Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 108 il ötür.
1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə - Əlahiddə Azərbaycan Korpusu yaradıldı və həmin il avqustun 1-də Azərbaycanın Hərbi Nazirliyi təsis olundu.
Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Çar Rusiyası dövründə azərbaycanlılar hərbi xidmətə çağrılmırdılar, çünki azərbaycanlıların hərb sənətinin sirlərinə yiyələnməsini istəmirdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə qeyd etdiyimiz kimi Əlahiddə Azərbaycan Korpusunun, həmçinin Hərbi Nazirliyin yaradılması, ilk dəfə səfərbərliyin elan edilməsi Azərbaycan Ordusunun yaradılması istiqamətində atılmış addımlar olsa da, Cümhuriyyətin süqutu ilə bu işlər yarımçıq qaldı. Sovet dövründə azərbaycanlı gənclər hərbi xidmətə çağrılsalar da, onlar əsasən döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, köməkçi batalyonlarda xidmət edirdilər. Məqsəd yenə aydın idi. Yalnız Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə rəhbərliyə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə ordu quruculuğu prosesinə başlanıldı. Ümummilli Lider sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə ölkəmizdə milli hərbi kadr hazırlığı, hərb sənətinin güclənməsi, hərbi kadrların hazırlanması, zəngin hərb tarixinin öyrənilməsi, gənclərin qəhrəmanlıq ənənələri əsasında tərbiyə edilməsi məsələlərini daim diqqət mərkəzində saxladı. Onun rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan hərbi işlər respublikamızda mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi və onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı. 1971-ci ildə Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail olundu. Bu mühüm addım Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxardı. Ulu Öndər Heydər Əliyevin sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün oldu.
Müstəqillik dönəmində bu proses – Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə yenidən qayıdışından sonra da əsas prioritet məsələlərdən oldu. 1994-cü ildə əldə olunan atəşkəsdən sonra ordu quruculuğu prosesi yeni mərhələyə qədəm qoydu. Silahlı Qüvvələrin maddi-texniki bazası möhkəmləndirildi, döyüş hazırlığı artırıldı, peşəkar zabit heyətinin yetişdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Bu sahədə əsaslı dönüş nöqtəsi isə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması oldu. Akademiyanın təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsi idi. 2001-ci ildə imzalanmış digər mühüm Fərman ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər müvafiq olaraq Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi kimi yenidən təşkil olundu və daha peşəkar tədris strukturuna çevrildi. Azərbaycanın NATO ilə əməkdaşlığının genişləndirilməsi, “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulması və beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakı Silahlı Qüvvələrimizin müasir standartlara uyğunlaşdırılmasında mühüm rol oynadı.
Ulu Öndərin əsasını qoyduğu ordu quruculuğu siyasəti Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən davam etdirilərək Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü və peşəkar ordularından birinə çevirdi. Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, ən müasir silah və texnikaların alınması, hərbi hissələrin yenidən qurulması, hərbi infrastrukturun müasirləşdirilməsi istiqamətində ardıcıl olaraq mühüm tədbirlər həyata keçirildi. Ordu quruculuğu prosesi beynəlxalq standartlara uyğunlaşdırılmış, müasir idarəetmə mexanizmləri tətbiq edilmiş, silahlı qüvvələrin döyüş hazırlığı keyfiyyətcə yeni mərhələyə yüksəlmişdir. Hərbi büdcənin davamlı şəkildə artırılması, hərbi sənaye komplekslərinin yaradılması, peşəkar hazırlığın yüksəldilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər qısa bir müddətdə öz nəticələrini verdi. Tarixi Zəfərlərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası bütün bu məqamları özündə ehtiva edir. 2016-cı ilin Aprel döyüşləri, 2018-ci il Günnüt zəfəri, həmin nailiyyətlərin davamı olaraq 2020-ci ildə Vətən müharibəsindəki tarixi Qələbə, 2023-cü il antiterror tədbirləri Azərbaycan Ordusunun dünyaya səs salan gücünün, qüdrətinin nümayişi oldu. Bu əməliyyatlar bir daha göstərdi ki, Azərbaycan Ordusu ən müasir döyüş təcrübəsinə malik, yüksək hazırlıqlı və çevik hərbi gücdür. İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun nümayiş etdirdiyi yüksək vətənpərvərlik ruhu təkcə hərbi uğurun deyil, eyni zamanda milli birliyin və dövlətçilik prinsiplərinə bağlılığın təcəssümü idi.
Bu gün Azərbaycan Ordusu xalqımızın qürur mənbəyi, dövlətimizin, müstəqilliyinin, ərazi bütövlüyünün, suverenliyinin etibarlı təminatçısıdır. 108 ildə qazanılan təcrübə, zəfərlər gələcəyə daha inamla addımlamağa stimul verir. Azərbaycanın keçdiyi inkişaf yolu təsdiqləyir ki, milli maraqların qorunması, təhlükəsizliyin təmin olunması və əldə edilmiş tarixi nailiyyətlərin qorunub saxlanması qüdrətli silahlı qüvvələrə əsaslanır.
Xalqımız artıq bir neçə ildir ki, tarixi Zəfərlərimizin fonunda 26 iyun Silahlı Qüvvələr Gününü böyük qürur və minnətdarlıq hissi ilə qeyd edir. Bu əlamətdar gündə Vətənimizin keşiyində ayıq-sayıq dayanan hərbi qulluqçularımıza dərin ehtiramımızı ifadə edir, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini sonsuz hörmət və rəhmətlə anırıq.