Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də
ölkəmizə rəsmi səfərə gələn Kamboca Krallığının Baş naziri Hun Manet ilə əvvəlcə məhdud, daha sonra geniş tərkibdə görüşlər keçirib. Hər iki ölkənin dövlət və hökumət rəsmilərinin iştirak etdiyi bu tarixi görüş iki ölkə arasında 30 ildən çox qurulmuş əlaqələrin yeni bir mərhələyə qədəm qoyduğunu nümayiş etdirib. Görüşlərin yekunu olaraq liderlər mətbuata birgə bəyanatlarla çıxış ediblər.
Dövlətimizin başçısı bəyanatında Azərbaycan və Kambocanın beynəlxalq arenada sıx əməkdaşlıq etdiyini xüsusi qeyd edib. Azərbaycan və Kambocanın beynəlxalq arenada bir-birinə hər zaman güclü dəstək verdiyini diqqətə çatdırıb: “Biz yaxşı dostlar və tərəfdaşlarıq. Beynəlxalq təşkilatlar çərçivəsində aktiv əməkdaşlıq edir və beynəlxalq müstəvidə həmrəylik nümayiş etdiririk”.
Prezident İlham Əliyev Kambocanın Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi dövründə sıx əməkdaşlığını yüksək qiymətləndirib. Eyni zamanda Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Zirvə Görüşündə Baş nazir Hun Manetin şəxsən iştirak etməsini Kambocanın ölkəmizə və beynəlxalq platformalara verdiyi böyük dəyərin bariz nümunəsi olduğunu vurğulayıb.
Prezident hər iki ölkənin sülh və təhlükəsizliyi inkişafın əsas şərti hesab etdiyini qeyd edib. Prezident İlham Əliyev Azərbaycan 30 il işğaldan sonra öz ərazi bütövlüyünü və suverenliyini güc yolu ilə bərpa etdiyini önə çəkərək bildirib ki, hazırda erməni işğalçı qüvvələrindən təmizlənmiş ərazilərdə genişmiqyaslı bərpa işləri aparılır və “Böyük Qayıdış” Proqramı həyata keçirilir. Artıq həmin ərazilərdə 100 minə yaxın insan yaşayır və çalışır. Bu proses davam edir. Beləliklə, biz keçmişdə də, hazırda da müəyyən mənada oxşar çağırışlarla üzləşmişik. Bununla yanaşı, beynəlxalq hüquqa və beynəlxalq təşkilatların qərarlarına qəti sadiqlik də bizi birləşdirən amillərdəndir.
Prezident çıxışında siyasi sahələrdə əlaqələrin iqtisadi müstəviyə də daşınmasının mütləq olduğunu qeyd edib. Hər iki ölkənin iqtisadi potensialının böyük olduğunu bildirən dövlət başçısı bildirib ki, əlaqələrin genişlənməsi üçün ən doğru yol başlıca olaraq özəl sektorların təmasıdır. O, real investisiya imkanlarının müəyyənləşdirilməsi məqsədilə səfər günündə Bakıda ilk Azərbaycan-Kamboca Biznes Forumunun işə başlamasını təqdirəlayiq addım kimi şərh edib.
Prezidentin çıxışında logistika və kommunikasiya məsələləri də geniş yer alıb. Dövlət başçısı hər iki ölkənin mülki aviasiya qrumlarının yaxın gələcəkdə bir araya gəlməsi barədə razılığa gəldiklərini açıqlayıb. Prezident həmçinin iki ölkə arasında birbaşa və ya genişləndirilmiş nəqliyyat əlaqəliliyi yaradacaq hava əlaqələri haqqında sazişin imzalanması imkanlarının ətraflı müzakirə olunduğunu da qeyd edib.
Dövlət başçısı mətbuata bəyanatında Sovet İttifaqı dövründə yüzlərlə kambocalı tələbənin Azərbaycanda təhsil aldığını xatırladaraq bu çağırışı edib ki, bu ənənəni bərpa etməli və hər iki ölkədə qarşılıqlı təhsil imkanları yaratmalıyıq. Prezidentin nitqində vurğulanıb ki, bu, həm də xalqlarımız arasında təmasların genişlənməsinə kömək edəcək.
Prezident İlham Əliyevin rəsmi bəyanatı sübut edir ki, Azərbaycan öz xarici siyasətində Cənub-Şərqi-Asiya regionunun mühüm aktoru olan Kamboca ilə münasibətlərə böyük önəm verir. Səfər çərçivəsində qəbul olunan və imzalanan sazişlər yaxın illərdə Bakı ilə Pnompen arasında ticarət, investisiya və humanitar sahələrdə inkişafa töhfə verəcəkdir.