Xəbər lenti
Dəmir yumruq » Manşet » Ötən ay içməli sudan qanunsuz istifadə ilə bağlı 802 fakt aşkarlanıb
Manşet / İqtisadiyyat / 6-04-2022, 14:54

Ötən ay içməli sudan qanunsuz istifadə ilə bağlı 802 fakt aşkarlanıb

Ötən ay içməli sudan qanunsuz istifadə ilə bağlı 802 fakt aşkarlanıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq su itkilərinin və israfçılığın qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir. İçməli sudan qanunsuz istifadə hallarının aşkarlanması və aradan qaldırılması məqsədilə aparılan araşdırmalar nəticəsində Bakı şəhəri və regionlarda sudan uçotsuz və sayğacdankənar xətlərdən istifadə halları aşkarlanıb.

“Azərsu”dan verilən məlumata görə, 2022-ci ilin mart ayında içməli sudan qanunsuz istifadə ilə bağlı 802 fakt aşkarlanıb. Aşkarlanmış faktların 704-ü Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda, 98-i isə regionlarda qeydə alınıb. Həmin faktlar üzrə 223 min kubmetr həcmində sərfiyyat bərpa olunub.

Ümumilikdə cari ilin birinci rübündə içməli sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” ASC üzrə 2093 fakt aşkarlanıb. Ötən müddətdə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda 1902, regionlarda isə 191 sudan qanunsuz istifadə halı qeydə alınıb. Bununla əlaqədar 566 min kubmetr həcmində sərfiyyat bərpa olunub. Cari ilin yanvar-mart aylarında sudan qanunsuz istifadə ilə bağlı 60-dək fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.

İçməli sudan uçotsuz və sayğacdankənar istifadə halları Abşeron yarımadası üzrə ən çox Binəqədi, Sabunçu və Xəzər rayonlarında, regionlarda isə Şirvan, Tovuz və İmişli şəhərlərində qeydə alınıb.

“Azərsu” ASC vətəndaşların və abonentlərin diqqətinə çatdırır ki, qlobal iqlim dəyişikliyi ölkəmizin şirin su ehtiyatlarının azalmasına səbəb olub və belə bir şəraitdə sudan israfçılıqla istifadə edilməsi yolverilməzdir. İçməli sudan səmərəli istifadə ilə yanaşı, uçotsuz və sayğacdankənar istifadə hallarına qarşı ciddi tədbirlər görülür.
“Azərsu” ASC vətəndaşları və sahibkarları bir daha bu cür əməllərdən çəkinməyə çağırır və bildirir ki, belə qanunazidd halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş xətlər ləğv olunacaq, belə halları təkrar törədənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.