Məlum olduğu kimi, Vergi Məcəlləsinin 164.1.7-ci maddəsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minən redaksiyasına əsasən siyahısı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı ƏDV-dən azaddır.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 184 nömrəli Qərarı ilə idxalı və satışı əlavə dəyər vergisindən azad edilən kütləvi informasiya vasitələri məhsullarının, kitabların, dərslik və həmin malların nəşri ilə bağlı rulon və ya vərəqə şəklində kağızın siyahısı təsdiq edilib.
Siyahıya aşağıdakı məhsullar daxildir:
- Rulonlarda və ya vərəqlər şəklində qəzet kağızı;
- Müxtəlif ölçü və qramda olan yazı, çap və ya digər qrafik məqsədləri üçün istifadə edilən təbaşirlənməmiş kağız və karton;
- Kitabların cildlənməsi üçün tikilən kağız və karton üzlük;
- Çap edilmiş kitablar, broşürlər, vərəqlər və analoji çap materialları, kitab şəklində bağlanılmış və ya ayrı-ayrı vərəqlər şəklində;
- İllüstrasiyalı və ya illüstrasiyasız, içində reklam materialı olan və ya olmayan qəzetlər, jurnallar və digər dövri nəşrlər;
- Kitab-şəkillər, rəsm üçün və ya rəngləmə üçün uşaq kitabları;
- Cildlənmiş və ya cildlənməmiş, illüstrasiyalı və ya illüstrasiyasız çap olunmuş və ya əlyazma notlar;
- Kitablar şəklində çap edilmiş atlaslar, divar xəritələri, topoqrafik planlar da daxil olmaqla, coğrafi və hidroqrafik xəritələr və ya bütün növ analoji xəritələr.
Qeyd edək ki, kağız idxalının ƏDV-dən azad edilməsi çap mediasının səmərəli fəaliyyətinə əhəmiyyətli təsir göstərən amillərdən biridir. Son vaxtlar dünyada qiymət artımının həm də kağız məmulatlarına təsir etməsi daxili bazarda da müşahidə olunurdu. Bu güzəşt daxili bazarda həmin məhsulların qiymətlərinin ucuzlaşmasını stimullaşdıracaq və çap mediası məhsullarının maya dəyərini və istehsal xərclərini əsaslı şəkildə azaltmaqla bu sahənin inkişafına təkan verəcəkdir. Eyni zamanda, çap məhsullarının ƏDV-dən azad edilməsi kitab bazarına da müsbət təsir göstərməklə kitabların ucuz başa gəlməsinə səbəb olacaqdır.
Bununla belə, azadolmanın verilməsi nəzərdə tutulan 2022-ci il yanvarın 1-i tarixindən Nazirlər Kabineti tərəfindən müvafiq siyahının təsdiq edilməsinə qədər olan dövr ərzində bir sıra vergi ödəyiciləri tərəfindən müvafiq kateqoriyalı malların satışı ƏDV tətbiq edilməklə həyata keçirilmişdir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bildirir ki, 1 yanvar 2022-ci il tarixdən etibarən sözügedən siyahı təsdiq olunan dövrə qədər vergi ödəyiciləri tərəfindən ƏDV tətbiq edilməklə satılmış həmin mallara görə hesablanmış ƏDV məbləğləri dəqiqləşdirilmiş hesabatlar təqdim edilməklə azaldılacaq. Eyni zamanda müvafiq məhsulların siyahısı təsdiq olunan tarixədək olan dövr ərzində vergi ödəyiciləri tərəfindən idxal edilmiş həmin məhsullara görə gömrük orqanlarına ödənilmiş və əvəzləşdirilmiş ƏDV məbləğləri bərpa olunmur və əvəzləşdirmələr vergi orqanları tərəfindən nəzərə alınır.