Göyçay şəhərində 50 ailənin yaşadığı beşmərtəbəli bina qəzalı vəziyyətə düşüb.
Göyçay şəhərinin mərkəzində yerləşən Mehdi Hüseynzadə küçəsindəki 33 saylı binanın divarlarında çatlar əmələ gəlib, fasadına yapışdırılan üzlük aqlay daşları qoparaq yerə tökülüb, binanın dam örtüyü köhnələrək bərbad hala düşüb.
Burada yaşayan sakinlərdən İnqilab Rəhmanov, Şakər Abdurrəhmanov, Ofeliya Süleymanova, Azad Bilalov APA-nın yerli bürosuna bildirib ki, 1988-ci ildə əhalinin istifadəsinə verilən bu binanın fasad hissəsində son vaxtlar yağan yağışdan və əsən güclü küləkdən sonra təhlükəli vəziyyət yaranıb, üzlük daşlarının tez-tez qoparaq yerə düşməsi insanların binaya rahat giriş-çıxışına mane olur. Ötən gün aqlay daşlarından bir neçəsi divardan qoparaq 10 metr hündürlükdən binanın giriş qapısının yanına düşüb. Həmin vaxt orada insanlar olmadığından faciə baş verməyib. Sakinlər təhlükəli olduğu üçün bina ətrafında rahat hərəkət etməyə qorxurlar, xüsusilə küləkli havada hər an bədbəxt hadisə baş verəcəyindən ehtiyat edirlər.
Son vaxtlar beşmərtəbəli binanın hər tərəfində aqlay daşlarının kütləvi şəkildə qopub tökülməsi prosesi davam edir, soyuq havada mənzillərin isidilməsi çətinləşir.
Binanın dam örtüyü isə 10 ildən çoxdur köhnəlib, güclü küləyin təsiri nəticəsində yararsız hala düşüb, nəticədə yağış yağan zaman beşinci mərtəbədə yaşayan sakinlərin evlərinə su tökülür.
Bina sakinləri bu problemlərin həlli üçün rayon İcra Hakimiyyətinə, mənzil istismar sahəsinə dəfələrlə yazılı müraciət etdiklərini, rəhbər şəxslərin qəbulunda olduqlarını, lakin bu günədək şikayətlərə baxılmadığını bildirirlər. Şikayətçi vətəndaşlar dövlət vəsaiti hesabına qonşu binaların dam örtüyünün, giriş hissələrinin, pilləkənlərin və fasad hissələrinin təmir edildiyini, lakin bu binanın uzun illərdir ki, baxımsız qaldığını deyirlər.
Onların sözlərinə görə, əsasən işsiz və təqaüdçü insanların yaşadığı bu binanın fasad hissəsinin və dam örtüyünün təmiri üçün küllü miqdarda vəsait lazımdır.
Məsələ ilə bağlı əraziyə gələn Göyçay rayon Mənzil İstismar Sahəsinin rəisi Ayaz Səfərəliyev sakinlərlə görüşüb, onların şikayətini dinləyib. İdarə rəisi APA-nın yerli bürosuna bildirib ki, bu bina 35 il əvvəl "Könül" tikinti kooperativi tərəfindən inşa olunaraq vətəndaşlara təhvil verilib. Bina rayon mənzil istismar sahəsinin balansında olmadığına görə buradakı problemlər uzun illər həll edilməmiş qalıb, binada təmir-bərpa işləri görülməyib. A.Səfərəliyevin sözlərinə görə binanın fasadının və dam örtüyünün təmiri üçün vətəndaşlar öz təşəbbüsü ilə pul toplayarlarsa, rayon mənzil istismar sahəsi onları usta ilə təmin edər.
O, binanın rayon mənzil istismar sahəsinin balansına keçirilməsi üçün sakinlərin İcra Hakimiyyətinə müraciət etməsini tövsiyə edib. İdarə rəisi bundan sonra bu binadakı problemlərin həllinə baxılacağını, sakinlərə köməklik olunacağını bildirib.