Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin fəaliyyəti və qarşıda duran vəzifələrlə bağlı ötən il sentyabrın 21-də keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvanın hərtərəfli tədqiqi və aparılan araşdırmaların səmərəliliyinin artırılması məqsədilə bir sıra mühüm tapşırıqlar verib.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən bildirilib ki, həmin tapşırıqların icrası məqsədilə Naxçıvan Bölməsinin elmi tədqiqat müəssisələrində əsaslı araşdırmaların aparılması üçün tədqiqat qrupları yaradılıb. Nəzərdə tutulan işlərin vaxtında yerinə yetirilməsi və səmərəli icrası məqsədilə işçi qruplarının növbəti iclası keçirilib.
İclasda çıxış edən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, 2022-ci il üçün İş Planından əlavə olaraq “Naxçıvanın dövlətçilik tarixi”, “Naxçıvan tarixinin səhifələrindən”, “Naxçıvan arxeologiyası”, “Naxçıvan etnoqrafiyası” (iki cilddə), “Naxçıvan Muxtar Respublikasının xalq deyimləri”, “Şərur rayonunun tarixi”, “Babək rayonunun tarixi”, “Ordubad rayonunun tarixi”, “Culfa rayonunun tarixi”, “Şahbuz rayonunun tarixi”, “Kəngərli rayonunun tarixi”, “Sədərək rayonunun tarixi”, “Naxçıvan folkloru” (Uşaq folkloru, IV cild) adlı 13 kitabın nəşri nəzərdə tutulub. Rayonların tarixinin və “Naxçıvan etnoqrafiyası” ikicildliyinin hazırlanması məqsədilə işçi qrupları yaradılıb. Hər bir əsərin nəşri ilə bağlı müvafiq plan tərtib olunub, hazırda icra mərhələsindədir.
Tədqiqat qruplarının üzvləri aparılan axtarışların nəticələri, kitabların nəşri məqsədilə görülən işlərin icra vəziyyəti haqqında məlumat veriblər. Toplanan yeni materiallar təhlil olunaraq qruplaşdırılıb, kitabların redaktəsi və nəşri üçün son tarixlər müəyyənləşdirilib.
Rayonların tarixinin öyrənilməsi ilə bağlı aparılan axtarışlar, işçi qrupların gördüyü işlər təhlil edilib. Vurğulanıb ki, hər bir kitab əhatə etdiyi rayonun adının etimologiyası, tarixi, təbii-coğrafi şəraiti, sosial-iqtisadi inkişafı, kənd təsərrüfatı, sənaye, mədəniyyət, ədəbi mühit, təhsil, səhiyyə və başqa mühüm sahələri tam əhatə etməli, dəyərli məlumat bazası rolu oynamalıdır.
Məlumatların dolğunluğunu, əhatəliliyini təmin etmək və yeni materialların kitablara əlavə olunması məqsədilə rayon və kəndlərə təşkil olunan ekspedisiyaların nəticələri ilə maraqlanan bölmə rəhbəri nəzərə çatdırıb ki, davam edən araşdırmaların vəziyyəti yeni materialların aşkar olunacağına dəlalət edir.
İclasda “Naxçıvan etnoqrafiyası” (iki cilddə) və “Naxçıvan Muxtar Respublikasının xalq deyimləri” kitablarının hazırlanması, tərtibi və strukturu ilə bağlı müvafiq tövsiyələr verilib. “Elm Festivalı”nın keçirilməsi ilə bağlı qarşıya qoyulan məsələlərin həlli istiqamətində görülən işlər müzakirə olunub.
Qeyd edək ki, muxtar respublikanın hər bir rayonunun tarixinin yazılması, Naxçıvanın qədim və müasir dövlətçilik tarixinin əsas tədqiqat predmeti olması, bölgənin ən qədim dövrlərdən Azərbaycan türklərinə məxsusluğu ilə bağlı elmi materialların sayının artırılması, arxeoloji ekspedisiyaların davam etdirilməsi, hər bir yaşayış məntəqəsinin etnoqrafik xüsusiyyətlərinin araşdırılması tədqiqatların istiqamətlərinin müəyyənləşdirilməsində böyük önəmə sahibdir. Bu baxımdan Naxçıvan ədəbi mühitinin obyektiv təhlil olunması, min illər ərzində formalaşmış xalq deyimlərinin, folklor nümunələrinin toplanaraq sistemləşdirilməsi, muxtar respublikanın təbii sərvətləri və bioresursları öyrənilməklə tətbiqyönümlü araşdırmaların aparılması da böyük önəm kəsb edir.