Vətən müharibəsi şəhidi, İsizadə Elvin Azim oğlunun xatirəsinə həsr olunmuş rayonlararası futbol turnirinin qalibi müəyyənləşib.
Turnirin finalında Ağdam rayonunun Qaradağlı kəndini və Ağcabədi rayonunun Sarıcalı kəndini təmsil edən komandalar qarşılaşıb. Yarışı Ağdam Rayon İcra Hakimiyyətinin, təhsil şöbəsinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının nümayəndələri, şəhid ailələri və qazilər, futbolsevərlər izləyiblər. Final matçından əvvəl şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Gərgin idman mübarizəsi şəraitində davam edən final oyununda Qaradağlı kənd komandası rəqibinə 2:0 hesabı ilə qalib gələrək turnirin qalibi olub. Birinci yerə çıxan Qaradağlı kənd komandasının üzvləri Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən kubok, medal və fəxri fərmanla, ikinci yeri tutan Sarıcalı kənd komandasının üzvləri isə fəxri fərmanla təltif ediliblər.