik erkən müddətdə sonlandırılır. Dünyada təxminən 10 faizədək uşaqlar erkən doğulur.
Xromoson anomaliyalar zamanı isə biz hansısa müdaxiləni edə bilmirik. 24-27 həftəlik erkən doğumlarda demək olar ki, çox az müdaxilə etmək mümkündür. Bu körpələr 500-700 qram olur və ölüm riski yüksək olur. 27-34 həfətlik doğulanlarda beyinə, bağırsaqlara qan sızma baş verə, müəyyən göz xəstəlikləri yarana bilir. Doğuma yaxın olan - 34-37 həftəlik doğulan körpələrin anomaliyaları, ölüm riski daha azdır. Erkən doğum riski varsa, bu zaman ağciyərlərin genişlənməsi üçün anaya iynə vurulur. Belə olada həyati risk daha da azalır. Qız döllərlə müqayisədə erkək döllərin vaxtından əvvəl doğum riski daha yüksəkdir.
- Gülnar həkim, diş xəstəlikləri də daha erkən doğuma səbəb olur?
-Diş və diş əti xəstəlikləri də erkən doğuma səbəb olan amillər sırasındadır. Belə ki, diş əti xəstəlikləri infeksiyalara səbəb olur. Qadınlara hər zaman israrla xəbərdarlıq edirik ki, hamiləlik boyunca heç bir problem olmazsa belə, diş əti və sidik yolu infeksiyaları bədəndə iltihablaşmanı artırır, dölyanı su artır və bu da erkən həftələrdə doğuma səbəb ola bilər. Belə ki, diş və diş əti xəstəlikləri olan qadınların erkən doğum riski artır.
- Gülnar həkim, belə halların baş verməməsi üçün nələrə diqqət etmək lazımdır?
-Ana hamilə qalmadan ümumi müayinədən keçməlidir. Planlı hamiləlik üçün normal çəki tövsiyə olunur. Nə çox az çəki, nə də artıq çəki hamiləliyi planlaşdırmaq üçün tövsiyə olunmur. Yəni, çəki faktoru da erkən doğuma səbəb ola bilər. Hamiləlikdən öncə endokrinoloji xəstəliklər, ürək, qan-damar sisteminin xəstəlikləri öyrənilməlidir, müalicə olduqdan sonra hamiləlik planlaşdırılmalıdır.
Bundan başqa, təyin olunan vatxda həkim müayinələrinə getmək tövsiyə olunur. Bu zaman yarana biləcək problemlər daha tez, vaxtında aşkarlanacaq. Yarana biləcək ən xıda problemə görə də vaxtında müdaxilə lazımdır.Hansısa risk varsa, bu zaman doğumu daha peşəkar, yüksək ixtisaslaşmş həkim qrupu həyata keçirməli və doğum yüksək ixtisaslaşmış bir xəstəxanada reallaşdırılmalıdır. Əks halda belə körpələrin həyat risklərini 50 faizədək artırmış oluruq. Əgər başqa, xəstəxanada doğum reallaşıbsa, bu zaman küveyzlə uşağı başqa xəstəxanaya aparmaq lazımdır.