Azərbaycan Respublikasının müasir tarixində 20 oktyabr tarixi xüsusi əhəmiyyət daşıyır. Vətən müharibəsinin 24-cü günü – 2020-ci il oktyabrın 20-si hərb tariximizə Zəngilan şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi həkk olub. Bu hadisə təkcə hərbi-siyasi Zəfər deyil, həm də tarixi ədalətin bərpası, xalqımızın milli iradəsinin, birliyinin və əzminin parlaq təcəssümü kimi Azərbaycan dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmışıdr.
Dövlətimizin başçısı 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən şəhərin işğaldan azad edildiyi 20 oktyabr tarixi Zəngilan Şəhəri Günü kimi qeyd olunur. Həmin Sərəncam işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsilə Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əbədiləşdirilməsi və bu möhtəşəm Zəfərin gələcək nəsillərə ötürülməsi məqsədini daşıyır. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu tarixi günlərin qeyd olunması eyni zamanda ideoloji, siyasi və strateji əhəmiyyət kəsb edən, gələcəyə yönəlmiş mühüm bir çağırış kimi dəyərləndirilir. Hər bir şəhərin azad olunduğu tarixin şəhər günü kimi qeyd edilməsi bu ərazilərin əbədi və əzəli sahibinə qovuşduğunu beynəlxalq aləmə bir daha bəyan edir.
Zəngilan zəngin tarixi, əlverişli coğrafi mövqeyi və təbii sərvətləri ilə seçilən qədim yaşayış məskənlərindən biridir. Zəngilan tarixən Azərbaycanın iqtisadi, mədəni və ictimai həyatında özünəməxsus yer tutmuşdur. Bu torpaqlarda formalaşan yaşayış məntəqələri, xalqımızın adət-ənənələri, sənətkarlıq və təsərrüfat ənənələri bölgənin zəngin mədəni irsini təşkil edir. Zəngilanın strateji mövqeyi onun tarix boyu xüsusi əhəmiyyət daşımasına səbəb olmuşdur. Rayonun nəqliyyat-kommunikasiya imkanları, sərhədyanı yerləşməsi və təbii ehtiyatları bu ərazini Azərbaycanın regional inkişafı baxımındanda mühüm məkana çevirir.
1990-cı illərin əvvəllərində Ermənistan Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ölkəmizin bir sıra əraziləri işğala məruz qaldı. Zəngilan rayonu da bu təcavüzün ağır nəticələrini yaşayan bölgələrdən biri oldu. 1993-cü il oktyabrın 29-da Zəngilan rayonu Ermənistan silahlə qüvvələri tərəfindən işğal edildi. Bununla da rayonun dinc əhalisi doğma yurdlarından didərgin düşmək məcburiyyətində qaldı. Şəhidlərin və itgin düşən soydaşların xatirəsi bu torpağın azadlığı uğrunda mübarizənin ağrılı səhifələridir. İşğal dövründə Azərbaycanın digər işğal altındakı ərazilərində olduğu kimi, Zəngilanın da yaşayış məntəqələri, infrastruktur obyektləri və mədəni irsi ciddi dağıntılara məruz qalmışdır.
2020-ci ildə Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun qazandığı qələbələr tarixi ədalətin bərpasını təmin etdi. Oktyabrın 20-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəngilan şəhərinin və bir sıra kəndlərin azad edildiyini elan etməsi xalqımızda böyük qürur hissi yaratdı. Döyüş əməliyyatları nəticəsində şəhər, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Bununla yanaşı, Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinin bərpası dövlət suverenliyinin möhkəmləndirilməsi baxımından mühüm nəticə oldu. 2020-ci ilin noyabrın 26-da təsis edilmiş “Zəngilanın azad olunmasına görə” medalı ilə döyüşlərdə şəxsi igidlik və şücaət göstərmiş 6974 hərbi qulluqçunun təltif olunması qəhrəman hərbçilərimizin xidmətlərinə verilən ən yüksək qiymətdir.
Bu gün Zəngilanın qarşısında duran əsas vəzifə qələbənin nəticələrini davamlı inkişafa çevirməkdir. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində Zəngilanın da yaşayış məntəqələri yenidən qurulur, sosial infrastruktur yaradılır, sakinlərin doğma torpaqlarında məskunlaşması təmin edilir. Zəngilanın yenidən qurulması milli-mənəvi irsin qorunması ilə də müşahidə olunur. Tarixi şəhər məscidinin bərpası, yeni ibadəd məkanının inşası və şəhərin Baş Planına uyğun inkişafı keçmişlə gələcək arasında əlaqənin qorunmasına xidmət edir. İşğal dövründə zərər görmüş tarixi abidələrin bərpası xalqımızın mədəni irsinə ehtiramın ifadəsidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bərpa və quruculuq işləri Zəngilanın gələcək inkişafına möhkəm zəmin yaradır. Şəhərin və kəndlərin yenidən canlanması, iqtisadi layihələrin genişlənməsi, insanların öz torpaqlarında məskunlaşması Zəfərin gündəlik həyatımızda davam edən nəticələridir. Dövlətin diqqət mərkəzində olan əsas məsələlərdən biri də yaradılan infrastrukturun uzunmüddətli inkişafı təmin etməsi, sakinlərin iqtisadi və sosial həyata fəal şəkildə qoşulmasıdır.
20 Oktyabr – Zəngilan şəhəri günü bu tarixi yolun önəmini bir daha xatırladır. Zəngilanın keçdiyi yol göstərir ki, milli iradə ilə qazanılan qələbə quruculuq əzmi ilə möhkəmlənir. Zəngilan artıq keçmişin ağrılı xatirələri ilə deyil, inkişafı, müasirliyi və yüksəliş ümidləri ilə tanınır. Onun dirçəlişi Azərbaycanın azad edilmiş ərazilərdə davamlı inkişaf, sosial rifah və firavan gələcək qurmaq əzminin parlaq ifadəsidir.