Böyük qayıdış Azərbaycan üçün iqtisadi artımın drayveri kimi qalacaq.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov AzTV-nin efirində deyib.
Onun sözlərinə görə, əsas məqsəd Böyük qayıdışın təmin olunması, onun iqtisadi bazasının yaradılmasıdır.
"Biz artıq iki məsələnin həlli barədə danışa bilərik. Birincisi, təhlükəsizlikdir. Bu gün biz şahidi oluruq ki, sahibkarlar, KİV nümayəndələri, digər vətəndaşlar maneəsiz şəkildə azad edilmiş ərazilərə müvafiq qaydada səfər edə bilirlər. İkincisi, infrastruktur təminatıdır. Bu istiqamətdə sürətli tempdə bir sıra işlər görülür - hava limanları, yollar tikilir, enerji və su təchizatı təmin olunur", - nazir deyib.
M.Cabbarov qeyd edib ki, Azərbaycan dayanıqlı iqtisadi fəaliyyəti və investisiyaları Böyük qayıdışla uyğunlaşdırır.
"İşğaldan azad edilmiş ərazilərdə iki xüsusi iqtisadi zona yaradılıb, Ağdam azad iqtisadi zonası və Cəbrayılda "Araz vadisi iqtisadi zonası". Bir çox sahibkarların müraciətlərinin baxılmasının yekun mərhələsi davam edir. Hələlik onlar azərbaycanlı sahibkar və investorlardır, amma biz artıq xarici investorlardan da maraqları barədə siqnallar alırıq", - deyə o bildirib.