Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür. “Əkinçi” qəzetinin çap olunduğu gün - iyulun 22-si ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd edilir. XIX əsrin sonlarında yalnız Azərbaycanda deyil, bütün Qafqazda böyük əks-səda doğuran “Əkinçi” qəzetinin nəşri milli maarifçilik hərəkatının təməl daşlarından biri oldu. Qəzetin həm naşiri, həm redaktoru, həm də korrektoru Azərbaycan tarixində silinməz iz qoymuş təbiətşünas-alim Həsən bəy Zərdabi idi. Onun başlatdığı bu maarfiçilik hərəkatına Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Mirzə Ələkbər Sabir, Əsgər ağa Gorani və digər mütəfəkkir ziyalılar da öz dəyərli töhfələrini verdilər. Onların ortaq səyi ilə “Əkinçi” yalnız bir qəzet deyil, həm də milli oyanışın, xalqı maarifə səsləyən ilk tribunalardan biri oldu. Lakin onun fəaliyyəti Çar Rusiyası tərəfindən 1877-ci ilin sentyabrında dayandırıldı, buna baxmayaraq qəzet Azərbaycan mətbuatı tarixində silinməz iz qoyaraq milli jurnalistika ənənələrinin təməlini formalaşdırdı və sonraki qəzet və jurnallar üçün örnəyə çevrildi. Əkinçidən sonra “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Fiyuzat”, “Molla Nəsrəddin”, “Açıq söz” və digər nəşrlər milli mətbuatımızın inkişafında yeni mərhələnin əsasını qoydu. Bu nəşrlər dövrün ictimai-siyasi, sosial və mədəni hadisələrini əks etdirərək maarifçilik hərəkatının inkişafına mühim töhfələr verdi.
Azərbaycan Xaq Cumhuriyyəti dövründə qızıl dövrünü yaşayan, sovet dönəmində idealoji çərçivələrə baxmayaraq milli ruhunu qoruyan mətbuatımız müstəqilliyimizin bərpasından sonra tamamilə yeni inkişaf mərhələsinə qədəm qoydu. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində yeni mərhələ açdı. Bu sahənin maddi texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin hüquqlarının qorunması, peşəkar medianın formalaşması istiqamətində sistemli tədbirlər görüldü. Söz və mətbuat azadlığını məhdudlaşdıran maneələr aradan qaldırıldı, senzura ləğv edildi, medianın hüquqi və iqtisadi bazası möhkəmləndirildi, eyni zamanda mətbuatın müstəqil fəaliyyətini təmin edən qanunvericilik bazası yaradıldı, vətəndaş cəmiyyətinin inkişafında medianın rolunun artırılması istiqamətində ardıcıl addımlar atıldı. Ulu Öndər hər zaman deyirdi: Jurnalist əməyi qeyri adi əməkdir. Böyük səy, zəhmət, cəsurluq, hünər, fədəkarlıq, öz peşəsinə vurğunluq tələb edən əməkdir. Ümummilli lider xarici səfərləri, eləcə də ölkəmizdə keçirilən mötəbər tədbirlər zamanı media nümayəndələri ilə söhbət edir, onlara müsahibələr verir, öz fikirlərini bölüşürdü. Heydər Əliyevin mətbuat nümayəndələrinə səmimi münasibəti onları daha həvəsli işləməyə, peşələrinin sirlərinə dərindən yiyələnməyə, eyni zamanda cəsarətli olmağa sövq edirdi. Ulu Öndərin mətbuatın inkişafına göstərdiyi diqqət və qayğı Azərbaycanda demokratik media mühitinin formalaşmasına mühüm töhfə verdi. “Jurnalistlərin dostu” kimi tanınan Ümummilli lider ölkənin mürəkkəb dövründə belə mətbuat azadlığının qorunmasını prioritet hesab etmiş və 1998-ci ildə dövlət senzurasını ləğv etməklə milli medianın inkişafında yeni mərhələnin əsasını qoymuşdur.
2003-cü ildə Heydər Əliyev siyasətinin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi mətbuata diqqət və qayğıda da özünün aydın ifadəsini tapıb. 2008-ci ildə “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası” nın qəbul edilməsi mətbuatın inkişafına göstərilən diqqət və qayğının ən bariz nümunələrindəndir. Konsepsiyaya uyğun olaraq 22 may 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən bu kimi tədbirlərə xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyi idi. Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması hər zaman dövlət başçısının diqqət mərkəzində olduğuna görə kütləvi informasiya vasitələrinə birdəfəlik yardımlar göstərilmiş, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri həyata keçirilmişdir. Həmçinin bu istiqamətdə həyata keçirilən bir çox mütərəqqi addımlar, fərman və sərəncamlar milli mətbuatımızın inkişafına xidmət edən reallıqlardır. Atılan hər bir addım qalib, bütövləşən Azərbaycanın mətbuatının inkişafına, fəaliyyət istiqamətinin genişləndirilməsinə xidmət edir.
Azərbaycan milli mətbuatın inkişafı və zəngin irsinin qorunması istiqamətində həyata keçirilən dövlət siyasəti ardıcıl xarakter daşıyır. Dövlətimizin media sahəsində həyata keçirdiyi məqsədyönlü islahatlar, rəqəmsallaşma və hüquqi mühitin təkmilləşdirilməsi medianın müasir çağırışlara uyğun inkişafına şərait yaradır. Hazırda media sahəsində surətli qloballaşma prosesi gedir ki, bu da öz növbəsində mətbutla bağlı qanunvericiliyin təkmilləşdirilməsi zəruri edir. 2021-ci ldə qəbul olunmuş “Media haqqında” Qanun bu sahədə fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyənləşdirilməklə yanaşı informasiyanın əldə olunması, hazırlanması, ötürülməsi və yayımı üzrə ümumi qaydaları da dəqiqləşdirib. Bütün bu istiqamətdə qəbul olunan qanunlar mediamızın inkişafına xidmət edən yeni töhfələrdir. Azərbaycan mediası yalnız informasya yayan institut deyil, həm də milli maraqların qorunmasına, ictimai həmrəyliyin möhkəmləndirilməsinə və dövlətin kommunikasiya siyasətinin həyata keçirilməsinə xidmət edən mühüm strateji resusdur. Əminik ki, Azərbaycan mətbuatı bundan sonra da milli maraqların keşiyində dayanaraq həqiqətin carçısı olacaq və ölkəmizin beynəlxalq aləmində nifuzun artmasına, mədəni zənginliyimizin tanıdılması, təbliğ edilməsinə, Azərbaycan reallıqlarının, milli mənəvi dəyərlərimizin, respublikamızın həyatında baş verən yeniliklərin operativ, obyektiv və peşəkar şəkildə yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasına layiqli töhfələr verməyə davam edəcəkdir.