Dəmir yumruq » Cəmiyyət » Süni intellektin təhlükələrindən yazan müəllifin kitabında saxta sitatlar aşkarlandı
Cəmiyyət / Dün, 08:54

Süni intellektin təhlükələrindən yazan müəllifin kitabında saxta sitatlar aşkarlandı

 

Həqiqətin Gələcəyi" ("The Future of Truth") adlı kitabında neyroşəbəkələrin yaratdığı təhlükələrdən bəhs edən amerikalı yazıçı Stiven Rozenbaum ciddi qalmaqalla üzləşib. O, öz əsərində süni intellekt tərəfindən uydurulmuş yalançı faktlara və səhv istinad olunmuş sitatlara yer verdiyini etiraf edib.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə ABŞ-nin nüfuzlu "The New York Times" (NYT) nəşri məlumat yayıb.
 
Qəzetin redaktorları sözügedən kitabda süni intellektin uydurduğu altıya yaxın saxta fakta rast gəliblər.
 
Yazıçı buraxılmış ciddi xətaların bilərəkdən edilmədiyini vurğulayıb. O, əsər üzərində işləyərkən materialların toplanması, yazılması və redaktəsi mərhələlərində "ChatGPT" və "Claude" kimi süni intellekt çatbotlarına müraciət etdiyini qeyd edib. S.Rozenbaum hazırda mətni yenidən yoxladığını və növbəti çaplarda bütün yanlışlıqların aradan qaldırılması üçün redaktor komandası ilə birlikdə çalışdığını açıqlayıb.
 
Kitabdakı şübhəli və uydurma hissələr arasında tanınmış jurnalist Kara Svişerə və psixologiya üzrə professor Liza Feldman Barrettə aid edilən ifadələr də yer alıb. Hər iki şəxs mətbuatda çıxış edərək kitabda yazılan bu cür fikirləri heç vaxt səsləndirmədiklərini bildiriblər.
 
Bundan əlavə, aparılan araşdırmalar nəticəsində bəzi sitatların gerçək və uydurma sözlərin qarışığından ibarət olduğu, eləcə də tamamilə yanlış müəlliflərə aid edildiyi üzə çıxıb. Ekspertlər bu hadisəni süni intellektin "hallüsinasiyası" (faktları uydurması) nəticəsində yazıçının aldadılması kimi qiymətləndirirlər.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.