Cari il Neftçala rayonunda 8645 hektar sahədə pambıq becərilib. Pambıq sahələrinə lazımi aqrotexniki qulluq göstərilib, mineral gübrələr verilib, təbii proseslərə görə əkin sahələrinin suvarılmasında suyun şor olmasına baxmayaraq, vaxtında suvarma suyu ilə təminatı həyata keçirilib. Göstərilən aqrotexniki qulluq nəticəsində pambıq tarlalarında bol məhsul yetişdirilib.
Neftçalada tarla görüşü təşkil olunub. Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Neftçala Suvarma Sistemləri İdarəsinin, P- AQRO MMC-nin məsul şəxsləri və fermerlərin iştirakı ilə pambıq sahələrinə baxış keçirilib, yığım prosesi izlənilib. Görüş zamanı fermerləri maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verilib.
Pambıq yığımına nəzarətin gücləndirilməsi, gündəlik mövcud qrafiklərin hazırlanması, suvarma zamanı sudan səmərəli istifadə, fermerlər arasında ədalət meyarının qorunması məsələlərinə xüsusi önəm verilib. Məhsulun bu il hər hektar üçün 50 sentnerə çatdırılması fermerlərlə müzakirə olunub.
Pambığın tez və itkisiz yığımını təşkil etmək məqsədilə bütün maşın və mexanizmlərin, pambıqyığan kombaynların hazır vəziyyətə gətirilməsi tapşırılıb.
Fermerlər yaradılan şəraitə, kənd təsərrüfatı sahəsinə göstərilən diqqətə görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.
Diqqətə çatdırılıb ki, hazırda sahələrə 31 pambıqyığan kombayn, 600 nəfər işçi qüvvəsi çıxarılıb və 1804,41 ton pambıq yığılıb.