Əmək pensiyalarının orta aylıq məbləği 2020-ci ildə 302 manat, 2021-ci ildə 332 manat təşkil edib, 2022-ci ildə 371 manat, 2023-cü ildə isə 423 manat təşkil edəcəyi proqnozlaşdırılır.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlament noyabrın 17-də keçirilən plenar iclasında deyib.
O qeyd edib ki, əmək pensiyasının minimum məbləği anlayışı pensiya təminatı sisteminə 2017-ci ildə daxil edilmişdir.
“2017-ci ildə əmək pensiyasının minimum məbləği 110 manat, 2018-ci ildə 116 manat, 2019-cu ildə 200 manat müəyyən edilmiş, 2022-ci ildə isə bu məbləği 240 manata çatdırılmışdır. Növbəti ildə yaşa görə pensiyanın orta aylıq məbləğinin cari ildəki 399 manatdan 56 manat artaraq - 455 manata, əlilliyə görə pensiyanın 324 manatdan 45 manat artaraq - 369 manata, ailə başçısını itirməyə görə pensiyanın 328 manatdan 46 manat artaraq - 374 manata yüksəlməsi proqnozlaşdırılır. Əvvəlki illərdə olduğu kimi cari və növbəti illərdə də əvəzetmə əmsalı, yəni orta aylıq pensiya məbləğinin orta aylıq əmək haqqı məbləğinə nisbəti müvafiq olaraq 44,2% və 45,5% olmaqla Avropa Sosial Xartiyasının tələblərinə cavab verəcəkdir. Qeyd edilən əmsal 2018-ci ildə 40,7%, 2019-cu ildə 41,5%, 2020-ci ildə 42,7% olmuşdur. Cari və növbəti il üzrə pensiyaların orta aylıq məbləğlərinin artım dinamikası müvafiq olaraq, 11,7 % və 14,1 % səviyyəsində qiymətləndirilir”, - deyə qeyd edib.